AZ

Qurd qapısı yaxınlığında “respublika başçısına terror edəcək” dekan müavini də güllələndi...

“Birinci variantda Beriya və Bağırovu Bakı partiya təşkilatının ümumi yığıncağında öldürməli idik. Həm də Beriyanı Tixomirovun özü şəxsən öldürməli idi. Bağırovu isə mən, Rəhim Həsənov və İbrahim Eminbəyli öldürməli idik...”
 
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində  1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
(Əvvəli burada:)
 
Dekan müavini: Baba Əsgərov 
 
(Müəllifdən: Qeyd edək ki, Baba müəllim haqqında materiallar ilk dəfə elmi
dövriyyəyə bizim tərəfimizdən daxil edilmişdir)
 
Repressiyaya məruz qalmış ziyalılardan biri də, BDU-nun müəllimi, tarix elmləri namizədi, dosent, tarix
fakültəsinin dekan müavini Əsgərov Baba Əli oğlu olmuşdur.
 
Onun istintaq işi 1937-ci ilin may ayında başlamış, həmin ilin avqust ayında başa çatmışdır.
 
İstintaq materiallarında olan anket məlumatlarında göstərilir ki, B.Əsgərov 1902-ci ildə Quba rayonunda xırda təsərrüfatçı ailəsində doğulmuş, 1922-ci ildən ÜK(b)P üzvü, dosent, ailə tərkibi: həyat yoldaşı 26 yaşlı Sürəyya Xələfzadə, qızı 3 yaş yarımlıq Gültəkindən ibarət olmuşdur .
 
İşdə partiya arxivindən alınmış arayış da var. Orada göstərilib ki, Baba Əsgərov 1920-1922-ci illərdə Quba şəhərində cinayət axtarış idarəsində komendant, 1922-1926-cı illərdə Quba rayon Sovet partiya məktəbində rəhbər və Quba rayon partiya komitəsində şöbə müdirinin müavini, 1926-1930-cı illərdə Azərb.K(b)P Bakı Komitəsində təbliğat qrupunun üzvü, 1935-ci ildən isə tarix fakültəsinin dekan müavini işləmişdir. O, BDU-nun tarix fakültəsini əla qiymətlərlə qurtardıqdan sonra Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuş, 1932-ci ildə oranı bitirmişdir. BDU bərpa edilib yenidən fəaliyyətə başlayarkən Baba müəllim əvvəllər təhsil aldığı bu ali təhsil müəssisəsində müəllim kimi fəaliyyətə göstərib. Lakin onun ilk müəllimlik fəaliyyəti o qədər də “uğurlu olmayıb”. O, guya dərs zamanı tələbələrə əks-inqilabçı trotskici fikirlər aşılamağa cəhd etmişdi. “Qazdan ayıq” olan sovet dövlət orqanları bunu dərhal bilmiş və B.Əsgərov partiya məsuliyyətinə cəlb olunmuşdu. Dialektik materializm fənnindən dərs deyən B.Əsgərov 15 may 1937-ci ildə həbs olunarkən BDU-nun tarix fakültəsində dekan müavini vəzifəsində, eyni zamanda Şaumyan adına Partiya tarixi İnstitutunda elmi işçi işləmişdir.
 
Azərbaycan SSR XDİK DTİ-nin IV şöbəsinin rəisi Sinmanın və həmin şöbənin I bölmənin rəisi Klemençiçin 20 may 1937-ci ildə tərtib etdiyi arayışda göstərilir ki, “istintaq materiallarına əsasən müəyyən edilmişdir ki, B.Əsgərov əks-inqilabçı trotskiçi və pantürkist təşkilatın rəhbərləri ilə əlaqədə olmuş və bu təşkilatın işində fəal iştirak etmişdir.
 
(...)
Sinman və Klemençiç tərtib etdiyi arayışda B.Əsgərovun əks-inqilabçı trotskiçi təşkilatda fəaliyyət göstərdiyini sübut etmək üçün BDU-nun tarix fakultəsinin dekanı, prof. B.N.Tixomirovun istintaqa ifadəsi əsas fakt kimi götürülmüşdür. O, guya əit təşkilatın Azərbaycan şöbəsinin üzvü olmaqla, Tixomirovun terrorçu qrupuna daxil olmuşdu. Tixomirovun iddiasına görə, B.Əsgərov şəxsən Azərbaycan K(b)MK-nın katibi M.Bağırova qarşı terroru həyata keçirməli idi. Günahsız yerə həbs olunan çoxsaylı adamların içərisindən M.Bağırova qarşı terroru həyata keçirəcək adamın Qubadan seçilməsi heç də təsadüfi deyildi. 
 
