AZ

27 ildən sonra Azərbaycan bayrağı yenidən Xudafərin körpüsündə dalğalanır

Bildiyimiz kimi, Cəbrayıl rayonu Birinci Qarabağ müharibəsi zamanı 1993-cü il avqustun 23-də Ermənistan ordusunun hücumu nəticəsində işğal edilmişdir. İşğal nəticəsində Cəbrayıla ciddi ziyan dəymişdir. Bəzi hesablamalara görə bu rəqəm 13,928 milyard ABŞ dolları məbləğindədir.

Şiddətli döyüşlərin getdiyi və vacib strateji cografi mövqeyi ilə seçilən Cəbrayıl rayonu Birinci Qarabağ müharibəsi zamanı 362 nəfər şəhid vermişdir. Həmin şəhidlərdən 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Rayonun inzibati formasına gəlincə isə deyə bilərik ki, rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarətdir.

Cəbrayıl rayonu həm də faydalı təbii resurslarla da zəngindir. Bunlardan dəmir filizi, sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materiallarını misal çəkə bilərik.

30 ilə yaxın işğal dövründə Cəbrayıl rayonu da digər işğalda olan ərazilərimiz kimi erməni vandalları tərəfindən viran olunmuşdur. Vətən müharibəsindən sonra azad olunmuş Cəbrayılı görəndə hər birimiz şahidi oluruq ki, burda sanki daşı daş üstə qoymayıblar. Hətta deyərdim ki, bütün yaşıllıqlar məhv edilmiş, ağaclar kökündən çıxarılmışdır.

Bu illər ərzində öz doğma yurdlarından didərgin düşmüş cəbrayıllılar ölkənin müxtəlif regionlarında, daha dəqiq desək 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.

Keçən dövr ərzində erməni vəhşilərinin törətdikləri cinayətlər xalqımızı sarsmamış, əksinə bizi bir-birimizə daha da sıx birləşdirmişdir. Nəinki cəbrayıllılar, bütün Azərbaycan xalqı əmin idi ki, torpaqlarımız ən qısa zamanda geri qaytarılacaqdır. Biz bu siqnalları bir neçə dəfə düşmən tərəfə çatdırmışıq.

5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi nəticəsində Cocuq Mərcanlıya həyatın qayıtması, daha sonra 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyinin ələ keçirilməsi düşmən tərəf üçün çox ciddi mesaj idi.

Təəssüf ki, qarşı tərəf baş verən proseslərdən nəticə çıxarmamış və təcavüz siyasətini davam etdirmişdir.

  Səbr kasası dolmuş Azərbaycan xalqı nəhayət 27 ildən sonra 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi zamanı Cəbrayıl rayonunu işğaldan azad etmişdir. Qədim və tarixi Xudafərin körpüsündə Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan bayrağınının ucaldılması böyük tarixi və siyasi əhəmiyyəti malikdir.

Bu tarixi Qələbə gününün əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 31 iyul 2023-cü il tarixində Sərəncam imzalamışdır. Sərəncama əsasən oktyabrın 4-nü Cəbrayıl şəhəri günü kimi müəyyən olunmuşdur.

Artıq müharibə dövrü arxada qalıb. İndi Cəbrayılda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. 

Hər bir cəbrayıllı səbirsizliklə öz doğma yurduna qayıtmağın həyacanı içərisindədir. Belə bir həyacan və sevinci biz sentyabr ayının 26-da 36 ailədən ibarət 117 nəfərin Cəbrayıla yola salınmasında gördük. Böyük Qayıdışa dair proqramına əsasən mərhələli şəkildə cəbrayıllılar öz ev-eşiklərinə qayıdacaqlar.

Əziz cəbrayıllılar, Şəhər Gününüz mübarək olsun.

Eldəniz Zeynalov 

Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı

Seçilən
20
missiya.az

1Mənbələr