AZ

Ulu öndər Heydər Əliyev fenomeni: Böyük Zəfərə gedən yol tarix və müasirlik kontekstində ŞƏRH

Azərbaycan xalqı indi çox böyük və şanlı bir tarixi dövrü yaşayır. Torpaqlarımız işğaldan azad edildikdən və Suverenliyimiz bərpa olunduqdan sonra, bir növ Azərbaycana istər bəzi region dövlətləri tərəfindən, istərsə də Qərb dövlətləri tərəfində ciddi basqılar olsa da, faktların təhlili göstərir ki, ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin dəfələrlə yüksək tribunalardan qeyd etdiyi kimi indi Azərbaycanla heç kim təhdid dili ilə danışa bilməz.Bu tezis onu təsdiq edir ki, Azərbaycan sözün həqiqi mənasında indi çox qüdrətli bir dövlətə çevrilmişdir və faktiki olaraq indi regionda həyata keçirilən elə bir layihə, elə bir qlobal proqramın reallaşmasını Azərbaycansız təsəvvür etmək mümkün də deyildir. Şübhəsiz bu son dərəcə qürurverici bir məqamdır. Ancaq yaxın tariximiz nəzərdən keçirilərkən görürük ki, bu inkişafa və qələbəyə çatmaq elə də asan olmayıb.

Tarixi faktlar sübut edir ki, xarici təzyiqlər nəticəsində Azərbaycan xalqının taleyi son iki əsrdə kifayət qədər çətin və ziddiyyətli situasiyalardan keçmişdir. Bu baxımdan, ictimai-siyasi təfəkkürdə xüsusilə,XX əsr Azərbaycan xalqının taleyində xüsusi önəm daşıyan ziddiyyətli əsrlərdən biri kimi xarakterizə edilməkdədir. Lakin obyektiv olaraq qeyd etmək lazımdır ki, XX əsr nə qədər ziddiyyətli dövr kimi xarakterizə edilsə də, məhz, bu əsrdə Azərbaycan xalqının taleyində Heydər Əliyev şəxsiyyətinin mövcudluğu və fenomenal – ictimai-siyasifəaliyyəti də,“paradokslar əsiri” hesab edilən ötən əsrdə tariximizin qızıl səhifəsi kimi müstəqillik və dövlətçiliyin mahiyyətini dərk edən insanların əbədi yaddaşına çevirilmişdir. Bu baxımdan XX yüzilin tarixi dinamikası nəzərdən keçirilərkən qeyd-şərtsiz məlum olur ki, Azərbaycan xalqının dövlətçilik tarixində -misilsiz uğurlar qazanmasındaHeydər Əliyev ideyaları,strategiyası qədərikinci bir ümummilli fenomen və hadisəni təsəvvür etmək mümkün deyildir. Bu onu bir daha sübut edir ki, fenomen liderlər tarixin mehvərini yaradan, ona yön verən, tarix və müasirliyi daima düzgün koordinasiyalaşdıran, gələcəyi aydın şəkildə konstruksiya edən şəxsiyyətlər olduğu üçün onların strateji hədəfləri tarixdə elə inkişaf və sıçrayışlar yaradır ki, tendensiyanın bəzən təfsir edilməsi ciddi zaman tələb edir. Başqa formada qeyd etsək, tarix sübut edir ki, xilaskarlıq missiyası, müstəqilliyin təmin edilməsi, xalqın ümumi sevgisini qazanmaq, milli birliyə, dayanıqlı inkişafa nail olmaq hər bir dövlət başçısına qismət olmayan hadisədir. Məsələn, 44 günlük Vətən Müharibəsi və 19 sentyabr 2023-cü il tarixindəki ümummilli Zəfər bir daha sübut etdi ki, dövlətin Liderinin milli strategiyası, yüksək zəkası, tarix və dövlətçiliyə baxışı, dönməz iradəsi, milli təfəkkürü milli maraqlara, milli ideyaya gələcəyə düzgün hesablananda o,­– dövlət sözün həqiqi anlamında müstəqil olur, suverenliyini bərpa edir, qlobal anlamda qəbul olunur, eyni zamanda təhdidlərə baxmayaraq həm ərazi bütövlüyünü, həm də beynəlxalq hüququn təmin edilmə vəzifəsini uğurla həyata keçirə bilir. Eyni zamanda belə yüksək mədəniyyəti nümayiş etdirən dövlətlər, həm də tarix və müasirliyin vəhdətini, qlobal problemlərin həllini, beynəlxalq hüququn təminatını öz milli maraqları kimi qəbul edir və tarixin qlobal dərki kontekstində onları həll etməyə çalışır. Məhz bu baxımdan Heydər Əliyev dühası nəinki yaxın tariximiz üçün, suverenliyin bərpası, davamlı inkişaf, milli maraqların təminatı və s. kimi mehvər paradiqmalar və strategiyaların formalaşmasını müəyyən etmişdir.Həmçinin, bu mehvər elə yüksək formada təsbit edilmişdir ki, o yaxın yüzillərin ideya və ideologiya baxımdan Azərbaycan dövlətçiliyinin, xalqının tarixi şüuru və kimliyinin, milli maraqlarının daima yüksələn xətt üzrə inkişaf və qorunmasını şərtləndirir. Ulu öndər Heydər Əliyev fenomeni tarix və müasirlik kontekstində böyük bir məktəb, tarixi yaddaş, milli qürur və dövlətçilik yoludur ki, bu yolun məntiqi nəticəsi məhz inkişaf, intibah və Zəfərlə bitməli idi.