May ayının 21-də B.Əsgərovun evində axtarış aparılıb. Axtarış haqqında aktdan məlum olur ki, onun evindən köhnə əşyalar, əlyazmalar, kitablar və s tapılmışdır. Maraqlıdır ki, repressiya illərində evlərində axtarış aparan adamların mənzillərindən istintaq üçün hava, su kimi lazım olan əks-inqilabi ruhlu kitablar, yazılar, silah, sursat və s. tapılmamışdır.
 
22 may 1937-ci ildə ilk istintaq olub. Müstəntiq ənənəvi olaraq təqsirləndirilənə “...əksinqilabçı trotskiçi təşkilatın üzvü olduğunu etiraf edirsənmi” sualını verib. B.Əsgərov belə bir iddianı qətiyyətlə rədd edir. Müstəntiq bu sualı bir neçə dəfə başqa formada təkrar etsə də, yenə rədd cavabı alıb. Bu istintaqdan sonra təqsirləndirilənin müstəntiqə könüllü olaraq lazımi ifadəni verməyəcəyinə əmin olan müstəntiqlər ona qarşı məşhur “3 nömrəli metod”u tətbiq edib.
 
26 may 1937-ci ildə ikinci istintaqda B.Əsgərov artıq müstəntiqin istədiyi kimi ifadə verməyə başlayıb.
“Mən Tixomirov, Biləndərli, Nikolaev, Qubaydillin, Çobanzadə, Giçikalov, Balabəyovla əksinqilabçı təşkilatda əlaqədə olmuşam” .
 
(...)
 
1937-ci il iyunun sonlarında faktiki olaraq 4 gün ardıcıl(26,  27, 28, 29-u) aparılmış istintaq zamanı Baba Əsgərov M. Bağırova qarşı terror həyata keçirmək tapşırığı almadığını, belə bir hadisənin baş verəcəyindən xəbərsiz olduğunu israrla bildirdikdə müstəntiq ona dekanı, prof. Tixomirovun 1-2 avqust 1937-ci ildə üç variantda terror həyata keçirmək istədikləri haqqında istintaqa ifadəsini oxuyub. “Beriya və Bağırova qarşı terror planı 1936-cı ildə əvvəlcə professor Nikolayev, sonra professor Giçikalov, daha sonra Gindin və Rəhim Həsənov tərəfindən hazırlanıb. Terroru həyata keçirmək üçün üç variant hazırlanmışdı: 
 
1. Mən həyata keçirməli idim. 
2. Terroru Qurd qapısı yaxınlığında Rəhim Həsənov, Baba Əsgərov, Eminbəyli yerinə yetirməli idi. Beriya və Bağırovun gedəcəyi marşrutu onlara mən, Az.K(b) MK-nın məsul işçisi Gindin və Manvelov məlumat verməli idik. Gindin mənə terror aktının həyata keçirilməsi nəzərdə tutulan yerə getmək üçün maşın verməli idi. 
 
3. Terror vağzalda həyata keçirilməli idi. Bu barədə Nikolayevə, Çiçikalova, Həsənova, Əsgərova, Manvelova Gindinə məlumat vermişəm. Amma bu variant qəbul edilmədi. Gindinin sözlərinə görə orada mühafizə güclü idi ”.
 
O, istintaqa əlavəsində terror aktını həyata keçirmək tapşırığını professor Safronoviç və R. Axundovdan aldığını bildirib. “Bunun üçün də terrorçu qrup yaratdım. Onun tərkibinə aşağıdakılar daxil idi. Həsənov, Əsgərov, Eminbəyli, Belenki, Ravinoviç, Manvelov, Cəlil Əsgərov, Qindin, Danielyan və Musaelyan”.
(...)
 
Müstəntiq istintaqa obyektivlik “donu geyindirmək üçün” 1937-ci il avqust ayının 4-də B.Əsgərovla onu guya bu
təşkilata cəlb edən prof. B.N.Tixomirov arasında üzləşdirmə aparıb.
 
Baba müəllim gözlənilmədən Tixomirovun ifadələrini və üzləşdirmədən əvvəlki “səmimi etiraflarını” tamamilə inkar edib. Təqsirləndirilənlərin əvvəlcə hər şeyi inkar etməsi, səhərisi gün müstəntiqə lazım olan ifadəni “könüllü etiraf” etməsi aparılan “profilaktik” söhbətlərin məhz axşamlar, yaxud istintaqdan sonra verilən işgəncələrin, tətbiq edilən “3 nömrəli metod”un nəticəsi olmuşdur.
 
