Rusiyanın xarici işlər naziri Sergey Lavrov 18 il Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri vəzifəsində çalışmış Polad Bülbüloğlunun şərəfinə rəsmi nahar verib.
APA-nın Moskva müxbiri xəbər verir ki, tədbirdə Rusiya XİN başçısının müavinləri və nazirliyin departament rəhbərləri, Federasiya Şurasının senatorları və Dövlət Dumasının deputatları, eləcə də digər mühüm təşkilatların və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl S. Lavrov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fərmanı əsasında “Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə” Polad Bülbüloğluna verilmiş Aleksandr Nevski ordenini təqdim ona təqdim edib.
Rusiya XİN başçısı qeyd edib ki, P.Bülbüloğlu həm Azərbaycanın mədəniyyət naziri, həm də ölkəsinin Rusiyadakı səfiri kimi iki ölkə arasında münasibətlərin dostluq və mehriban qonşuluq ruhunda inkişafı üçün çox işlər görüb.
P.Bülbüloğlu öz növbəsində onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkür edib, Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə şəxsi töhfəsini xüsusilə qeyd edib.
Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2018-ci ildən Rusiyadakı diplomatik korpusun duayeni olub. 2024-ci ilin sentyabr 1-dən isə Azərbaycanın Qarabağ bölgəsindən Milli Məclisə millət vəkili seçilib.