“Vidadi İsgəndərli və digərləri siyasi fəaliyyətə görə yox, söyüş və tərbiyəsizliyə görə cəmiyyətdə tanınıblar. Bunun kimi 15-20 nəfər belə tərbiyəsiz fəaliyyətlə məşğul olan adamlar var. Bu cür fəaliyyətlə ona görə məşğul ola bilirlər ki, Fransada, Almaniyada və başqa yerlərdə xüsusi xidmət orqanları bunları himayə edirlər, bunlar da həmin xidmət orqanlarının istiqaməti üzrə söyüş ritorikasını cəmiyyətə təqdim edirlər. Başlarına nə hadisə gəlirsə, hamısı nəzarətdədir, çünki hamısı həmin ölkələrin xüsusi xidmət orqanlarına hesabat verən, onlardan vəsait alan insanlardır. Bu baxımdan Vidadi İsgəndərli kimilərin başlarına gələn hadisələri həmin ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyəti kontekstində araşdırmaq doğrudur. Çünki Azərbaycan hakimiyyətinin hər hansı şəkildə başqa ölkələrdə belə bir niyyətinin olduğunu sübuta edəcək heç bir əsas yoxdur, ola da bilməz”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa deyib.
“Bəzi ölkələr bilavasitə konkret şəxslər üzərində elə bir nəzarət mexanizmi qurublar ki, bunu başqa yerə yönəltmək mümkün deyil. İkinci versiya bu ola bilər ki, əxlaqsızların da öz aralarında rəqabət olur. Söyüş cinahını götürmüş adamlar arasında yarış gedir. Kim daha çox proqram tərtib edəcək, təhqir, söyüş kampaniyası aparacaq və buna görə dəstək alacaq. Görünür, həmin rəqabət qrupları arasında hansısa pul davası da ola bilər. Diqqət edirsinizsə, əxlaqsız fəaliyyətlə məşğul olan bu adamların bütün rəqabətlərində çox vaxt bir-biri ilə yolları kəsişir. Dəfələrlə olub ki, bir-birilərini ifşa etməyə çalışıblar. Vidadi İsgəndərlinin öldürülməsində də məsələyə həmin kontekstdən yanaşmaq daha doğrudur. Təbii ki, bunu edənlər də ölkə daxilindəki əlaltıları vasitəsilə məsələni Azərbaycan hakimiyyətinə yönəltməyə çalışacaqlar. Həmin əməllər bu niyyətlə edilib. Məsələnin gerçək mahiyyətini qoy o ölkənin hüquq-mühafizə orqanları araşdırsınlar. Onda aydın olacaq, Vidadi İsgəndərlinin öldürülməsində ya həmin ölkələrin xüsusi xidmət orqanlarının əli var, belə bir hadisə törədiblər ki, Azərbaycan əleyhinə yeni kampaniya başlatsınlar, ya da bunların tayları, bunlarla eyni xətti yürüdənlər, eyni söyüş kampanyasını aparanlar arasında rəqabətdir. Kimisə sıradan çıxarıb ondan daha üstün, əlverişli mövqeyə gəlmək üçün aparılan mübarizədir. Bu elə bir formada həyata keçirilib ki... Vidadi İsgəndərli özü dəyərsiz bir adam idi, son fəaliyyəti də heç bir əxlaq prinsiplərinə sığmırdı. 15-20 nəfər tayı da var və öz aralarındakı rəqabət nəticəsində Vidadi İsgəndərlinin öldürülməsi ehtimalı böyükdür. Qəsdən Azərbaycan hakimiyyətinin üzərinə yıxmaqla bir kampaniyaya başlamaq üçün əsas vermək istəyirlər. Bu da əvvəlki variantlar kimi keçərli olmayacaq. Necə ki belə iddialar dəfələrlə iflasa uğrayıb, məsələ aydınlaşanda görünəcək ki, həqiqətən də, bu cür oyunlarla Azərbaycanı qaralamaq, hakimiyyəti hədəfə götürmək niyyəti iflasa uğrayacaq”.
Aytəkin Qardaşova