AZ

Aşıq Ələsgər Ağkilsə kəndində yad olunacaq

Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edən Prezident İlham Əliyev onun Ağkilsə kəndində ermənilər tərəfindən dağıdılmış abidəsinin gələcəkdə bərpa olunacağına əminliyini bildirib.
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandıran, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş böyük söz ustadıdır. Sənətkarın ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən, tərbiyəvi məzmunlu, dərin koloritli, yüksək pedaqoji məziyyətləri özündə ehtiva edən yaradıcılığı, istedadlı yetirmələri sayəsində özündən sonra irs qoyduğu aşıq məktəbi və ənənələri Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.

Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması ölkəmizdə aşıq sənətinə ehtiramın təzahürüdür. Aşıq Ələsgər yaradıcılığı isə mədəni-mənəvi dəyərlərimizin təbliği baxımından zəngin bir poetik irs kimi Azərbaycan mədəniyyətində özünə məxsus yer tutur. Bu mədəni irsin geniş tədqiqinə, nəşrinə və təbliğinə hələ ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə başlanılmışdı. Hələ sovetlər dönəmində Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda və onun hüdudlarından kənarda böyük söz ustadının 150 illik yubiley mərasimləri keçirilmiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu Ağkilsə kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındığı zaman həmin əzəmətli büst erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. 1997-ci ildə Ulu Öndərin sərəncamına əsasən, Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə verilən yüksək dəyər idi. Bu zəngin ənənə günümüzdə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkə başçısının müvafiq sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi respublika miqyasında böyük təntənə ilə qeyd olunub, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilib. Prezidentin sərəncamı ilə kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi” açılıb və 2011-ci il “Aşıq Ələsgər ili” elan edilib.

Prezident İlham Əliyevin 18 fevral 2021-ci il tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, türk dünyasının ozan aşığı Dədə Ələsgərin anadan olmasının 200 illiyi həm ölkə miqyasında, həm də ölkəmizin hüdudlarından kənarda TÜRKSOY vasitəsilə geniş qeyd olunub.

30 noyabr 2021-ci ildə “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” ölkə başçısının imzaladığı sərəncam isə Aşıq Ələsgər yaradıcılığına və irsinə olan yüksək diqqət və qayğının nəticəsidir.
Prezident İlham Əliyevin aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgər irsinə dərin ehtiramını özündə əks etdirən bu sərəncamların icrasını mədəniyyət xadimləri, ziyalılar, aşıq sənətinin nümayəndələri, saza, sözə bağlı olan hər kəs ümumxalq minnətdarlığı ilə qarşılamışdır. Bu günlərdə paytaxtda ustad sənətkarın xatirəsinə ucaldılmış abidənin açılışı da milli kimliyin, mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin göstəricisidir.

Açılış tədbirində çıxış edən ölkə başçısı İlham Əliyev Aşıq Ələsgər yaradıcılığının Azərbaycan xalqı və eləcə də bütün türk dünyasında önəmli mənəvi dəyər kəsb etdiyini diqqətə çatdırmış və böyük sənətkarın miras qoyduğu zəngin irsi Azərbaycan milli mədəniyyətinin vacib hissələrindən biri kimi dəyərləndirmişdir. Azərbaycan xalqının öz tarixinə və mədəniyyətinə olan bağlılığını ifadə etmək istiqamətində xüsusi əhəmiyyətiylə seçilən bu abidə həm Aşıq Ələsgərin xatirəsini yaşatmaq baxımından, həm də tarixən Qərbi Azərbaycan torpaqlarında yaradılmış milli mədəniyyətimizin qorunub-saxlanması və yaşadılması baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Abidənin açılışında çıxış edən Prezident İlham Əliyev yaşından, peşəsindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşını milli varlığımızı, mədəniyyətimizi və əcdadlarımızın yaratdığı mədəni irsə sahiblik hüquqlarımızı qorumağa çağırmaqla həm də milli-mədəni irsimizin və milli dəyərlərimizin qorunmasının vacibliyini bir daha vurğulamış oldu. Prezidentin bu çıxışı Azərbaycan xalqının keçmişi ilə fəxr etdiyi kimi həm də gələcəyə doğru əmin addımlarla irəliləməsi üçün bir çağırış kimi qəbul oluna bilər. Aşıq Ələsgərin abidəsi həm tarixi şəxsiyyətlərin unudulmaması, həm də Azərbaycan xalqının milli kimlik məfkurəsinin və vətənpərvərlik hisslərinin gücləndirilməsinə və ideoloji maarifləndirilməsinə istiqamətlənmiş bir addımdır.

Ölkə başçısı öz çıxışında qətiyyətlə bildirdi ki, “…gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.

Prezident İlham Əliyevin bu mesajı Qərbi Azərbaycanlıların taleyi ilə bağlı yaxın gələcəyə hesablanmış işıqlı bir müjdə kimi qəbul oluna bilər.
Aşıq Ələsgər Azərbaycan xalqının mədəniyyətində və tarixində mühüm yer tutan bir şəxsiyyətdir. Onun abidəsinin ermənilər tərəfindən dağıdılması, təkcə mədəni irsə hücum deyil, həm də Qərbi Azərbaycan torpaqlarında xalqımızın tarixi varlığının silinməsinə yönəlmiş bir cəhd kimi qiymətləndirilə bilər. Buna görə də, gələcəkdə Ağkilsə kəndində bu abidənin bərpası yalnız keçmişi yenidən canlandırmaq deyil, həm də milli kimliyimizin və hüquqlarımızın bərpası demək olacaq.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Seçilən
21
8
xalq.az

6Mənbələr