AZ

Vətənə və xalqa sədaqətli xidmət

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməsi ilə qoyulub. Tariximizə Milli Qurtuluş Günü kimi yazılan iyunun 15-i Vətənin parçalanması, vətəndaş müharibəsinin qarşısının alınması kimi bir missiyanın başlanğıcı idisə, oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının göstərdiyi siyasi iradə mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün hüquqi qurtuluş, inkişafa gedən yolun ilk pilləsi idi. Həmin gün xalq böyük səs çoxluğu ilə öz seçimini edərək Ulu öndər Heydər Əliyevi prezident seçdi və taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Məhz 1993-cü ilin oktyabrında Ulu Öndərin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesinin başlanğıcı qoyuldu. Məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətin Prezidenti seçilən Ulu Öndər hər şeyi sıfırdan başlayaraq, ölkədə ictimai-siyasi sabitliyin bərpası, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi istiqamətində qısa müddətdə inanılmaz nəticələrə nail oldu. Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətinə qarşı olan daxili və xarici qüvvələrin arzusunu ürəyində qoyan sipərə çevrildi. Təkcə bir tarixi fakta nəzər yetirmək kifayətdir ki, Ümummilli Lider Heydər Əliyevin prezident seçilməsindən sonra bir neçə dövlət çevrilişi cəhdinin və Ermənistan silahlı qüvvələrinin xain hücumlarının qarşısı alındı.

Çox qısa zamanda ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində ciddi irəliləyişlərə nail olundu. Ulu Öndər Ali Baş Komandan kimi Horadiz əməliyyatı ilə ordumuzun qürurunu bərpa etdi və bu günkü tarixi zəfərin təməlini qoydu. Bütün siyasi, hərbi və diplomatik gərginliklərə baxmayaraq, Ulu Öndər cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar edərək dövlətimizin sosial-iqtisadi yüksəlişinə yol açan ciddi islahatlara start verdi. Dahi dövlət xadiminin heyrətamiz siyasi ustalıqla reallaşdırdığı “Əsrin müqaviləsi” Azərbaycanın diplomatik cəbhədə və iqtisadi sektorda yüksəlişinin əsası hesab edilə bilər. Ümummilli Liderin siyasi uzaqgörənliyinin təsdiqi olan bu sənəd gələcək illərdə həm dövlətin iqtisadi qüdrətinin, həm də beynəlxalq nüfuzunun bazasını yaratdı. Bütün bu proseslərlə, iqtisadi yüksəlişlə yanaşı, Ulu Öndərin yürütdüyü siyasətdə milli- mənəvi məsələlər də mühüm əhəmiyyət kəsb edirdi. Ümummilli Lider üçün müstəqil Azərbaycan dövlətinin təməl ideyasını azərbaycançılıq məfkurəsi təşkil edirdi. Əsası məhz dahi rəhbər tərəfindən qoyulan və 1993-cü il 3 oktyabr seçkilərindən sonra dövlət ideologiyasının əsas xətti kimi həyata keçirilən azərbaycançılığın əsasını hər birimizin öz milli mənsubiyyətinə görə qürur hissi keçirməsi təşkil edir. Bu amalın da əsasında heç şübhəsiz qüdrətli dövlət quruculuğu dayanır. Ümummilli Liderin 10 illik prezidentlik dönəmində qüdrətli dövlət üçün bütün hüquqi və siyasi təməllər yaradıldı, gələcək hədəflər müəyyələşdirildi. Bu təməllər üzərində güclü Azərbaycanın qurulmasını da məhz Ulu Öndərin xalqın istiqamətləndirdiyi yol müəyyənləşdirdi.

Dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə bütün həyatını həsr etdiyi Azərbaycanın gələcəyini özünün siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevə etibar etməklə bütövlükdə xalq və dövlət olaraq gələcək inkişafımızı əbədi təmin etmiş oldu. Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğunu zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə 200 illik tariximizin qələbə və şərəf salnaməsini yazdı. Bu gün Ümummilli Liderimizin arzusu olan ərazi bütövlüyümüz tam bərpa olunub, həm də Azərbaycan Respublikasının geopolitik liderliyi təsbit edilib. Bu gün xalqımız 31 il öncə qurtuluş yolu olaraq edilən seçimin - Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi xoşbəxtliyini yaşayır. Zaman 3 oktyabr seçkilərinin tariximizdə yerini və böyük zirvələrə gedən yolun başlanğıcı olduğunu bir daha təsdiq etdi. Təqvimin bu günü qələbə və şərəf salnaməsinin başlanğıc günü kimi tariximizə və qəlbimizə həmişəlik həkk olunub. Hər birimiz qüdrətli və güclü Azərbaycana görə 3 oktyabr 1993 cü  ildə xalqın seçiminə və bu seçimi tarixi uğura çevirən Ulu Öndər Heydər Əliyevə əbədi borcluyuq.

Seçilən
48
2
yeniazerbaycan.com

3Mənbələr