AZ

Saxta qızıl XAOSU – “Aldığını geri qaytara da bilmirsən”

Son günlər dünyada və ölkəmizdə qızılın qiymətində kəskin bahalaşma nəzərə çarpır. Beləki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,23% artaraq 2 683,2 ABŞ dollarına bərabər olub.
Ümumilikdə isə qızılın qiyməti son bir ildə 36 faizdən çox artıb. Əgər bir il əvvəl qızılın troya unsiyası (31,1 qram) 1840 dollara satılırdısa, hazırda bu qiymət 2665 dollardır. Bir il ərzində qızılın bir qramının dəyəri 59 dollardan 86 dollara qədər yüksəlib.
Proqnozlara görə, yeni vəziyyətdə bir troya unsiya qızılın dəyəri 3000 dolları ötə bilər. Beləcə qızılın bir qramı 100 dollar civarında satılacaq.
Təbii ki, qızılın qiymətinin bahalaşması işbazları hərəkətə gətirib.
Xüsusilə də, bazara aşağı keyfiyyətli qızıl məmulatlarının daxil olması ilə bağlı iddialar mövcuddur.
ARANTV.AZ  bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, qiymətlərin bahalaşması fonunda belə halların baş verməsi gözləniləndir:
“Belə hallarla rastlaşan alıcı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Çünki bunda cinayət tərkibi var. Bu sırf dələduzluqdur.
Bildiyiniz kimi, hər məmulatın üzərində əyar var. Əgər alınan qızıl məmulatı həmin əyara cavab vermirsə, bu artıq fırıldaqçılıqdır. Qızılın keyfiyyətini yoxlamaq üçün bir sıra ünvanlarda, o cümlədən “Şərq bazarı”nda kifayət qədər imkanlar var. Burada yoxlanış zamanı müəyyən etmək olar ki, məmulat üzərində göstərilən əyara uyğundur, yoxsa aşağı keyfiyyətdədir.
Burada bir həssas məqam da var.
Ola bilsin ki, alıcı satıcı ilə razılığa gələrək, münasib qiymətə və daha aşağı əyara malik məmulat əldə edir. Belə hallar da ola bilər. Bu vəziyyətdə qiymət daha əlçatan olur. Amma keyfiyyət aşağı düşür. Bununla belə, yuxarı əyar adı ilə müştəriyə aşağı keyfiyyətli məmulat satılırsa, bu sırf cinayət tərkibli hadisədir. Aidiyyatı orqanlar buna reaksiya verir və zəruri tədbir görülür”.
Aldınsa, heç cür geri qaytara bilməzsən…
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə qızıl bazarında xaosun yaşandığını bildirib:
“2019-cu ildə ölkəmizdə fəaliyyət göstərən Əyar Palatası ləğv  edildi. Son 5 ildə qızıl bazarına heç bir dövlət qurumu nəzarət etmir. Ona görə də bu sahədə xaos hökm sürür. Keyfiyyətsiz məmulatlar asanlıqla bazara yol tapır. Aldanan istehlakçınınsa etiraz etmək hüququ yoxdur. Çünki qızıl məmulatları Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən geri qaytarılmayan mallar siyahısındadır.
Qızılı aldın, yarım saat sonra onu heç cür geri qaytara bilməzsən. Bu günlərdə bir alıcı bizə müraciət etmişdi ki, “20 min manata aldığım saat aşağı keyfiyyətli qızıldan hazırlandığı üçün geri qaytarmaq istəyirəm, amma satan tərəf məni eşitmir”.
Təəssüf ki, biz də həmin istehlakçıya yardımçı ola bilmədik. Çünki indiki qaydalar qızıl satanların birbaşa marağına xidmət edir. Təsadüfi deyil ki, qızılın qiymətindəki son artım ən çox işbazların işinə yarayıb. Onlar asanlıqla aşağı keyfiyyəti qızılı istədikləri qiymətə realizə edə bilirlər”.
Müsahibimiz təklif edir ki, Əyar Palatasının anoloqunun yaradılmasının zamanı gəlib:
“Yaxşı olardı ki, dövlət nəzarətində olan hansısa Agentlik yaradılsın. Yaxud da, qızıl bazarına nəzarət Daxili İşlər Nazirliyinə verilsə, məqsədəuyğun olar”.

Seçilən
104
6
arantv.az

7Mənbələr