Bəzi Avropa təsisatlarının Azərbaycana qarşı qərəzli yanaşmalar sərgiləmələri adi hala çevrilib. Bu sırada Avropa Şurası Parlament Assambleyası (AŞPA) da yer alır. Qurum anti-Azərbaycan mövqeyini növbəti dəfə oktyabrın 1-də başlayan və 4 gün davam edəcək payız sessiyasında da ortaya qoyub. Belə ki, ölkəmizdə demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyəti ilə bağlı məsələ gündəliyə salınaraq təsdiqlənib. Bu təşəbbüs qurumda ənənəvi qaydada Azərbaycana qarşı əsassız iddialar səsləndirən və qərəzli hesabatlar hazırlayan, erməni lobbisinin danışan dilinə çevrilən deputatlardan gəlib. Halbuki, bəlli səbəblərdən Azərbaycan nümayəndə heyətinin qatılmadığı sessiyada ölkəmizlə bağlı müzakirələrin aparılması prosedur qaydalarına ziddir. Belə çıxır ki, qanunun aliliyindən danışan Avropa təsisatının özü qanunlara saymazlıq nümayiş etdirir. Bunu AŞPA-nın cari ilin yanvarında yaşanan qış yuxusundan sonra payız qürubu kimi də səciyyələndirmək mümkündür.
Gürcü parlamentarinin etirazı
Anti-Azərbaycan mövqeyindən çıxış edən ermənipərəst deputatların istəyi ilə qeyd olunan məsələnin AŞPA-nın payız sessiyasının gündəliyinə sanması elə qurumun özündəcə etirazlarla qarşılanıb. O cümlədən Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin sədri Givi Mikanadze buna etirazını bildirib. “Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə uyğun olaraq, hesab edirəm ki, bütün tərəflərin burada olması, iştirak etməsi və yeni seçilmiş parlamentlə birbaşa əlaqələrin qurulması imkanlarını müzakirə etmək lazımdır. Ona görə də mən verilən təklifi şübhə altına almaq istərdim”, - deyən Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının üzvü, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA-nı dialoq prinsipinə riayət etməyə çağırıb.
Qeyd edək ki, AŞPA-da qurumun anti-Azərbaycan mövqeyindən çıxış etməsinə etirazlar ilk dəfə deyil ki, səslənir. Xatırladaq ki, qardaş Türkiyənin Xarici işlər Nazirliyi AŞPA-nın cari ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməməsinə kəskin münasibət ifadə olunan bəyanat yayıb. Belə etirazlar Macarıstandan, Serbiyadan və digər ölkələrdən, həmçinin ayrı-ayrı beynəlxalq təşkilatlardan gəlib. O cümlədən Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze fevral ayında AŞPA sədri Teodoros Rusopulosa məktub ünvanlayıb. Məktubda AŞPA-nın sessiyası zamanı Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul edilmiş qətnaməyə toxunulub. Bildirilib ki, bu cür sərt qərarlar AŞPA-nın Azərbaycanla və Cənubi Qafqazla gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir. Bu isə narahatlıq doğurur. Məktubda vurğulanıb ki, bu qətnamə AŞPA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir. Bu, AŞPA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək. “Üstəlik, bu qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna da xələl gətirir. Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞPA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər”, - deyə məktubda qeyd edilib.
