Bakı, 1 oktyabr, AZƏRTAC
YARAT Müasir İncəsənət Məkanı oktyabrın 12-də baş tutacaq Muzey Gecəsi ilə iştirakçıları özümüz və başqaları ilə necə ünsiyyət qurduğumuzu daha dərindən araşdırmağa dəvət edir.
Bu barədə YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib.
Əvvəlki buraxılışlarda daxili dünyamızı anlamaq və ətrafımızı qəbul etmək mövzularından ilham alan builki tədbir də fikirlərimizi, hisslərimizi və çətinliklərimizi müxtəlif ünsiyyət formaları vasitəsilə necə ifadə etdiyimizə vurğu edəcək.
İlhamə Babayeva ilə səs terapiyası, “Saint Twins Detective” İntellektual oyun, “Döngədəki yaradıcı”, “TeatrO2”nin beş hissədən ibarət olan tamaşası, Leyla Qabulova ilə “Danışılmamış hekayətlər” ustad dərsi, DEWAR, Şəhriyar İmanov, Pünhan Azim və Rəşad Rayyanın iştirakı ilə “Xitab” performansı, “Okaber”in canlı ifası kimi proqramlar gününüzü xüsusi edəcək.
Qeyd edək ki, tədbir Bakı Bulvarı İdarəsi, iTicket platforması, “Meatadore” və “United Coffee Beans” şirkətlərinin dəstəyi ilə keçirilir.
Bütün tədbirlərə giriş pulsuzdur.