AZ

Ukrayna ordusunda istefaların artmasının səbəbi nədir? - ŞƏRH

Ukrayna müdafiə naziri Rustem Umerov dörd müavinini işdən çıxarıb. O, bunun səbəbini hələ açıqlamayıb. Ümumiyyətlə, Ukraynada qəfil istefalar demək olar, adi hala çevrilib.

 

Maraqlıdır, Ukrayna ordusunda nə baş verir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, bu, davam edən müharibə ilə bağlıdır.

 

Onun sözlərinə görə, müharibə davam etdikcə Ukrayna hərbi-siyasi hakimiyyətində fikri ayrılıqları artır:

 

“Şübhəsiz ki, Ukraynanın keçmiş xarici işlər naziri Dmitro Kulebanın bir müddət əvvəl vəzifəsindən azad edilməsi də birbaşa olaraq hərbi-siyasi elitadakı fikir ayrılıqları ilə bağlıdır.  Məsələ burasındadır ki, Ukrayna bütün cəhdlərinə baxmayaraq, hələ də istədiyi nəticəni əldə edə bilmir. Odur ki, daxildə hərbi – siyasi elitanın nümayəndələri bir-birilərini ittiham edir, “günah keçisi” axtarırlar.  Həmçinin bu gün Ukrayna Qərb dövlətlərindən, o cümlədən ABŞ-dən asılıdır. Ukrayna hərbi-siyasi elitasında bunu başa düşən və mövcud durumla razılaşmaq istəməyənlər var”.

 

Müsahibimiz qeyd edib ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın idarəetmədə kifayət qədər ciddi avtoritetə malik olması da burada önəmli faktordur:

 

“Mümkündür ki, o, özünü ölkənin növbəti prezidenti kimi görür və indidən buna hazırlaşır. Müdafiə nazirinin müavinlərinin istefası məsələsində olmasa da, ümumilikdə hərbi-siyasi elitadakı çalxalanmalarda  Yermakın əlinin olması istisna deyil. Ola bilsin, o, mümkün rəqiblərini sıradan çıxarmaq, idarəetmədən uzaqlaşdırmaq istəyir. Bu xüsusda Kulebanın adını xüsusilə qeyd etmək olar. Konkret olaraq müdafiə naziri müavinlərinin istefasına səbəb isə Rusiyanın Kursk vilayətindəki əməliyyatların arzuolunan effekti verməməsi, həmçinin korrupsiya halları ola bilər.Gələcəkdə gözlənilməz istefaların təkrarlanması mümkündür”.

 

Günay Rəsulqızı

Seçilən
48
50
sfera.az

10Mənbələr