İsrail BMT baş katibi Antonio Quterreşin ölkəyə girişini qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İsrael Katz məlumat verib.
İsrailin baş diplomatı Quterreşin İranın dünənki raket hücumunu adekvat şəkildə qınamadığını deyib:
“BMT baş katibi Antonio Quterreş bu gün İsraildə “arzuolunmaz şəxs” (persona non-qrata) elan edilib və ölkəyə girişi qadağan olunub. İranın İsrailə hücumunu birmənalı şəkildə pisləyə bilməyən hər kəs İsrail torpağına ayaq basmağa layiq deyil. Bu baş katib hələ də HƏMAS-ın 7 oktyabrda törətdiyi qətliamı və vəhşiliyi pisləməyib və HƏMAS-ı terror təşkilatı elan etmək üçün heç bir səy göstərməyib. HƏMAS, “Hizbullah”, Husilər və hazırda qlobal terrorizmin vətəni olan İrandan olan terrorçuları, təcavüzkarları və qatilləri dəstəkləyən baş katib BMT tarixində ləkə kimi yadda qalacaq. Quterreş olsa da, olmasa da, İsrail öz vətəndaşlarını müdafiə etməyə və milli şərəfini qorumağa davam edəcək”.