AZ

Pezeşkian fakt qarşısında qaldı – Müharibə bu planların üstündən xətt çəkəcək

“The New York Times” qəzetinin iddiasına görə, ali dini lider Əli Xamaneyinin əmrini yerinə yetirən İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı İsrailə raket hücumuna başlamazdan əvvəl İran Prezidenti Məsud Pezeşkiana məlumat verməyib. ABŞ nəşri bunu əməliyyatla bağlı İran rəhbərliyində mümkün parçalanma ilə izah edib. “The New York Times” iddiasının nə dərəcədə həqiqətə uyğun olduğunu söyləmək çətindir. Bu, İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər”.

Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, əslində İsrailə hücum barədə Prezident Məsud Pezeşkiana məlumat verilib, sadəcə hücum qərarı ilə bağlı onun rəyi öyrənilməyib: “Pezeşkian fakt qarşısında qoyulub. Zərbə endirildikdən sonra isə İran prezidenti hücumu dəstəkləyən fikirlər paylaşmaq məcburiyyətində qalıb. Ancaq Pezeşkian İsrailin cavab zərbələrinin İrana hansı zərər vuracağını da anlamamış deyil. Pezeşkian seçiləndə beynəlxalq aləmlə münasibətləri nizamlayacağını, iqtisadi vəziyyəti düzəldəcəyini vəd etmişdi. İsraillə müharibə bu planların üstündən xətt çəkəcək”.

Politoloq dünyanı təhdid edən nüvə təhlükəsinə də diqqət çəkib. Bildirib ki, beynəlxalq aləmin bir neçə ildir müzakirə etdiyi əsas mövzu Rusiyanın Ukrayna və Kiyevə hərbi dəstək verən ölkələrə qarşı nüvə silahından istifadə edib-etməyəcəyidir: “İsrail-İran müharibəsi eyni mövzunu bu iki ölkə üçün aktuallaşdırıb. İsrail etiraf etməsə də, yüzdən çox nüvə silahına malikdir. İran da etiraf etməsə, ya bir neçə nüvə silahına artıq yiyələnib, ya da hədəfinə çatmağa çox yaxındır. Hələ ki, havada raketlər uçuşur, ancaq müharibənin şiddətlənəcəyi halda bu bölgədə nüvə müharibəsi ehtimalı barədə də danışılmağa başlanacaq”.

E.Şahinoğlu deyib ki, “heç bir lider nüvə düyməsinə basmaz, çünki bu fəlakət olar” prinsipi işləməyə də bilər: “Əks halda Rusiya rəsmiləri bu mövzuda ehtiyatlı açıqlama verərdilər. Odur ki, regional müharibələr genişləndikcə, nüvə silahına malik olmaq istəyən dövlətlərin sayı artacaq. Misal üçün, Türkiyə və Səudiyyə Ərəbistanı bu haqda düşünməyə başlayacaq”.

Kamilə ORUCOVA

Seçilən
8
medianews.az

1Mənbələr