AZ

Vüqar Əhmədov: Qarşıya qoyulan hədəf və məqsədlər tam aydındır- ÖZƏL

"Şübhəsizdir ki, Cənab Prezident Aşıq Ələsgərin abidəsinin açılışında çox önəmli mesajlar verdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Məsələnin ən önəmli tərəfi məhz bu mesajların Qərbi Azərbaycana bağlı olan  el sənətkarımız Aşıq Ələsgərin abidəsinin açılışı zamanı olmasıdır. Çünki diqqət yetirsək bu gün Azərbaycan dövləti Qərbi Azərbaycanla bağlı məhz mədəni hüquqların, orada azərbaycanlılara məxsus mədəni abidələrin dağıdılması məsələsini gündəmə gətirir, təbii ki, bu strateji hədəf sayıla bilər, nəsillər dəyişir, lakin mədəniyyət bir irsdir və uzunmüddətli təsirə malikdir. Məhz bu baxımdan Azərbaycan dövlətinin, Qərbi Azərbaycan icmasının Qərbi Azərbaycana qayıdış məsələsində mədəni hüquqları vurğulaması çox önəmli, xalqımızın gələcəkdə bu regionda mədəni ekspansiyasından xəbər verir. Qədim Türk xalqları, Azərbaycan xalqı bu bölgədə yaşayıb və yaradıb, özlərindən sonra zəngin mədəni irs buraxıblar. Azərbaycan dövlətinin və əlbəttə ki, dünyada istənilən dövlətin əsas vəzifələrindən biri xalqın mədəni irsini qoruyub saxlamaq və onu gələcək nəsillərə ötürməkdir. Bu baxımdan ölkə başçısı tamamilə doğru qeyd etdi ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işləri ilə yanaşı, mədəni irsimizin bərpası və qorunub saxlanması istiqamətində mühüm işlər həyata keçirilir, tarixi mədəniyyət abidələri müasir üslubda yenidən bərpa olunur. Təbii ki, bu işlər gələcəkdə Qərbi Azərbaycanda da davam etdiriləcək. 

Bu istiqamətdə dövlətimiz tərəfindən müəyyən olunan strategiya doğru və hədəfə yönəlikdir və bu istiqamətdə davamlı strategiya və fəaliyyət həyata keçirilir. Uzunmüddətli strateji hədəf kimi qarşıya qoyulan hədəf hazırda Qərbi Azərbaycan icması, bu icmanın gənc nəsli ilə davamlı işlərin aparılması, onlara öz dədə-baba torpaqları, xalqımızın haqsız yerə  məruz qaldığı deportasiya haqqında daha dolğun məlumatların çatdırılmasıdır. Bununla biz Qərbi Azərbaycana qayıdış ideyasını orta və gənc nəsil arasında yaşadaraq inkişaf etdirə biləcik. 

İkinci hədəf təbii ki, beynəlxalq müstəvidə olmalıdır və Qərbi Azərbaycanlıların hüquqları və deportasiyanın humanitar və insan hüquqları ilə bağlı aspektləri beynəlxalq ictimaiyyətə geniş şəkildə çatdırılmalıdır. Burada da səsimizin dünya səviyyəsində eşidilməsi üçün strateji hədəflər müəyyən olunmalı, əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları beynəlxalq səviyyədə təmin olunmalı, onların yaşadıqları müsibətlər geniş kütləyə çatdırılmalı, mülkiyyət və mədəni hüquqları tanınmalıdır. Bu gün Azərbaycan dövləti Qərbi Azərbaycan icmasının tələblərini yerinə yetirməyə çalışır, 44 günlük tarixi vətən müharibəsindən sonra Qərbi Azərbaycanlılar da haqlı olaraq ilhamlanaraq öz tarixi torpaqlarına və yurdlarına qayıdışı səbirsizliklə gözləyirlər. Azərbaycanda yaşamış Qərbi Azərbaycanlılar öz yurdlarına və obalarına bağlılığı ilə hər zaman seçiliblər və onlar arasında bu məsələdə hər zaman həmrəylik olub. İndi də bu həmrəylik davam etdirilir və Qərbi Azərbaycanlılar aid olduqları torpaqlara qayıtdıqdan sonra orada da geniş quruculuq işləri davam etdiriləcək. 

Cənab Prezident məhz konseptual xarakterli çıxışı zamanı Qərbi Azərbaycanlıların bu arzularını geniş şəkildə ifadə etmiş, bu istiqamətdə dövlət və cəmiyyət qarşısında duran hədəfləri diqqətə çatdırmışdır. Xüsusən bu istiqamətdə gənc nəslin də üzərinə bu missiyanı davam etdirmək üçün müəyyən bir məsuliyyət və vəzifə düşür. Çünki bu məsələ həm də ideoloji bir məsələdir, bugünkü gənc nəsil məhz bu ideya ilə yaşamalı və bu şərəfli işi öz gündəlik fəaliyyətində davam etdirməlidir. 

Beləliklə qarşıya qoyulan hədəf və məqsədlər tam aydındır, o xalqlar hər zaman qalib gəliblər ki, onlar zəngin mədəniyyətə və gücə sahib olublar, Azərbaycan xalqının da yaşadığı bu coğrafiya kifayət qədər zəngin mədəniyyətə və köklərə malik olub və bu gün də çalışır ki, bu mədəniyyəti yaşatsın və inkişaf etdirsin".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
93
olaylar.az

1Mənbələr