AZ

"Yaşıl enerji, gələcəkdə nefti əvəz edəcək potensiala malikdir" - QHT sədri Eyyub Kərimli

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a verdiyi özəl açıqlamada Azərbaycanın yaşıl enerji sektorundakı potensialını yüksək qiymətləndirib. Onun sözlərinə görə, ölkəmizin coğrafi mövqeyi və iqlim şəraiti yaşıl enerji istehsalı üçün əlverişli imkanlar yaradır. Kərimli qeyd edib ki, Azərbaycanın 3000 meqavat gücündə təbii enerji resurslarına, o cümlədən günəş, külək və su enerjisinə malikdir.

“Ölkəmizin işğaldan azad olunmuş ərazilərində, eləcə də Naxçıvanda böyük günəş enerji stansiyaları yaradılıb. Bu da ölkənin enerji imkanlarını daha da genişləndirir. Həmçinin, bu sahəyə xarici investisiyalar da cəlb olunub. Ölkə prezidentinin rəhbərliyi ilə yaşıl enerji iqtisadi strategiyanın prioritet sahəsi kimi qəbul edilib,” – deyə Eyyub Kərimli bildirib.

Ekspert əlavə edib ki, Azərbaycanın enerji ixracını artırmaq üçün Qara dənizin dibi ilə Gürcüstandan Rumıniyaya uzanan yaşıl enerji kəməri layihəsi üzərində işlər aparılır. Kərimlinin fikrincə, texnologiyanın və xarici investisiyaların inkişafı ilə Azərbaycanın yaşıl enerji potensialı daha da böyüyəcək və qeyri-neft sektoru iqtisadiyyatın əsas sahəsinə çevriləcək. "Bu sahənin inkişafı gələcəkdə nefti əvəz edəcək qədər böyük potensiala malikdir və ölkənin iqtisadi gəlirlərinin artmasına ciddi töhfə verəcək,” – deyə Kərimli vurğulayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
82
qht.az

1Mənbələr