AZ

Zorakılıqla mübarizə cəmiyyətdən başlayır

Hansı addımları atmalıyıq?

Zorakılıq hər bir cəmiyyətdə yaşanan sosial problemlərdən biridir. Təəssüf ki, cinsindən və yaşından asılı olmayaraq, insanlar müxtəlif zorakılığın qurbanı olurlar. İllər ötdükcə isə müasir dünyamızda bu problem daha qabarıq şəkildə müzakirə olunur. Zorakılığa məruz qalan şəxslərlə bağlı aidiyyəti orqanlar, həmçinin media qurumları mütəmadi informasiyaları cəmiyyətə ötürürlər.

Ancaq etiraf edək ki, adətən zorakılıqla bağlı yayılan informasiyalar əks reaksiyalara səbəb ola bilər. Belə ki, hər hansı bir zorakılıq hadisəsi müzakirə edildikdə və davamlı olaraq mediada dərc olunduqda ertəsi gün başqa bir zorakılığın şahidi oluruq. Bu, daha çox psixoloji amillərlə bağlıdır. Belə xəbərlər mütəmadi olaraq mediada yer alan zaman eyni və oxşar olan xoşagəlməz hallar yaşanır.

Media zorakılığa dəstək verir?

Mövcud media məişət zorakılığı və qətl xəbərlərinə sanki o qədər maraqlıdır ki, bəzən oxunaqlı olsun deyə, peşəkarlıqdan uzaq olan başlıqlarla çoxsaylı xəbərlər yazılır. Ekspertlərin fikrincə, təəssüf ki, bəzi jurnalistlər zorakılığa dəstək verdiklərinin fərqində belə deyillər. Onların sözünə görə, məişət zorakılığı və gender məsələlərində məqsəd İP yığmağa, sensa?siya yaratmağa, diqqəti cəlb etməyə yönəlir. Xüsusilə, məişət zorakılığının daha çox qadınlara yönəlik olduğu vurğulanır.

Dünyada məişət zəminində öldürülənlərin 79%-i...

Mübahisəli sual hələ də aktualdır. Nə üçün qadın hüququ, qadın qətlindən daha çox danışılır, bəs kişilər zorakılığa məruz qalmır? Statistik göstəricilərə görə, dünyada məişət zəminində öldürülənlərin 79%-i qadınlardır. Orta rəqəmlə hər gün dünyada 130-dan çox qadın qətlə yetirilir. Belə ki, qadınların böyük əksəriyyəti həyat yoldaşları, keçmiş partnyorları tərəfindən zorakılıq nəticəsində öldürülür.

Nə edə bilərik?

Məsələn, post-sovet ölkəsi olan Litvada məişət zorakılığı ilə mübarizə modelində cəmiyyət üzvlərinin birgə iştirakı üçün maraqlı təşəbbüs həyata keçirilir. Belə ki, ərazi üzrə bələdiyyələrdə qara qutular yerləşdirilir, həmin qutulara hansısa zorakılıq görən və ya şahidlik edənlər anonim şəkildə məktub atırlar.

Alman fiziki Albert Eynşteynin belə bir fikri var: “Zorakılıq əxlaq səviyyəsi aşağı olan kişilər üçün həmişə cazibəli gəlib”.

Beynəlxalq təcrübə artıq Eynşteynin bu fikrinin əksinə yeni model təqdim edir. Belə ki, tək zorakılıq qurbanına deyil, zorakıya da dəstək praktikası formalaşıb. Praktika göstərir ki, belə şəxslər 3-6 aylıq təlim keçdikdən sonra onların 45 % -i davranışını dəyişə bilər.

Azərbaycanda məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında Qanun qəbul edilib. Bununla yanaşı, məişət zorakılığına məruz qalmış uşaq və qadınların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdən biri kimi dəyərləndirilir. Səhiyyə Nazirliyi, digər mərkəzi və yerli dövlət orqanları həmin işlərin təşkili və aparılmasında bilvasitə iştirak edirlər. Bu sahədə kadr potensialının gücləndirilməsi, məişət zorakılığının qarşısının alınması və zorakılıqdan zərərçəkmişlərin reabilitasiyasının aparılması ilə bağlı uşaq və qadınlarla işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilir.

Zorakılıqdan söz açmışkən, 2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla 2 oktyabr tarixi “Beynəlxalq Qeyri-Zorakılıq Günü” kimi qeyd edilir. Bu beynəlxalq günün məqsədi - sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiq etməkdir. 2 oktyabr təsadüfən seçilmiş tarix deyil, məhz bu gün Hindistanın müstəqilliyi uğrunda hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum günüdür.

Yeganə BAYRAMOVA

Seçilən
97
yeniazerbaycan.com

1Mənbələr