Prezident İlham Əliyev 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Qeyri-neft sektorumuz 7 faiz artmışdır. Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik. Neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək. Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. Xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi