AZ

Mixail Finkel: “Bu sondur, İranda inqilab başlayacaq”

30 sentyabrda axşam saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) Livanda quru əməliyyatına başlayıb. 

Bu, son həftələr gərginləşən münaqişənin inkişafında yeni mərhələdir. Əməliyyatı yalnız qabaqlayıcı tədbirlərlə məhdudlaşdırmaq cəhdlərinə baxmayaraq, İsraillə “Hizbullah” arasında toqquşmalar eskalasiyaya gətirib çıxarıb.

İsrail və “Hizbullah” arasında tarixi, siyasi ziddiyyətlər dəfələrlə silahlı toqquşmalarla nəticələnib. İsrail 1982-ci ildə Livandan tramplin kimi istifadə edən PLO (Palestine Liberation Organization) kimi terror təşkilatlarını zərərsizləşdirmək məqsədi ilə Birinci Livan müharibəsinə başladı. 2006-cı ildə başlayan İkinci Livan müharibəsi də “Hizbullah”a və onun infrastrukturuna qarşı yönəlmişdi.

Ötən illər ərzində İranın dəstəklədiyi “Hizbullah”  Livanda və regionda mövqelərini xeyli gücləndirib. İsrail dəfələrlə təşkilatın artan təhlükəsi, o cümlədən Suriyadakı müharibədə fəal iştirakı və raket arsenalının modernləşdirilməsi barədə xəbərdarlıq edib.

2024-cü ilin sentyabrında ölkənin şimalındakı yaşayış məntəqələrinə silsilə hücumlara görə vəziyyət gərginləşib. 

“Hizbullah”ın lideri Həsən Nəsrullahın öldürülməsindən sonra  münaqişənin mahiyyəti dəyişib və İsraili quru əməliyyatına başlayıb.

İsrailin bu münaqişədə əsas məqsədlərindən biri də “Hizbullah” rəhbərliyini zərərsizləşdirmək və Livanda ölkənin şimal bölgələrini raket hücumlarından qoruyacaq bufer zona yaratmaqdır.

İsrail başa düşür ki, “Hizbullah” təkcə hərbi-siyasi qüvvə deyil, həm də İranın İsrailə və regiona təsir vasitəsidir.

20 kilometrlik bufer zona müvəqqəti həll yolu ola bilər, lakin bu, əsas problemi - İranın “Hizbullah” vasitəsilə təsirini aradan qaldırmayacaq.

İranın “Hizbullah”a dəstəyi İsrail və Livan arasında münaqişələrin illər boyu davam etməsinin əsas səbəblərindən biridir. İran da öz növbəsində “Hizbullah”dan Yaxın Şərqdəki mövqelərini gücləndirmək və İsrailə təzyiqləri artırmaq üçün alət kimi istifadə edir. Bu, Livanı regional güc mübarizəsində mühüm döyüş meydanına çevirir.

Baş nazir Benyamin Netanyahunun 1 oktyabr 2024-cü ildə İran xalqına videomüraciəti İranın bu münaqişədə əhəmiyyətini vurğulayıb. İsrail lideri qeyd edib ki, “Hizbullah”ı və digər ekstremist qrupları dəstəkləyən İran rejimi regionda qeyri-sabitliyin əsas səbəbidir. Netanyahu iranlılara müraciət edərək, onları gələcək haqqında düşünməyə çağırıb.

Dünən isə İran İsrailə 500-ə yaxın raket atdığını bildirib. İsrail tərəfi bu sayın 180 olduğunu deyib.

İsrailli hüquqşünas, beynəlxalq hüquq və siyasət üzrə mütəxəssis Mixail Finkel “Cebheinfo.az”-a deyib ki, vəziyyət sürətlə dəyişir:

“İsrail “Hizbullah”a qarşı qanuni müdafiə əməliyyatına başlayıb.

2023-cü il oktyabrın 7-dən etibarən “Hizbullah” İsrailə raket və pilotsuz təyyarələrlə hücum edib. 100 mindən çox İsrail vətəndaşı hazırda öz şəhərlərində yaşamır. Bunlar Livanla həmsərhəd olan, “Hizbullah”ın ilboyu bombaladığı şəhərlərdir".

Onun sözlərinə görə, İsrail dəfələrlə vətəndaşlarını evlərinə qaytaracağını və onların təhlükəsizliyini təmin edəcəyini bildirib:

"Biz “Hizbullah”ın başını kəsdik. İndi bizim vəzifəmiz “Hizbullah”ı Litani çayından uzaqlaşdırmaq və terrorçuları məhv etməkdir. Sərhəddə  Livana daxil olan  nəhəng tunellər aşkar etdik. Bu, İsrailə təcavüz üçün bütöv bir tramplin idi. İndi başları kəsilən terrorçular rəhbərliyi,  generalları, rabitə vasitələri olmayan, mobil telefon və ratsiyadan istifadə etməkdən qorxan kəklik kimi olacaqlar. 

Ordumuz bu terror qalasını darmadağın edəcək və İsrailin Livanla həmsərhəd olan şimal ərazilərinə sülhü qaytaracaq. Vətəndaşlarımız öz evlərinə qayıdacaqlar.  Onlar uzun müddət  otellərdə yaşayıblar, dövlət onlar üçün pul ödəyib. Çünki onlar işləyə bilmirlər, onlara müavinət verilir. İndi biz İsrailin şimal sərhədlərinə sülh gətirəcəyik”.

Politoloq bildirib ki, Amerika rəsmiləri İsrailə “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq İranın İsrailə hücumunun qaçılmaz olduğunu deyib: 

“Biz buna hazır idik. Ordumuzun nümayəndələri bildiriblər ki, İsrail nəinki öz ərazisinin müdafiəsini həyata keçirəcək, hətta İrana sarsıdıcı zərbə də vuracaq. İran istədiyi qədər nüvə bombası haqqında xəyal qursun, o, heç vaxt buna sahib olmayacaq.

Biz onlara bunkerləri partladan bombalarımız olduğunu göstərdik.

Elə bombalarımız var ki, nəinki onlarla, hətta yüzlərlə metr dərinlikdəki bunkerləri də vura bilir. Bütün terrorçular qoca terrorçu Ayətullah  Xameneyiyə “Sən Şeyx Nəsrəllahı, “Hizbullah”ı və Husiləri aldatdın, İsrail onları bombalayır, məhv edir, indi niyə susursan?" deyirdilər . 

Buna görə də, o, özünü xilas etmək üçün hansısa şəkildə reaksiya verməli idi, lakin bu, onun üçün son olacaq. Çünki bizim  müttəfiqlərimizlə - ABŞ ilə, Böyük Britaniya və Qərblə vuracağımız zərbə  ayaqları gildən olan  “nəhəng İranı”  sadəcə çökdürəcək. Mən çox istərdim ki, İran xalqı və İran azad edilsin.

Biz çoxmillətli İran xalqına hörmət edirik. Yeri gəlmişkən, bu ölkədə əhalinin demək olar ki, yarısı azadlıq istəyən etnik azərbaycanlılardır. Ona görə də İran öz məhvinə doğru sürətlə gedir. Təbii ki, mən  rejimi nəzərdə tuturam”. 

İsrailin Baş naziri Benyamin Netanyahunun "Biz İran xalqına hörmət edirik və İran hamının düşündüyündən daha tez qurtulacaq" çıxışına münasibət bildirən ekspert deyib:

“Bu, İranın tezliklə İsrail və  müttəfiqləri-  ABŞ, Böyük Britaniya və hətta bəzi Avropa ölkələrinin hücumuna məruz qalacağını deməyə əsas verir. İranın atom bombası yaratmaq üçün nüvə proqramı məhv ediləcək. 

SEPAH bombalanacaq. Qərargahlar, silah anbarları, raketlər məhv ediləcək və çox güman ki, İranda inqilab məhz o dəqiqə, bu güclü zərbənin endiyi an başlayacaq. 

Bütün azad fikirli insanları həbsxanada zəncirləmiş, fərqli fikrə sahib olduqları üçün insanları küçə lampasından asan,  qadınları çadra örtməyə məcbur edən, onlara  yaşamağa imkan verməyən bu rəzil rejimə qarşı  hər kəs ayağa qalxacaq. Bu rejim tezliklə sona çatacaq. Ayətullah rejimi məhvə məhkumdur. Bu rejimin sonudur. İsrail isə İran xalqının xilaskarı olacaq".

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr