"Müəllimləri belə ucuz söz-söhbətə alət etmək düzgün deyil" — Sosioloq
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müəllimlər günü ilə əlaqədar pul yığılması, hədiyyələr edilməsi ilə bağlı xəbərdarlıq edib. Qeyd olunub ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.
Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirərkən deyib ki, mövzunu bu qədər şişirtməyin mənası yoxdur:
“Kimin könlündən keçirsə, müəllimi təbrik eləsin. Müəllimin əziyyətinin qarşılığında ona dünyanı belə versək, azdır. Biz hamımız müəllimlərimizin əsəriyik. Cəmiyyəti müəllimlər yaradır, bünövrəsini onlar qoyur. Hər şeyin təməlində müəllimlərin əməyi var. Hər il müəllimlər günü, qadınlar günü ərəfəsində müəllimləri bu qədər müzakirəyə çıxarmaq məncə, etik deyil. Razıyam, bəzən məktəblərdə valideynləri məcbur edirlər, müəllim adına yaraşmayan davranışlar göstərən müəllimlər olur, valideyn komitələri məcburi şəkildə pul yığır. Amma müəllimi könüllü şəkildə təbrik etmək istəyən insana demək olmaz ki, etmə bunu. Burada qəbahət yoxdur və kimlərisə narahat etməməlidir. Hansı valideynlər ki bu məsələni şişirdir, sosial şəbəkələrdə hay-haray salır, onlar özləri 8 martda, digər bayramlarda atalarından, həyat yoldaşlarından diqqət gözləyirlər. Hədiyyə almaq, vermək pisdirsə, niyə özləri də umur?!
Müəllimləri belə ucuz söz-söhbətə alət etmək düzgün deyil. 5 oktyabr müəllimlərin peşə bayramı günüdür, onlar bu günü ürəklə qeyd etməlidirlər. Övladımın müəllimini bir buket gül və ya bir qutu şokoladla bayram günündə gedib təbrik etmək istəyirəmsə, kim buna qadağa qoya bilər?! Bu, tamamilə valideynin şəxsi istəyidir”.
Törə Zeynallı
Demokrat.az