AZ

“Qadın güləşçilərdən böyük uğurlar gözləyirik”

Güləş üzrə U-20 və U-17 yaş qrupunda ilin əsas yarışlarına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Msport.az-a verilən məlumata görə, qızlardan ibarət komanda 2024-cü ildə bu yaş qrupları üzrə keçirilən Avropa və dünya çempionatlarında 9 medal (1 qızıl, 1 gümüş, 7 bürünc) qazanıb. Ötən il keçirilmiş analoji yarışlarda bu növdə cəmi 5 (2 gümüş, 3 bürünc) medal əldə olunmuşdu.

Yığmanın böyük məşqçisi Rövşən Umudov komandanın 2024-cü ildəki çıxışını şərh edib: “Bilirsiniz ki, Azərbaycanda qadın güləşində məhdud sayda idmançı var. Ona görə də Avropa və dünya çempionatlarında tam heyətlə təmsil olunmuruq. Maksimum 5-6 güləşçi ilə bu yarışlarda iştirak etdiyimizi nəzərə alsaq, çıxışımızı uğurlu saymaq olar. Fikrimcə, tam heyətlə iştirak etsəydik, komanda hesabında da nailiyyət qazana bilərdik. Bu il Ruzanna Məmmədova U-20 Avropa çempionu oldu. Fatimə Bayramova yeniyetmələr (U-17) arasında qitə birinciliyində gümüş medal qazandı. Nəzrin Əhmədli, Günay Qurbanova və Zəhra Kərimzadə U-17 yaş qrupunda həm Avropa, həm də dünya çempionatında bürünc medal əldə etdi. Nərgiz Səmədova isə gənclər arasında dünya üçüncüsü oldu”.

Təcrübəli mütəxəssis güləşin bu növündə kütləviliyin yaradılması üçün təkliflərini də bildirib: “Azərbaycanda qadın güləşinə axın olmadığını hamımız yaxşı bilirik. Bildiyiniz kimi, yığma komandada həm yeniyetmə, həm gənclər, həm də böyüklər daxil olmaqla maksimum 20-25 idmançı ilə məşq edirik. Hər həftə idman verilişlərində videoçarxlar göstərilməli, dünya və Avropa çempionatlarında medallar almış idmançıların çıxışlarından istifadə olunmaqla qadın güləşini təbliğ etmək lazımdır”.

R.Umudov güləşçilərin gələcək perspektivindən də danışıb: “Ruzanna Məmmədovanın 18 yaşı yenicə tamam olub. Bir idmançı bütün yarışları eyni qaydada keçirə bilmir. Bir şeyi də qeyd edim ki, Avropa və dünya çempionatı arasında çox böyük fərq var. Dünya çempionu olmaq və ya bu yarışda medal qazanmaq çox çətindir. Amma bu güləşçinin böyük potensialı var və onun gələcəkdə böyük uğurlar qazanacağına inanırıq. O ki qaldı, yeniyetmələrə, təbii ki, onlardan da çox böyük uğurlar gözləyirik. Əlbəttə, bunun üçün çox işləmək və ciddi hazırlaşmaq lazımdır. Düzgün, lazım olan qaydada məşqlərimizi davam etdirsək, bu gün adlarını çəkdiyimiz idmançılar gələcəyin olimpiyaçıları ola bilərlər”.

phrase_var_article.chosen
26
3
msport.az

7phrase_var_article.sources