"Həm Moskva, həm də Kiyev ağır itkilərə məruz qalıb, kim daha çox tab gətirəcəksə, o da qalib olacaq..."
Düşmənin həmlə dəstələri yaxşı təlim keçib və yaxşı təchiz edilib, az qruplarla irəliyə gedir, bu da onların aşkar edilməsini minimuna endirir və cavab atəşini çətinləşdirir.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
Məlumatda deyilir ki, Rusiya qoşunları taktikanın yaxşılaşdırılması və üstün atəş gücü nəticəsində Donetsk vilayətində "2022-ci ildə tammiqyaslı hərbi müdaxilə başlanandan görünməmiş sürət və aqressiya ilə" əraziləri zəbt edir.
Rusiyalıların yeni taktikası - detallar
Nəşr yazır ki, ötən ildə döyüş əsasən pis təlim keçmiş səfərbər edilən rusiyalı əsgərlərin böyük qruplarının artilleriya duelləri və üzdəniraq "top yemi hücumları" ilə səciyyələnib.
Lakin indi ukraynalı döyüşçülər məlumat verir ki, düşmənin həmlə dəstələri yaxşı təlim keçib və yaxşı təchiz edilib, kiçik qruplarla hərəkət edir.
Cəbhənin bəzi sahələrində Rusiya qoşunları bir neçə ay öncə 10-20 əsgərlə müdafiəyə hücum edib, indi isə cəmi dörd nəfərdən ibarət qrupdan istifadə edir.
"Belə taktika Rusiya qoşunlarına müşahidədən yan keçməyə kömək edir, onların səpələnməsi isə dronlar və artilleriyanın köməyilə hədəfə alınmasını çətinləşdirir".
Ukraynalılar da bu taktikadan ötən payızda istifadə edib. Lakin indi, əsgərlərin deməsinə görə, həlledici fərq ondan ibarətdir ki, Rusiya bu konsepsiyanı özünün döyüş sursatlarında olan üstünlüyü və itkilərə dözümlü olması ilə birləşdirib.
Yeni kommunikasiya avadanlığı həmçinin rusiyalı komandirlərə hücumları daha yaxşı təşkil etməyə kömək edib, dronlar hücumunun səmərəliliyini artırıb, əsgərlər deyir.
Bu zaman düşmənin itkiləri heyrət doğursa da, əsgərlər deyir ki, rusiyalıların təzyiqi saxlamaq üçün sayı kifayət qədərdir.
"Onların insanlara rəhmi gəlmir...Bizim olduğumuz son yerdə cəsədlərlə dolu yolayrıcı var, əsgərlər gəlməkdə davam edir, çünki belə əmr edilib", - bunu döyüşçülərdən biri, kiçik leytenant Vitali deyir. - "Bu, kütləvi şəkil alıb. Meyitlərdən hər şey qara rəngə boyanıb".
"Black Bird Group"- un analitiki Pasi Paroynenin qeyd etdiyi kimi, Donetsk vilayətinin cənub hissəsində rusiyalılar avqust və sentyabr aylarında təxminən 318 kv. mil ərazi zəbt edib, onlardan təxminən 268 kv. mili Baxmutla Uqledar arasında olan cəbhə xətti boyunca zəbt edilib.
Bu zaman ən böyük ərazi itkiləri avqustun ortalarından sentyabrın ortalarınadək baş verib, Paroynen deyib, bu da Ukraynanın Rusiyanın Kursk vilayətinə hərbi müdaxiləsi ilə üst-üstə düşüb.
Bu zaman Xarici Siyasət Tədqiqatları İnstitutunun baş elmi əməkdaşı Rob Li qeyd edir ki, Donetsk cəbhəsinin bu sahəsində mübarizənin ən mühüm aspekti, böyük ehtimalla, ərazilər deyil, qoşunların itkisi ola bilər:
"Həm Moskva, həm də Kiyev ağır itkilərə məruz qalıb, kim daha tab gətirərcəksə, o da qalib ola bilər".
Ukrayna Uqledarı itirib
Oktyabrın 1-də Ukraynanın "DeepState" layihəsi bəyan edib ki, Uqledar işğal edilib. Analitiklərin dərc etdiyi kadrlarda Ukrayna şəhərinin bir neçə guşəsində Rusiya bayraqları görünür.
Bu gün məlumat verilib ki, Ukrayna Donetsk vilayətinin Volnovaxsk rayonu üzərində nəzarəti tamamilə itirib.
Eyni zamanda, ISW analitiklərinin fikrincə, Uqledarın işğalı çətin ki, hücum əməliyyatlarının gedişini dəyişsin, çünki şəhər xüsusi mühüm logistika qovşağı deyil.