Üzləşdirmə istintaqın necə saxtakarlıq, işgəncə altında aparıldığını öyrənmək baxımından çox əhəmiyyətlidir. Üzləşdirmə zamanı müstəntiq ona əks-inqilabçı trotskiçi terrorçu təşkilata daxil olması və onun buraya Tixomirov tərəfindən cəlb edilməsi haqqında əvvəlki ifadəsini oxuyub “bunu təsdiq edirsənmi?” deyə soruşur.
 
“Cavab: Mən əks-inqilabçı, trotskiçi təşkilata daxil olmamışam. Heç bir terror aktını hazırlamamışam. Bu barədə tam xəbərsiz olmuşam. Deyilənləri rədd edirəm”.
 
Ancaq ən acınacaqlı, düşündürücü hal bundan sonra baş verib. Müstəntiq B. Əsgərovdan eyni sualı ikinci dəfə soruşduqda “gözünü necə ağardırsa”, yadına nəyi salırsa o, dərhal Tixomirovun terror aktını həyata keçirmək istədiyini, özünün də bu qrupda olduğunu, bir sözlə hər şeyi etiraf edib.
 
Beləliklə, müstəntiq B.Əsgərovu “lazımi vəziyyətə” saldıqdansonra hər şey yoluna düşür. B.Əsgərov istintaqla səmimi əməkdaşlıq edəcəyini bildirir. Rahatlaşan müstəntiq bundan sonra terror məsələsi barədə daha çox və geniş suallar verməyə başlayıb. Sualların içərisində terror həyata keçiriləcəyini kimdən eşitdiyini, qarşılarına hansı məqsəd qoyduqlarını, konkret kimə qarşı yönəldildiyini, onun bu məsələlərdəki rolunun nədən ibarət olması, silahın kimdən, harada və nə vaxt əldə edilməsi üstünlük təşkil edib.
 
“...Cavab: Silahlı terror Bağırovla Beriyaya qarşı törədilməli idi. Bunun üçün üç variant hazırlanmışdı. 
 
I variantda Beriya və Bağırovu Bakı partiya təşkilatının ümumi yığıncağında öldürməli idik. Həm də Beriyanı Tixomirovun özü şəxsən öldürməli idi. Bağırovu isə mən, Rəhim Həsənov və İbrahim Eminbəyli öldürməli idik.
 
II variant 
 
Beriya və Bağırova qarşı terror aktını maşın dar yerdə -Qurd qapısına çatanda yerinə yetirməli idik. Maşınların
qabağına bir maşınla çıxıb yolu kəsməli idik. O dayanan kimi mən, Rəhim Həsənov və İbrahim Eminbəyli terroru həyata keçirməli idik.
 
Sual: Silahları haradan almalı idiniz?
 
Cavab: Silahları Tixomirov tapmalı idi. Haradan alacağı mənə məlum deyildi” .
 
Göründüyü kimi, bu şəxslər müstəntiqin təxəyyülünə görə sanki elm adamı deyil, mükəmməl hərbi təlim görmüş adamlar olmuşdur. Beriya və Bağırova qarşı guya planlaşdırılan terror, bu terrorun həyata keçirilməsi vasitələri və s. haqqında mükəmməl əməliyyat planları hazırlamışdılar.
 
(...)
Nəhayət, 25 avqust 1937-ci ildə işi quraşdıran müstəntiq istintaqı yekunlaşdıraraq 28 avqust 1937-ci ildə yekun ittiham aktı tərtib edib.
 
Sumbatov-Topuridzenin təsdiq etdiyi aktda göstərilir:
 
“...1936-cı ilin axırlarında Azərbaycan SSR XDİK Azərbaycanda əks-inqilabçı trotskiçi və millətçi terrorçu
təşkilatı üzə çıxararaq ifşa etmişdir. Bu təşkilat öz qarşısına silahlı üsyan vasitəsilə Azərbaycanı SSRİ-dən
ayırmaq, ziyankarlıq işləri aparmaq, casusluq etmək, dövlət və partiya rəhbərliyinə qarşı terror törətməyi həyata
keçirməyi məqsəd qoymuşdur.
 
Azərbaycandakı əks-inqilabçı trotskiçi və millətçi təşkilat fəaliyyətini mərkəzdəki (Moskva və İndiki Sankt-Peterburq nəzərdə tutulub) sağ qüvvələr və əks-inqilabçı trotskiçi zinovyevçi təşkilatla əlaqələndirmiş və onlarla bağlı olmuşdur. İstintaqla müəyyən edilmişdir ki, müttəhim Baba Əsgərov 1936-cı ilin əvvələrindən əks-inqilabçı millətçi təşkilata Azərbaycan Dövlət Universitetinin rektoru Balabəy Həsənbəyov tərəfindən cəlb edilmişdir(Halbuki istintaq materiallarının əksəriyyətində onun təşkilata prof. Tixomirov tərəfindən cəlb edildiyi göstərilmişdir-B.Ə.).
 