Qərəzli qətnamənin tarixçəsi
Azərbaycanın AŞPA-da təmsilçiliyinin əsası 2001-ci ildə qoyulub. İkitərəfli münasibətlərdə zaman-zaman baş verən dalğalanmalara baxmayaraq, Azərbaycanın heç vaxt qurumla əlaqələrini kəsmək kimi bir niyyəti olmayıb. Lakin 2024-cü ilin yanvarında AŞPA-nın atdığı addım qırmızı xəttin keçilməsi olub və Azərbaycan da buna adekvat şəkildə cavab verib. Söhbət ondan gedir ki, Azərbaycanın ötən ilin sentyabrında keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Qarabağda suverenliyini tam təmin etməsi AŞPA-da qısqanclıqla qarşılanıb və burada ölkəmizə qarşı sanksiya xarakterli qətnamə qəbul olunub. Təbii ki, bu da Azərbaycanın sərt reaksiyası ilə qarşılanıb. Məlum əməlliyyatları Azərbaycan özünün ərazisində keçirib və bu, ölkəmizin suveren hüququdur. 44 günlük müharibə başa çatandan sonra Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınaraq ərazilərimizdə təxminən 15 minlik kontingentə malik olan hərbi hissələrini saxlamaqda davam edirdi. Bu, yeni təhlükələr və təhdidlər demək idi. Separatçılar tez-tez təxribatlara əl atır, mina terrorları törədir, sərvətlərimizi talamaqda davam edirdilər. Suveren dövlət olan Azərbaycan buna necə biganə qala bilərdi və qalmadı da. 23 saatlıq uğurlu antiterror tədbirlərinin nəticəsi olaraq ərazilərimizdə separatizmə, nəhayət ki, son qoyuldu. Azərbaycan antiterror tədbirlərini yüksək peşəkarlıqla həyata keçirdi, mülki infrastruktura və dinc insanlara ziyan vurulmadı, yalnız qanuni hərbi hədəflər nişan alındı. Burada AŞPA təmsilçilərini əndişələndirəcək bir yanlışlıq və yaxud beynəlxalq hüquq normalarının pozulması halı baş verməyib. O başqa məsələdir ki, AŞPA-nın Şvabe kimi qaranlıq keçmişi olan deputatları erməni lobbisinin dirijor çubuğu ilə hərəkət edirlər və bəlli mərkəzlərdən gələn sifarişləri yerinə yetirirlər.
Beləliklə, lokal xarakterli antiterror tədbirlərindən sonra otuz illik işğal dövründə azərbaycanlı qaçqınlara münasibətdə özünü “heç nəyi görməyən və eşitməyən” kimi aparan AŞPA sükutu pozub. Bəzi dövlətləri təmsil edən avropalı deputatlar yenə də insan haqları mövzusundan yapışıblar. Onlar yeri gəldi-gəlmədi Azərbaycanı guya Qarabağda erməni əhaliyə qarşı etnik təmizləmə aparmaqda və insan haqlarını pozmaqda ittiham edirlər. Qərəzin, ağ yalanın son həddidir bu! AŞPA-nın azərbaycanlı qaçqınlara münasibətdə nümayiş etdirdiyi loyallığı ilə postmüharibə dövründəki canfəşanlığı kəskin təzad təşkil edir. Azərbaycanlılar ev-eşiklərini güllə yağışı altında məcburi qaydada tərk etmişdilər. Onların bir çoxu həyatını itirdi, qarlı dağlarda soyuqdan, şaxtadan dondu. Ermənilər isə lokal xarakterli antiterror tədbirlərindən sonra Xankəndidən könüllü qaydada köç etdilər. Onlar ev əşyalarını, hətta mal-heyvan sürülərini də özləri ilə apardılar. Bu iki fərqli nümunəyə AŞPA-dan gələn tərs münasibətin məntiqi, daha doğrusu, məntiqsizliyi isə əsla başa düşülmür. Nə üçün biz bir halda AŞPA-nın loyallığının, susqunluğunun, digər halda isə qərəzçiliklə yoğrulan canıyananlığının şahidi olmalıyıq? Budurmu Qərb əxlaqı və demokratiyası? Bu qəbildən olan ikili yanaşmaların sonluğu olaraq cari il yanvarın 24-də AŞPA-nın plenar iclası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verib.
Suveren Azərbaycanın kəskin reaksiyası
Aərbaycan çoxvektorlu xarici siyasətində həmişə qarşılıqlı maraqları önə çəkir. Yəni ikitərəfli və çoxtərəfli münasibətlərdən bütün tərəflər fayda götürməlidir. Ölkəmiz bir qayda olaraq suverenlik və müstəqillik prinsiplərindən çıxış edir, özünün milli maraqlarını qətiyyətlə qoruyur. Öz növbəsində Azərbaycan AŞPA-nın məlum qərəzli yanaşmasına cavab olaraq qəti mövqe ortaya qoydu. Belə ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Azərbaycanın nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs vermiş deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil edib.”AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniya parlamentinin üzvü Frank Şvabenin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair cavabında deyib.
Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir və bu öhdəlikləri yaxşı anlayır. Bununla belə, ölkəmiz bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsi, onlardan sui-istifadə olunması, milli dövlətlərə təzyiq göstərilməsi halları ilə barışmayıb və bundan sonra da barışmayacaq. O cümlədən Azərbaycan AŞPA ilə münasibətlərin normal məcraya dönməsində maraqlıdır. Yetər ki, qarşı tərəf özünün qərəzli mövqeyindən geri çəkilsin və nümayəndə heyətimizin qurumda mandatının bərpasını təmin etsin.
Mübariz FEYİZLİ