AZ

Nəhəng qara dəliklərin sirli aləmi

Superkütləli qara dəliklərdən biri bizdən 54 milyon işıq ili uzaqlıqda yerləşən M87 qalaktikasının mərkəzində yerləşir. Bu qara dəlik kütləcə Günəşdən 6,5 milyard dəfə böyükdür və təxminən, 3 min işıq ili uzunluğunda plazma (ionlaşmış qaz) axını yaradır.

Tədqiqatın müəllifləri “Hubble” Kosmik Teleskopunun məlumatlarından istifadə ediblər. Məlum olub ki, qara dəlik plazması ikili ulduz sistemlərində daha tez-tez partlayışlara səbəb olur. Bu partlayışlar qalaktikanın digər hissələrində yerləşən sistemlərə nisbətən 2 dəfə çox baş verir. Amma onların dəqiq səbəbi sirr olaraq qalır.

Astronomlar hesab edirlər ki, superkütləli qara dəliklərdən gələn plazma axınları qalaktikaların təkamülünə əhəmiyyətli təsir göstərir.

Ulduzlar çox vaxt cüt-cüt mövcud olur. Ölçüsü xeyli böyümüş köhnə bir ulduzun yanında kiçik ağ cırtdan yerləşir. Böyük ulduzlar kosmosa hidrogen buraxır ki, bu da ağ cırtdanı cəlb edir. Bu ölü ulduzun səthində çoxlu hidrogen toplananda nüvə partlayışına oxşar partlayış baş verir. Kainatda belə hadisələr tez-tez olur.

Bəs nə üçün yeni partlayışlar fövqəlkütləli qara dəliyin plazma axını yaxınlığında daha tez-tez baş verir? Astronomlar bunun səbəbini izah edə bilmirlər. Tədqiqat müəlliflərinin fikrincə, qara dəlik plazmasının ətraf mühitə təsirini anlamaqda böyük boşluq var.

Ehtimal edilir ki, superkütləli qara dəliyin plazma axını ikili ulduz sistemlərinə müəyyən təsir göstərir. Mümkündür ki, plazma axını bir şəkildə daha çox hidrogenin ağ cırtdanlara keçməsinə səbəb olur. Bu, daha tez-tez partlayışlar yaradır.

PÜNHAN
XQ

Seçilən
6
xalqqazeti.az

1Mənbələr