O, təşkilat sıralarında praktik əks-inqilabi iş apararaq yeni üzvlər cəlb etmişdir. B.Əsgərov silahlı üsyan mövqeyində dayanmış, eyni zamanda trotskiçi təşkilata da daxil olmuşdur. Müttəhim Tixomirovun terrorçu qrupuna daxil olmuşdur. O, bu qrupa daxil olaraq SSRİ MİK-in üzvü, ÜK(b)P ZK(b) P-nın (Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası) Zaqafqaziya Kommunist bolşeviklər) partiyası Katibi  L.P.Beriyaya və Az.K(b)P MK-nın katibi M.Bağırova qarşı terror aktı hazırlamışdır. Terrorçu qrupa daxil olan B.Əsgərov döyüşçü kimi M.C.Bağırova qarşı terror aktını şəxsən yerinə yetirməli idi. Bundan başqa o, terrorçu təşkilata yeni üzvlər cəlb etmişdir. Yuxarıda deyilənləri nəzərə alaraq müttəhim Baba Əsgərov ittiham olunur:
 
1.Trotskiçi zinovyevçi terror təşkilatının üzvü olmaqda, Sovet hökumət və partiya rəhbərliyinə qarşı terror aktı hazırlamaqda.
 
2. Eyni zamanda 1936-cı ildən Azərbaycandakı əks-inqilabçı millətçi təşkilatın üzvü olmaqda, qarşısına Azərbaycanı silahlı üsyan yolu ilə SSRİ-dən ayırmaq, ziyankarlıq işləri aparmaq, casusluq və Azərbaycanın dövlət, hökumət və partiya rəhbərliyinə qarşı terror aktı tətbiq etməyə hazırlaşmaqda.
 
3. Tixomirovun terrorçu qrupuna daxil olmaqda və Bağırova qarşı şəxsən terror aktı həyata keçirməyə hazırlaşmaqda.
 
4. Sovet Hakimiyyətinə qarşı əsas mübarizə vasitələrindən biri kimi silahlı üsyan mövqeyində dayanmaqda”.
 
Bütün bunları nəzərə alan müstəntiq ona Azərbaycan SSR cinayət məcəlləsinin 64-70, 73-cü maddələri ilə ittiham verilməsini təklif edib. Ancaq maraqlıdır ki, IV şöbənin rəisi, müstəntiq Sinman ona bu qədər “torba tikdikdən” sonra, B.Əsgərovun özünü günahkar hesab etmədiyini də yazmış, sonda qeyd etmişdir ki, “... B. N. Tixomirov, H. Rəhimov, M.Hüseynov, Y. Dadaşovun ifadələri, Tixomirov və Həsənovla üzləşdirmədə tam ifşa edilmişdir”.
 
İş SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasına 01 dekabr 1934-cü il qanununa əsasən mühakimə etmək üçün göndərilmişdir.
10 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Matuleviçin sədrliyi ilə iclası keçirilib. Zaryanov və Jiqurun üzvlüyü, Kostyuşkonun katibliyi ilə keçirilən məhkəmə qapalı, vəkilin iştirakı olmadan həyata keçirilmişdir. Prokuror Rozovski B.Əsgərovun günahlarının tam sübuta yetirildiyini, onun işlə tanış olduğunu, bu barədə müvafiq qəbz yazıldığını və imza edildiyini bildirib.
 
11 oktyabr 1937-ci ildə başlayan məhkəmə 14:30-14:45 aralarında, cəmi 15 dəqiqə ərzində olub. Sənədlərdə qeyd edilib ki, müttəhim heç bir vəsatət qaldırmamış, məhkəmənin tərkibinə etiraz etməmişdir. Məhkəmə ondan özünü təqsirli bilib, bilmədiyini soruşduqda isə cinayət işindəki yekun ittiham aktından fərqli olaraq o, özünü təqsirli hesab etmişdir. Beləliklə, o, ən ağır cəzaya güllələnməyə məhkum edilmiş, əmlakı müsadirə edilmişdir.
 
Hökm 12 oktyabr 1937-ci ildə Bakı şəhərində yerinə yetirilmiş və bu barədə müvafiq sənəddə qeyd aparılmışdır.
Ancaq B.Əsgərovun faciəsi bununla da yekunlaşmayıb...
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
phrase_var_article.chosen
71
50
moderator.az

10phrase_var_article.sources