Təsadüfi deyildir ki, sovet Azərbaycanının məhz 1969-1982-ci illər dövrünü mütəxəssislər Azərbaycanın XX əsr mədəniyyət, incəsənət, təhsil, elm, iqtisadiyyat və s. sahələrdə İntibah dövrü kimi xarakterizə edirlər. Məsələn, böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi“Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir”. Məhz o, Azərbaycançılıq ideologiyasını yaratmış, onun milli, – dil, din, mədəniyyət, hərb sənəti, iqtisadiyyat, təhsil, elm və s. kimi komponentlərinin müasir özəyini, modern və davamlı inkişafını təsbit etmişdir.

Aydındır ki, sovetlər ideologiyasının əsasını kosmopolit bir ideologiya təşkil edirdi. Lakin burada istənilən halda müsəlman respublikalarına qarşı bir ciddi fərqli siyasətində olduğu həmişə hiss olunmaqdaydı. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katib seçildikdən sonra H. Ə. Əliyevin qarşısında aqrar bir Respublika mövcud idi. Lakin qısa bir zaman kəsimində Heydər Əliyevin işgüzarlığı, idarəetmə bacarığı, istər ölkənin aqrar sektorunda, istərsə də iqtisadi-mədəni sferalarında, sosial həyatda ciddi uğurları nəinki ölkə daxilində əks-səda yaratdı, o cümlədən, mərkəzi hakimiyyətin diqqətini cəlb etməyə başladı. Lakin o, çox gözəl anlayırdı ki, iqtisadi inkişafla yanaşı milli-mənəvi dəyərlərin, milli düşüncə tərzinin inkişafı da, həmin dövrlərdə ən ciddi vəzifə kimi onun missiyasına daxildir. Heydər Əliyev çox gözəl bilirdi ki, xalqın tarixi şüurunda, onun milli varlığında, yad təsirlərin nəticəsində ciddi özgələşmələr baş vermişdir, məhz bu istiqamətdə onun milli siyasəti həyata keçirmək, dilimizi, dinimizi, mənəvi dəyərlərimizi, mədəniyyətimizi yenidən dirçəltmək, təşkilatı anlamda yenidən reformasiya etmək kimi bir müqəddəs vəzifə dururdu.

Yuxarıda qeyd edilən faktlar bir daha onu təsdiq edir ki, rəhbərin, liderin, birinci şəxsin şəxsi keyfiyyətləri bilavasitə yüksək olduqda, o milli məfkurəni istənilən rejimlərdə qoruya, gerçəkləşdirə bilər. Həmin illərdə aydındır ki, bütün bu ideyaları həyata keçirmək asan məsələ deyildi, amma Heydər Əliyevin 1969-1982-ci illər birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrün elmi-fəlsəfi kontekstdə araşdırılması sübut edir ki, o, bu işin öhdəsindən layiqincə gəlmiş və milli şüurun inkişafında fundamental mehvər qoymuşdur. Biz həmin dövrdə baş verən prosesləri, hadisələri, quruculuq, sənaye, mədəniyyət və s. layihələrini burada statik olaraq göstərmək imkanında olmasaq da, yalnız bir məsələni 1978 -ci il Azərbaycan sovet Konstitusiyasının qəbulu zamanı dövlət dilinin Konstitusiyada Azərbaycan dili kimi qeyd olunmasını, yaxud, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin məhz Azərbaycanda yaradılmasını, nəhəng mədəniyyət və təhsil ocaqlarının inşasını göstərməklə gələcəyə hesablanmış Heydər Əliyev dühasının miqyasını xüsusi vurğulamaq istərdik.

Heydər Əliyevin siyasi strategiyasında tarixə münasibət, identikliyin təsbiti, milli maraqların qorunması, davamlı inkişaf və s. məsələlər, prioritet təşkil etsə də onun əsas strateji məqsədlərinin içərisində ərazi bütövlyünün qorunması, suverenliyin bərpası, ölkənin iqtisadi, mədəni, hərbi, intellektual və s. potensialının artırılması da həmişə prioritet təşkil etmişdir. Eyni zamanda Heydər Əliyevin dahiliyi onda idi ki, o, tarixə qiymət verərkən mənfi halların da, müsbət məqamlarında obyektiv şəkildə qiymətləndirilməsinin tərəfdarı kimi tarixi ədaləti qorumağı tövsiyə edirdi. Bu baxımdan o, sovet Azərbaycanının uğurlarının sovetlərin tərkibində olduğu üçün birmənalı şəkildə inkarını haqlı olaraq tənqid edir və orada baş verən müsbət məqamların da qeyd olunmasını istəyirdi. Şübhəsiz bu baxış tarixə fəlsəfi baxışdır və onun nəzəri interpretasiyası həm vacib, həm də zərurət təşkil edir. Ulu öndərin sözləri ilə desək: “böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm də bugününə, həm də gələcəyinə dərin məsuliyyət hissi ilə yanaşma”hər bir azərbaycanlının, mütəxəssisin, ziyalıların, Azərbaycan vətəndaşının borcu olmalıdır.Çünki söhbət həm də ondan gedir ki, sonrakı tarixi şərait sübut etdi ki, həqiqətən də “...elə tarixi şəxsiyyətlər var ki, Heydər Əliyev kimi, dövlət yaradır və onu parçalanmadan qoruyaraq stabilləşdirir və elə şəxsiyyətlər də var ki, onların təyinatı və böyüklüyü bu stabilliyi qorumaq, onu modernləşdirmənin, ölkənin “yenidən format edilməsinin”, sivilizasion irəlləyişinin əsasına, bazasına çevirməkdən ibarətdir”. Bu tezis bir daha onu təsdiq edir ki, tarix yalnız tam halında qəbul edilərkən, interpretasiya olunarkən canlı və obyektiv tarix olur.

Sonda bir daha əminliklə qeyd edək ki, 44 günlük Vətən Müharibəsi və 19 sentyabr 2023-cü il tarixlərində qazanılmış əbədi qələbə sübut etdi ki, dövlətin liderinin milli strategiyası, yüksək zəkası, dönməz iradəsi milli təfəkkürü “yenidən formatlaşmaya” düzgün hesablananda o, həm öz ərazi bütövlüyünü, həm də beynəlxalq hüququn təmin edilmə vəzifəsini, identikliyin təminatı işini uğurla həyata keçirə bilər. Biz bu hadisələrin canlı şahidi olmaqla bərabər bir daha əminliklə qeyd edə bilərik ki, məhz 44 günlük Vətən Müharibəsi və nəticə olaraq 2023-cü ilin oktyabrın 15 də Xankəndində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin bayrağımızı ucaltması tarixin fəlsəfi dərki baxımından dövlətçilik şüurumuzun, ənənəvi və modern identikliyimizin, mədəni, milli, tarixi irsimizinbərpası,yeni tarixi mərhələnin real təməlidir.

Şölət Zeynalov

YAP Yasamal rayonu AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Seçilən
7
sesqazeti.az

1Mənbələr