AZ

Yaxın Şərq od içində

Son günlər və saatlar ərzində Yaxın Şərqdən bir-birindən sensasiyalı xəbərlər gəlir. Belə ki, regionda milli-etnik zəmində silahlı qarşıdurmanın coğrafiyası və miqyası genişlənir. Son 1 il ərzində İsrail ordusu əsasən birbaşa Qəzzada HƏMAS yaraqlıları ilə döyüşürdüsə, artıq quru hərbi əməliyyatlar Livanın ərazisinə keçib.

Xatırladaq ki, 5 gün əvvəl, yəni sentyabrın 27-də “Hizbullah”ın rəhbəri Həsən Nəsrullah və qurumun cənub cəbhəsinin komandiri Əli Karki “məhv edilib”. İsrailin döyüş təyyarələri “Hizbullah” liderinin Beyrutdakı qərargahını hədəf alaraq ora son dərəcə güclü hava zərbələri endirib.

H.Nəsrullah düz 32 ildir ki, “Hizbullah”a rəhbərlik edirdi. O, İranla sıx münasibətlər saxlayırdı və İsrailin “ən qatı düşmən”lərindən biri sayılırdı. Təkcə H.Nəsrullah deyil, son həftələr ərzində İsrailin hücumları nəticəsində silahlı şiə qruplaşmasının xeyli sayda yüksək rütbəli komandirləri öldürülüb.

Bu arada məlum olub ki, İsrail hərbi qüvvələrinin hücumu nəticəsində “Hizbullah” Mərkəzi Şurasının sədr müavini Nabil Kauk da öldürülüb. O, 2006-cı ildə İsraillə müharibə zamanı təşkilatın hərbi komandiri olub.

Xatırladaq ki, Kauk tez-tez yerli mətbuatda çıxış edərək, siyasət və təhlükəsizlik məsələləri ilə bağlı şərhlər verir və yaraqlıların dəfn mərasimlərində “alovlu” nitqlər söyləyirdi. ABŞ hökuməti 2020-ci ildə N.Kauka qarşı sanksiyalar elan edib.

İsrailin təhlükəsizlik qüvvələri bir müddət əvvəl “Hizbullah” fəallarının peycerlərinə bu vaxta qədər görünməmiş, mürəkkıb texnoloji hücum təşkil ediblər. Bu zaman onlarla insan həyatını itirib və yaralanıb. Bütövlükdə, Livanda son iki həftə ərzində 156 qadın və 87 uşaq olmaqla, azı 1030 nəfər həlak olub. Rəsmi Təl-Əviv burada “əli “olduğunu təkzib edir.

Göründüyü kimi, regionda son dərəcə ağır humanitar böhran yaranıb. Beyrutda yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumət rəsmiləri iddia edirlər ki, hazırda təxminən 250 mindən çox sakin sığınacaqlarda və küçələrdə qurulan düşərgələrdə daldalanırlar.

İsrail aviasiyası qırıcıları isə Suriya ərazisindəki hərbi obyektləri bombalayıblar. 2 gün əvvəl məlum olub ki, İsrail Müdafiə Ordusunun hava zərbələri nəticəsində Suriya prezidenti Bəşər Əsədin qardaşı general Mahir əl-Əsəd öldürülüb. İranın “Mehr” agentliyi bu faktı təsdiq edib.

Məlumatda həmçinin deyilir ki, İsrail Hava Qüvvələri Mahir əl-Əsədin komandan olduğu Suriya ordusunun 4-cü diviziyasının qərargahını bombalayıb. İsrail rəsmiləri və Suriya hakimiyyəti hadisə ilə bağlı şərh verməyib.

Məlumata görə, həmin qərargaha Livan “Hizbullah”ı və İran İnqilab Keşikçiləri Korpusunun liderləri də tez-tez baş çəkirlər. Ekspertlər bildirirlər ki, bu, Suriya prezidenti Bəşər Əsədə “ciddi” xəbərdarlıqdır.

İsrail ordusu, demək olar ki, artıq bir neçə istiqamətdə döyüşlər aparır. 3 gündür ki, Yəməndə husilərin hədəflərinə zərbələr endirilir. “Reuters”in bildirdiyinə görə, İsrailin onlarla qırıcı təyyarəsi Yəmənin Ras İsada və Hodeyda limanlarına hücum edib. Zərbələr Hodeyda liman şəhərində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Məlumdur ki, husi yaraqlıları HƏMAS-ın ötən il oktyabrın 7-də İsrailə qarşı terror hücumundan sonra fələstinlilərlə həmrəylik ifadə edərək, İsrail ərazisinə dəfələrlə raket və dronlar atıblar. İsrail cavab tədbirləri həyata keçirəcəyi barədə xəbərdarlıq etmişdir.

Dünən axşam İsrail ordusu tanklarla Livanın cənubuna doğru irəliləyib. Qeyd edilir ki, Livan ordusu İsrail sərhədinə yaxın mövqelərini tərk edərək bir neçə kilometr geri çəkilib. “Al Arabiya” İsrail tanklarının 2006-cı ildən bəri ilk dəfə Livan ərazisinə daxil olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller deyib ki, İsrail rəsmiləri Livanda apardıqları quru əməliyyatı barədə Vaşinqtonu əvvəlcədən məlumatlandırıblar.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə onun israilli həmkarı arasında telefon bağlantısı olub. Pentaqon şefi İsrailin “Hizbullah” yaraqlılarını “yuvalarındaca boğmaq” cəhdlərini təqdir etdiyini söyləyib.

Bu arada ABŞ ehtiyac olduğu halda İsrailin təhlükəsizliyi və müdafiəsini gücləndirmək məqsədilə Yaxın Şərqə daha bir neçə min ordu göndərdiyini açıqlayıb. Əlavə qüvvələrlə birlikdə ABŞ-ın bölgədə şəxsi heyətinin sayı 34 minə çatıb.

Böyük Britaniya isə İsrailin Livana hava zərbələrindən sonra tərəfləri gərginliyi azaltmağa və atəşkəs əldə etməyə çağırıb. Bu ölkənin Baş naziri Kir Starmerin sözçüsü İsrailin özünümüdafiə hüququnu dəstəklədiyini bildirib.

Dünən Fransa hökuməti də Livana 10 milyon ton humanitar yardım göndərib. Göründüyü kimi, həm Britaniya, həm Fransa, eləcə də digər Qərb dövlətləri tərəfləri regionda sülhün bərqərar olunmasına “çağırırlar”.

BDU-nun professoru, tarix elmləri doktoru Atamoğlan Məmmədli təəssüflə dedi ki, bu, yalnız sözdə belədir. Reallıq isə budur ki, Türkiyədən başqa heç bir dövlət Yaxın Şərqdə sülh üçün ciddi bir iş görmür, yaxud görmək istəmir. Regionda baş verən proseslərin nəticələri yeni dünya düzəninə böyük təsir göstərə bilər. Hələllik bu istiqamətdə tektonik siyasi proseslər gedir.

Bəli, son günlər Yaxın Şərqdə vəziyyət kritik səviyyədə pisləşib. Qəzzada da döyüşlər səngimək bilmir. ABŞ, Qətər və Misir vasitəçilərinin İsrail və HƏMAS arasında atəşkəsə nail olunması məqsədilə aylardır danışıqlar aparmasına baxmayaraq, real nəticə əldə edilmir. Bir sözlə, Yaxın Şərq od içindədir.

Məsaim ABDULLAYEV
XQ

Seçilən
30
50
xalqqazeti.az

10Mənbələr