Eldar İsmayılov: “Şəhid olduğu gün səhər saat 7-də mənimlə danışıb, saat 9-da şəhid olub”
İki balasını gözü yolda qoyub Vətənin müdafiəsinə getdi. Vətən torpaqlarının yağı düşmənin tapdağında olması Vüqarı çox narahat edirdi. İllər boyu gözlədiyi gün gəlib yetişdi. Vətən müharibəsinin ilk günlərindən döyüşə yollandı, torpalarımızın azad edilməsi uğrunda qəhrəmanlıqla vuruşdu. Nəsibi şəhidlik oldu Vüqarın. Mingəçevir şəhidi İsmayılov Vüqar Eldar oğlundan danışırıq.
Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının “44 gün – Tarixi zəfər” adlı kitabının I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış “Şəhid dağı”, Musa və Tural Həsənov qardaşları haqqında yazılmış “Gəl, birlikdə köçək dünyadan...” adlı kitabların təqdimat mərasimini işıqlandırmaq üçün Mingəçevir şəhərində ezamiyyətdə olarkən bir neçə şəhid ailəsi ilə təmasda olduq. Şəhid İsmayılov Vüqarın atası, Birinci Qarabağ müharibəsi veteranı İsmayılov Eldardan müsahibə götürdük.
“Oğullarımız geri qayıtmadı, amma torpaqlarımız qayıtdı, bu bizim üçün böyük təsəllidir”
Eldar dayı deyir ki, oğlunun qəhrəmanlığı ilə fəxr edir. “Mən özüm Birici Qarabağ müharibəsi veteranıyam. İkinci qrup əliləm. Oğlum çox vətənpərvər idi və canını da vətən yolunda fəda etdi. Ailəli idi, iki övladı yadigar qalıb. Səfərbərliklə getmişdi müharibəyə. Könüllü şəkildə gedib adını yazdırmışdı və müharibəyə apardılar. Mənim oğlum da, onun kimi başqa oğullar da torpaqlarımızın düşmən tapdağından azad olunması üçün canlarından keçdilər. Vüqar canını Vətən yolunda fəda etdi, özü getsə də, torpaqlarımız işğaldan azad edildi. Onun da ən böyük arzularından biri o idi.
Şəhidlərlə bağlı tədbirlər keçirən, kitablar yazan, nəşrlər hazırlayan hər bir kəsə təşəkkür edirik. Respublika Xatirə Kitabı redaksiyasına xüsusi minnətdarlığımı bildirirəm ki, belə möhtəşəm işlər görürlər. Bizim oğullarımızı yada salan, unudulmağa qoymayan hər kəs sağ olsun”.
E.İsmayılov bildirdi ki, Vüqar sentyabrın 21-də orduya çağırılıb, senytabrın 27-də isə müharibə başlayıb. Ata oğlu ilə son görüşünü də xatırlayır: “Mən onu Ağdərə ilə Suqovuşan arasında gördüm. Gedib tapmışdım. Vüqarla sonuncu dəfə oktyabrın 2-də görüşmüşəm, oktyabrın 6-da səhər saatlarında şəhid olub. Elə bil şəhid olacağını əvvəlcədən hiss etmişdi, şəhid olduğu gün səhər saat 7-də mənimlə danışıb, saat 9-da şəhid olub. Şəhid olacağı ürəyimə dammışdı. Ondan əvvəl Suqovuşanda çox oğullar şəhid olmuşdu. Dedi ki, ata, özünə fikir ver, özünə bax, fikir eləmə, hər şey yaxşı olacaq. Oğlum sonuncu dəfə zəng edəndə mənə övladlarını əmanət etdi, dedi ki, uşaqlarımdan muğayat ol. Bir qızı, bir oğlu qalıb. Vüqar qoçaq, cəsur bir oğlan idi, dağda, daşda, qayada gəzməyi çox sevirdi. Bizim əslimiz Gədəbəy rayonundandır, burada yaşayırıq”.
Eldar dayı deyir ki, oğlunun şəhid olması faktını qəbul edib və bu səbəbdən də onun yolunu gözləmir. Ata bildirir ki, ağır da olsa, oğlunun yoxluğu ilə barışıb, öz dərdini içində çəkir. “Şəhid dərdi çox ağır dərddi. Bunu yaşamayan bilməz. Elə ailələr var ki, oğlu şəhid olmaqla evinin çırağı söndü, nəsil kəsildi.
Mən oğlum haqda niyə dedim ki, şəhid olması ilə barışmışam? Mən Birinci Qarabağ müharibəsində iştirak etmişəm, beş il müharibədə olmuşam, gözüm nələr görüb, şəhidin, yaralının nə olduğunu çox yaxşı bilirəm. Bu baxımdan bilirdim ki, müharibədirsə orada şəhid olmaq da var. Odur ki, özümü Vüqarın şəhidliyinə hazırlamışdım.
Biz o vaxt döyüşdük, amma bir yerdə müharibəni dayandırdılar, onda çox pisikmişdim ki, niyə o rayonları almadıq. Sağ olsun, Ali Baş Komandanı bizim arzumuzu gözümzdə qoymadı, torpaqlarımız azad olundu. Oğullarımız geri qayıtmadı, amma torpaqlarımız qayıtdı, bu bizim üçün böyük təsəllidir”-deyə E.İsmayılov bildirdi.
Oğlunun mülki həyatda tikinti ustası olduğunu deyən Eldar dayı bildirdi ki, əlinin gözəl işi olub və onun tikdiyi evlər yadigar qalıb.
Şəhid atası onu narahat edən bir məsələyə də toxundu. O, bildirdi ki, bir sıra hallarda orta məktəb müəllimləri şagirdləri Şəhidlər Xiyabanına ziyarətə aparkən Birinci Qarabağ Müharibəsi şəhidləri ilə Vətən müharibəsi şəhdiləri arasında ayrı-seçkilik salırlar. “Mən bunu təəssüf və ürək ağrısı ilə müşahidə etmişəm, bu barədə narazılığını yerli qurumlara da bildirmişəm. Hər məktəbdə ən azı 30-40 sinif var, müəllimələr şagirdləri Şəhdilər Xiyabına aparır və xiyabanın girişindəki beş-on şəhidin üstünə qalaqla gül qoyub çıxıb gedirlər. Təəssüflər olsun ki, o biri şəhidlərin məzarı üsütünə bir dənə də olsa gül qoymurlar. Şəhidlər Xiyabanında Birinci Qarabağ Müharibəsi şəhduilərinin məzarları var və o şəkillərdən mənim üzümə baxırlar. Ən çox ona yanıram ki, onlar yada salınmır. Elə şəhidlər var, üsündə qalaqla gül var, amma elə şəhidlər də var ki, məzarının üstündə bir dənə də olsun gül yoxdur. Şəhidlər Xiyabanına gedin hər şeyi gözlərinizlə görərsiniz. Amma bu üzdəki şəhidlərin, itkinlərin, nəşi tapılmayanların, adsız məzarların üsünə bir dənə də olsun təəz gül qoymayıblar. Utanbcverici budur. Birinci Qarabağ Müharibəsi şəhidlərinin ailələri, veteranlar çox doğru irad tuturlar ki, ayrı-seçkilik var. Orada elə oğlanlar yatır ki, qəhrəmanlıqda bizim oğullarla bərabərdir. Ayrı-seçkilik doğru deyil. Çox xahiş edirəm ki, bunu yazıda qeyd edin. 107 nəfər itkin və şəhidin orda şəkilləri var. O vaxt da oğullar şəhid olmaqla evlərin işığı söndü, nə qədər evin qapısı bağlandı. Necə ki, indi də biz sönürük. Elə şəhidimiz var ki, ailəsindən heç kəs qalmayıb. Amma gənc müəllimələr onları yada salmır. Uşaqların əlinə gül verib Şəhidlər Xiyabanına aparırlar və o gülləri irəlidəki məzarların üstünə qoyub qayıdırlar. Niyə? Bunu elə etmək lazımdır ki, bütün şəhidlərin məzarlarının üstünə gül qoysunlar. İcra Hakimiyyəti başda olmaqla bütün təşkilatlar Şəhdilər Xiyabanında şəhidlərin məzarlarını düzgün ziyarət etsinlər. Bütün şəhid ailələrinə səbr diləyirəm. Ayrı-seçkilik mənim ürəyimi dağlayır. Hər dəfə döyüş yoldaşlarımın da məzarını ziyarət edirəm. Onları unutmaq olmaz...”
Şəhid atası bildirdi ki, bütün şəhidlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda ediblər və onların hamısına bir gözlə baxılmalıdır. Şəhid atasının iradı əsasən ictimaiyyətə və məktəb müəllimlərinədir. Deyir ki, onlar şəhdilərimizə eyni cür yanaşmalıdır.
Eldar İsmayılovun söz-söhbəti çoxdur. Qürurlu, mərd bir insandır, Vətən sevgisini hər şeydən uca tutur. Deyir ki, qızım, oğlum şəhid olana qədər aşıqlıq və tamadalıq edib, öz ifası ilə toyları bəzəyib, Vüqardan sonra sazını da əlinə almır. Sazı Vüqara yas tutur...
İradə SARIYEVA
Mingəçevir-Bakı