AZ

Yaxın Şərq “dalanı”: 3 min ildir qan tökülür

“Son 3 000 il insanlıq tarixini yazılı mənbələrinə baxanda görürsən ki, Yaxın Şərq, indiki Suriya, İraq, İran, Livan ərazilərində daim qan tökülüb, müharibələr, münaqişələr bitməyib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu REAL Partiyasının sədri Natiq Cəfərli deyib. 

Sədr bildirib ki, o torpaqların ara-sıra böyük İmperiyaların himayəsində olan dövrlərdə nisbi sabitlik yaşanıb, məsələn, Osmanlı dövründə bölgədə müharibələrin, qan-qadanın sayı azalıb:

“Son illərdə Yaxın Şərqdə qan-qada, ölüm-itim bitmək bilmir. Fələstin məsələsinin ədalətli həlli olmasa, bu münaqişə bitməz, problem də odur ki, hamının, bütün dünyanın “İki Dövlət Modeli” kimi təqdim etdiyi həll yolu da ancaq sözdən, siyasi bəyanatdan ibarətdir, konkret addımları ard-ardına düzüb işlək bir plan təqdim edən yoxdur.

Son 20-25 ildə bölgədə yeni, əvvəllər olmayan bir dəyişiklik baş verib ki, bu da münaqişəni daha da dərinləşdirib. ABŞ və Qərb koalisiyasının İraqa, Suriyaya müdaxiləsi, nə qədər qəribə səslənsə də, ən çox İranın işinə yaradı. Düşüncəsiz kənar müdaxilə ən çox Qərbin, elə İsrailin də təhlükəsizliyinə təhdid yaratdı. 

Qərbin müdaxiləsi nəticəsində Avropaya milyonlarla qaçqın ordusu getdi, qardaş Türkiyə üçün təhdidlər artdı, İran bölgədə özünün geniş və yaxşı təşkilatlanmış proksi güclərini yaratdı. Suriyada, İraqda, Yəməndə, Livanda, Fələstində İran oyunqurucu, özünə bağlı militanlarla söz sahibinə çevrildi. 

Təsəvvür edin ki, bu gün İranın iştirakı olmadan İraqda hökumət qurulmur, Suriyada Əsəd ayaqda qala bilmir, Livanda dövlət içində dövlət olan “Hizbullah” güclü, Yəməndə idarəçilik “husilərin” əlinə olmur”.

N.Cəfərli qeyd edib ki, İran Qərbin öz siyasi-hərbi texnologiyaları ilə proksi güclər quraraq bölgədə əsas söz sahiblərindən birinə çevrildi:

“Bu gün baş verənlər tək Fələstin, Livan, Yəmən məsələsi deyil, Qərbin son 20-25 ildə apardığı səhv siyasətin nəticələrinin aradan qaldırılması məsələsidir. 

İran öz ətrafında yaratdığı ciddi ideoloji gücü, İsrail və Qərbin haqsız davranışlarından qaynaqlanan inandırıcı hekayəsi olan təşkilatları ayaqda saxlamağa çalışır, amma bu elə də asan deyil.

Bu güclər o qədər böyüdü ki, onları saxlamaq üçün ildə yüz milyonlarla dollar yetmir, artıq milyardlarla dollar ehtiyac yaranır. 

İranın isə bu qədər pulu, gücü, texnologiyası yoxdur, deməli böyüyən güclər, proksilər artıq İran üçün də problemə çevriləcəklər, hətta artıq çevriliblər. Yaranmış proksi təşkilatlar o qədər gücləndilər ki, artıq İran üçün də problem yaradırlar, onlar İranı daim “ağsaqqal” kimi davranmağa, cavab verməyə, onlara arxa-dayaq olmağa məcbur edirlər. 

İran isə artıq bunu ya istəmir, ya bacarmır, ya da, qurduğu proksiləri Qərblə yaxın zamanlarda baş tutacaq fundamental anlaşmalarda istifadə etmək istəyir. İran anlayır ki, sabah bu proksilərə pulu çatmasa, başqa pullu oyunçular ortalığa çıxıb həmin militan gücləri arxasına alacaq, bir müddət sonra isə elə İranın özünə qarşı istifadə edəcəklər.

Düşünürəm ki, bu gün İran əlində olan bütün aktivləri, yəni proksilər, Rusiya ilə yaxşı münasibətlər, və s., Qərblə bazarlıqda istifadə etməyə hazırlaşır. Əgər Qərbdən çox yaxşı təklif gələrsə, bütün aktivləri onlara “satacaq”. 

Bu gün Yaxın Şərqdə həm də gələcək işlək yeni logistik marşrutlar uğrunda mübarizə gedir, bu məsələdə maraqlı güclər çox, uzlaşa biləcəkləri nöqtələr isə azdır, və ya demək olar ki, yoxdur.

Bütün bu geosiyasi oyunlar fonunda olan sadə insanlara olur, minlərlə günahsız fələstinlilər həlak olur, İsrailin yaşayış yerlərinə raketlər uçub sivil xalqa ziyan verir.

Sözün qısası, minillər öncə olduğu kimi, bu gün də bölgədə siyasi oyunların qurbanı yenə sivil xalq, uşaqlar, qocalar, günahsız insanlar olur”.

Seçilən
5
2
cebheinfo.az

3Mənbələr