Xəbər veridyimiz kimi, İsrail Livanın cənubundakı "Hizbullah" hədəflərinə qarşı quru əməliyyatına başlayıb. Bütün bu hadisələr böyük bir münaqişə ilə bağlı iddiaları artırır. Ekspertlər növbəti münaqişə hədəfinin İraq olacağını bildirir. Lakin İraqa müdaxilənin İsrail və İran arasında böyük münaqişəyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Publika.az xəbər verir ki, İsrail ordusu əməliyyatın məhdud ərazidə olacağına dair açıqlama versə də, ekspertlər bildirirlər ki, işğal bütün ölkəyə yayıla bilər.
Livanın işğal olunacağını daha əvvəl bəyan etmiş məşhur misirli akademik Xalid Fəhminin sözlərinə görə, hərbi müdaxilə aylarla davam edəcək. İsrailin növbəti hədəflərinin Yəmən və İraq olacağını iddia edən Fəhmi sensasion açıqlamalar verib:
“İsrail hökuməti daha əvvəl Yaxın Şərqdə böyük müharibəyə başlamaq niyyətində olmadığını bildirib. Lakin Misirdən Yəmənə, Suriyadan İrana qədər hücum edən bir ölkənin harada dayanacığını anlamaq üçün müdafiə konsepsiyalarına baxmaq lazımdır.
Bu konsepsiyada növbəti ölkə Livandır. İsrail 11 sentyabr hücumlarından sonra ABŞ-ın tutduğu mövqeyə bənzər addımlar atmaqdadır. Buna görə də İsrail ən azı 2 ay davam edən "Hizbullah" əməliyyatlarından və ölkənin cənubunu işğal etdikdən sonra Yəməndə strateji hərbi əməliyyatlar həyata keçirəcək. İsrail bununla da dayanmayacaq və İraqda İranın dəstəklədiyi yerləri də havadan hədəfə alacaq. Təxminən 8 ay davam edəcək bu müddət ərzində İranda kəşfiyyat fəaliyyətlərinin davam edəcəyi aydındır”.