AZ

"İnternet əlçatanlığı hələ də ürəkaçan formada deyil" - EKSPERT NARAZILIQ ETDİ

“Pandemiya ilə əlaqədar olaraq təhsilin distant formada olması Azərbaycanın təhsil sisteminə müvafiq platformalarda informasiya texnologiyaları ilə işləmək, onlayn dərsin keçirilməsi ilə bağlı vərdişlər qazandırdı. Düşünürəm ki, bu proses gələcəkdə də yarana biləcək müvafiq vəziyyətə daha hazırlıqlı olmağımıza səbəb oldu”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

O bildirib ki, pandemiya dövründə Azərbaycanda distant təhsillə bağlı müəyyən bir təcrübə formalaşdı: “Bütövlükdə bu dövr təhsil sistemimizə bir çox müsbət məqamlar qazandırdı. Belə ki, distant təhsil zamanı bəzi təhsilverənlərin informasiya texnologiyaları ilə əlaqədar hələ də problemlərinin olduğu ortaya çıxdı. Bu da onların bu istiqamətdə bilik və bacarıqlarını artırmaqlarını zəruri etdi. O cümlədən, bəzi ərazilərimiz üzrə internet əlçatanlığı hələ də ürəkaçan formada deyil. Paytaxtdan kənar, ucqar rayon və kəndlərdə internet təminatının yaxşılaşdırılması məsələsi mütləq öz həllini tapmalıdır. Distant təhsillə bağlı müvafiq vacib qeydlərin aparılması ilə bağlı elektron jurnalların olması və qiymətləndirmənin aparılması ilə əlaqədar da müvafiq tədbirlər görülməlidir. Lakin onlayn təhsilin uzunmüddətli olması şagirdlərin davamlı olaraq kompyuter və telefondan istifadəsini zəruri edir. Bu isə bir müddət sonra onların sağlamlıqlarında mənfi şəkildə özünü göstərəcək. Bunun xaricində isə distant təhsilin digər bir ciddi mənfi cəhəti yoxdur”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
55
sia.az

1Mənbələr