AZ

Benyamin Şeşko: “Klubumla böyük uğurlar qazanmaq istəyirəm”

“Leypsiq”in hücumçusu Benyamin Şeşko Almaniya klubunda xoşbəxt olduğunu və bu komandadan ayrılmaq fikrində olmadığını bildirib.

Arena.az sloven futbolçunun bu barədə fikrini təqdim edir:

“Şərhsiz. “Leypsiq”də xoşbəxtəm. Ona görə də müqaviləmin müddətini uzatmaq qərarına gəldim. Klub çox iddialıdır, o səbəbdən burada böyük uğurlar qazanmaq istəyirəm”, deyə Şeşko vurğulayıb.

Qeyd edək ki, Benyamin Şeşko futbola “Radeçe” klubunda qədəm qoyub. Hucümçu erkən gənclik dövründə “Krşko”, “Domjale” və “Zalsburq”da çıxış edib. Şeşkonun böyük futbolda debütü “Zalsburq”la baş tutub. “Öküzlər” sloven hücumçunu bir müddət “Liferinq”də icarədə oynadıblar.

2023-cü ilin iyulunda isə “Leypsiq” Benyamin Şeşkonu 24 milyon avro məbləğ müqabilində “Zalsburq”dan tamhüquqlu müqavilə əsasında öz heyətinə qatıb. Alman klubunun sloven hücumçu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Şeşko “Leypsiq”də ilk – 2023/2024-cü illər mövsümündə bütün yarışlarda 42 oyuna çıxıb, 18 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Cari mövsümdə isə o, 7 oyuna 4 qol vurub, 3 assist edib. Gənc forvardın “Leypsiq”də bütövlükdə 49 oyun keçirib, 22 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Benyamin Şeşko 2021-ci ilin iyununda debüt etdiyi Sloveniya yığmasının heyətində 35 oyun keçirib, 15 qol vurub və 6 məhsuldar ötürmə verib.

Benyamin Şeşkonun qənimətlər muzeyində “Zalsburq”la 3 Avstriya çempionluğu və Avstriya Kuboku, həmçinin “Leypsiq”lə Almaniya Super Kuboku var. Fərdi qənimətlərə gəlincə, Şeşko 2022-ci ildə Sloveniyada ilin futbolçusu, 2023-cü ildə isə Avstriyada mövsümün oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 21 yaşlı sloven hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
22
arena.az

1Mənbələr