AZ

Qurban Qurbanov: “Yeni formata tam uyğunlaşmamışıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsində “Malmö”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu sabah Avroliqanın əsas mərhələsinin 2-ci turu çərçivəsində İsveçin “Malmö” komandasını qəbul edəcək.

Bu gün oyundan öncə baş məşqçi Qurban Qurbanovla braziliyalı hücumçu Olavio Juninyonun mətbuat konfransı təşkil olunub.

Təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:

“Sabah vacib oyuna çıxacağıq. Doğma meydançamızda, azarkeşlərimiz önündə ilk matçımız olacaq. Özünəməxsus oyun tərzi olan komandaya qarşı oynayacağıq. Hazırlığımız pis keçmir. Düzdür, bəzi problemlərimiz var. Ancaq yenə də yaxşı oyunla uğurlu nəticə əldə etməyə çalışacağıq”.

Qurban Qurbanov braziliyalı müdafiəçi Mateus Silvanın zədəsinin ciddi olduğunu deyib: “Mateus yəqin ki, bir neçə matçda bizimlə olmayacaq. Marko Yankoviçin isə ümumi durumu pis deyil. Amma onunla bağlı hələ qərar verməmişik”.

Təcrübəli mütəxəssis hələ Avroliqanın yeni formatına tam uyğunlaşmadıqlarını etiraf edib:

“Hələ ki, tam uyğunlaşmamışıq. Bizim kimi klublara, futbol ölkələrinə bəlkə az komanda olması daha çox sərf edər. Biri var, 3-4 komandanı analiz edirsən, qışa qədər onlara qarşı hazırlaşırsan, biri də var, 36 komandanın bütün oyunlarını gözləyirsən. Elə rəqiblər var ki, bəlkə onlara qarşı evdə oynamaq istəyərdin, səfərə düşürsən. Belə hallar var. Amma bunlar problem yaratmalı deyil. Hamı üçün eynidir. Əvvəl-axır buna öyrəşməliyik. Daha böyük təcrübəsi olan komandalar buna tez uyğunlaşa bilər. Bizdə çətinlik ola bilər. Bu cür dəyişikliklərin olması futbol şüurumuza, futbolçuların düşüncələrinə daha faydalı olar. Bəlkə də daha çox və tez təcrübə toplayarlar. Əvvəl 1-2 oyunun nəticəsini gözləyirdik, indi hər tur bütün oyunların nəticələrini gözləyirik. Əvvəl 2 komandaya baxırdız, indi bütün oyunlara. Həm sizin, həm bizim işimiz çoxalır”.

“Əvvəlki və indiki Juninyo arasında fərq yoxdur”

Juninyo da qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: “Bütün ölkə, şəhər, azarkeşlər üçün çox önəmli oyun olacaq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Avrokubokların son üç oyununda qol vura bilməmişəm. Bütün bunları aradan qaldırmağın yolu məşqlərdə çalışmaqdır. Daha məhsuldar olmağım və komandaya xeyir verməyim üçün baş məşqçi mənə köməklik göstərir.

Çempionlar Liqası qitənin ən nüfuzlu klub turniridir. Orada oynamaq mənim də arzumdur. Amma Avroliqada oynamağı da arzulamışam. Bu yarışlarda fərq görmürəm. Eyni motivasiya, eyni istək var. Bu, futboldur. Bəzən uğursuzluq seriyası olur, top qapıya getmək istəmir. Bu çatışmazlığı aradan qaldırmaq üçün məşqlərdə daha çox işləmək lazımdır. Əsas odur ki, yanımdakı insan, baş məşqçimiz mənim işimə inanır, mən də özümə güvənirəm. Ümid edirəm ki, tezliklə qollar gələcək. Əvvəlki və indiki Juninyo arasında fərq yoxdur. Elə həminkiyəm, heç nə dəyişməyib. Qoldan çox, yaxşı oynamağı fikirləşirəm. Qollar da daha çox işləməyin nəticəsidir”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmaya saat 20:45-də start veriləcək.

Seçilən
14
arena.az

1Mənbələr