AZ

AŞ PA-nın Bakıya qarşı “taran” qərarı

Payız sessiyası başlayan kimi anti-Azərbaycan qüvvələr hərəkətə keçdi; “demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətinin pisləşməsi” mövzusunun müzakirəsinin əsl məqsədi…
Sentyabrın 30-da AŞ PA-nın payız sessiyasının ilk günündə Azərbaycanda “demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətinin pisləşməsi” mövzusunda müzakirələr gündəliyə salınıb.
“Turan” xəbər verir ki, bəzi deputatlar, əsasən Gürcüstan nümayəndəsi Givi Mikanadze Azərbaycan heyətinin iştirakı olmadan müzakirələrin məqsədəuyğun olmadığını bildirib. O, “bu vəziyyətin müzakirəsi üçün Azərbaycanın yeni seçilmiş parlamentinin” nümayəndələri ilə birbaşa əlaqə qurmağı təklif edib. Lakin onun təklifi dəstəklənməyib və debatın keçirilməsi barədə qərar səs çoxluğu ilə qəbul edilib. Bundan əlavə, sessiyada Vatslav Havel Mükafatı da təqdim ediləcək. Üç namizəddən biri vergi cinayətlərinə görə həbsdə olan azərbaycanlı fəal Akif Qurbanovdur.
Yada salaq ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar sessiyasında ratifikasiya edilməyib. AŞ PA bu qərarı “Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, o cümlədən jurnalist və fəalların əsassız həbsləri, Azərbaycanın öhdəliklərinə məhəl qoymayaraq qurumla əməkdaşlıq etməməsi, fevral ayında baş tutan prezident seçkisinə AŞ PA-nın müşahidə missiyasını dəvət etməməsi” ilə əlaqələndirib. Assambleyada səsvermədən əvvəl qurumda iştirakını dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib. Son olaraq Prezident İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb. AŞ PA üzvlərinin Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsinə toxunan İlham Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.
AŞ PA-da anti-Azərbaycan mövqeyi ilə seçilən Frank Şvabe Bakının assambleyanın qaydalarına heç bir şərt qoymadan əməl etməli olduğunu deyib.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda ümid edirdi ki, təşkilatın köməyi ilə pozulan hüquqlarını bərpa edə, ərazi bütövlüyünü təmin etməyə müvəffəq ola bilər. Lakin 30 il ərzində gördüyü və müşahidə etdikləri bunun əksini üzə çıxardı. Nəhayət, Azərbaycan 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra ölkəmizə qarşı total hücum başladı və bu proses hələ də davam edir. Frank Şvabe və onun kimilərin fəaliyyəti AŞ PA-da böhranı daha da dərinləşdirməkdədir. Faktiki olaraq, AŞ PA-nın ölkəmiz əleyhinə qəbul etmək istədiyi qərarlar təşkilatın prinsip və normalarına zidd addımdır. Azərbaycanın bununla barışması, təbii ki, mümkün deyil. Ölkəmiz hazırkı fəaliyyətinə görə Avropa Şurası ilə yollarını tamamilə ayırmaq barədə də düşünür.
İndi belə görünür ki, AŞ PA rəsmi xəbərdarlıqlara baxmayaraq, payız sessiyasında Bakıya qarşı “tarana getmək” qərarı verib.

Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmovun sözlərinə görə, AŞ PA-nın payız sessiyasının ilk iş gününü Azərbaycanla “haqq-hesab çəkməyə” ayırması, yenidən ənənəvi üsullara müraciət edərək, “demokratiya”, “qanunun aliliyi” və “insan haqları” amilləri ilə pərdələnərək ölkəmizə qarşı hücuma keçməsi əslində bu təsisatın acizliyinin göstəricisidir: “Məlumdur ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olarkən bu təsisatdan böyük gözləntiləri var idi və ən azından bu gün Avropa Şurası Parlament Assambleyasının özünün pərdələndiyi insan haqları, demokratiya, hüququn aliliyi adına o zaman Azərbaycan torpaqlarının işğal altında olan 20 faizi və həmin torpaqlardan didərgin salınmış 1 milyondan artıq soydaşımızın taleyinə biganə yanaşılmayacağını düşünürdü. Lakin ötən dövrdə biz şahidlik etdik ki, əslində bu təşkilat özünün nizamnaməsində ifadə olunduğu kimi, bəşəri ideallar və üzvlərinin böyük birliyi naminə yox, imperialist niyyətlərin həyata keçirilməsində alət kimi istifadə edilmək üçün yaradılıb. Görünən odur ki, AŞ PA üçün vacib olan özünün təsis sənədlərində irəli sürdüyü prinsiplər, yaxud beynəlxalq hüququn aliliyi yox, özünü “beynəlxalq ictimaiyyət” adlandıran bir qrup cinayətkar mahiyyətli dövlətin muzdlu sifarişlərini yerinə yetirməkdir. Əks halda, Şvabe kimi keçmişi qaranlıq, nifrət dilinin daşıyıcısı olan, Azərbaycana və bütövlükdə Türk dünyasına nifrətini gizlətməyən bir nəfər Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə ədalətsiz qərarların qəbul edilməsində həlledici rola malik ola bilməzdi. Təbii ki, ilk dövrlər baş verənlər bizdə ciddi təəssüf doğururdu, lakin artıq Strasburqda ölkəmiz əleyhinə oynanılan bu “səhnəciklər” bizi narahat etmir, əksinə, dövlətimizin doğru yolla suveren iradəsini nümayiş etdirərək addımladığını göstərir”.
Deputat Prezident İlham Əliyevin Bakıda  Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışını yada saldı: “Prezident heç bir genişmiqyaslı şər, böhtan kampaniyasının bizim iradəmizə təsir edə bilmədiyini dedi. Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. İndiki məqamda, dövlət başçımızın ifadə etdiyi kimi, əsas hədəfimiz güclü olmaqdır və proseslərin gedişatı da göstərir ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu hədəflərinə doğru inamla irəliləməkdədir”.

Vüqar İsgəndərov 
Milli Məclisin digər deputatı Vüqar İsgəndərov çox maraqlı məqamlara toxundu: “AŞ PA-nın qərəzli fəaliyyəti, Frank Şvabenin və onun kimilərinin Azərbaycan düşmənçiliyi nəticədə bütün iplərin qopmasına gətirib çıxarır. Əslində bizim AŞ PA-dan bir elə də böyük gözləntimiz yoxdur. Çünki sülh yolu ilə ədaləti bərpa etmək istiqamətində atdığımız addımların heç birində bu qurumun rolu və dəstəyi olmadı. Azərbaycan kiminsə oyunu, diktəsi ilə hərəkət etmir. Mövcud vəziyyəti yüksək səviyyədə qiymətləndirən cənab Ali Baş Komandan İlham Əliyev öz gücümüzlə ədaləti bərqərar etdi. Bu gün biz Avropadan heç bir ədalət gözləmirik. Artıq əminik ki, bu qurum bizə heç bir mənada xeyir verə bilməz. Çünki geriyə baxdığımızda AŞ PA ilə bağlı 20 ildən çox təcrübəmiz var. AŞ PA-dakı anti-Azərbaycan qüvvələrin səyləri isə yalnız bu qurumun daxilində keçərli olur. Çünki Avropa ölkələri ilə ayrılıqda bizim çox yüksək səviyyəli münasibətlərimiz var. Bu gün Avropanın enerji təhlükəsizliyində rolumuz böyükdür. Bizimlə enerji müqavilələri bağlamaq istəyən, tərəfdaş olmaq istəyən Avropa dövlətləri ilə yüksək səviyyədə əlaqələr qurmuşuq. AŞ PA-dakı ünsürlər isə düşünür ki, bu addımlarla bizim imicimizə zərbə endirə bilər. Ölkəmiz hüquqi dövlətdir və sabitlik ən önəmli faktorlardan biridir. Bu gün absurd mənzərə üzə çıxıb. Hər hansı ictimai fəal qanun pozuntusu edir, yaxud cinayət hadisəsi törədir, onunla bağlı hüquqi müstəvidə addım atılan anda adam xaricdəki bəzi qüvvələr tərəfindən siyasi məhbus elan edilir. Bəyəm ictimai fəal, bir insan üçün qanun keçərli deyil? Biz bilirik ki, ölkəmizdə qanunun aliliyi təmin edilir. Bu prinsip isə vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq hər kəsə şamildir. AŞ PA və buna bənzər qərəzli qurum və təşkilatlar isə bu tip məsələlərdən də əleyhimizə istifadə etmək istəyirlər. Azərbaycan Prezident İlham Əliyevin siyasəti ilə bütün oyunları pozdu”.
Mövzunu sabahkı sayımızda davam etdirəcəyik.
Cavanşir ABBASLI
“Yeni Müsavat”

Seçilən
41
50
arantv.az

10Mənbələr