AZ

Şagirdlərin sağlam qidalanma problemi - Məktəb bufetlərində nələr satılır?

"Məktəb bufetləri şagirdlərin sağlamlığı və inkişafı üçün çox vacib bir mövzudur. Məktəb bufetləri sağlam qidalanma mədəniyyətinin yaradılmasında mühüm rol oynayır və buna görə də orada təqdim olunan hər bir qidanın uşaqların gələcək sağlamlığına müsbət təsir göstərməsi vacibdir. Təəssüf ki, bu gün bəzi məktəb bufetlərində çox yağlı, şəkərli və aşağı qida dəyərinə malik məhsullar üstünlük təşkil edir. Bəs məktəb bufetlərində nələr olmalıdır? Şagirdlər üçün nələr nəzərdə tutulmalıdır?

Bu suallar ətrafında  sağlam qida təbliğatçısı Asim Vəli Sitat.info-ya açıqlama verib. 

O bildirib ki, məktəb bufetlərində əsasən balanslı qidalar təklif edilməlidir: "Bufetlərdə servis olunan qidalar həm yuxarı sinif, həm də ibtidai sinif şagirdlərinin yaş və qidalanma ehtiyaclarına uyğun olmalıdır. Məktəb bufetlərində əsasən balanslı qidalar təklif edilməlidir. Bu müxtəlif vitamin və minerallarla zəngin, həmçinin karbohidrat, zülal və yağ balansına malik qidalar olmalıdır. Məsələn, təzə meyvələr, tərəvəzlər, tam buğda məhsulları, qoz-fındıq, süd məhsulları (pendir, qatıq və s.) həm ibtidai, həm də yuxarı sinif şagirdlərinin ehtiyaclarına uyğun gəlir". 

Ekspert bildirib ki, qida məhsullarında yüksək şəkər və duz sağlamlıq problemlərinə gətirib çıxara bilər: "Bu səbəbdən məktəb bufetlərində hazır şirniyyatların, şəkərli içkilərin, çox yağlı və duzlu qəlyanaltıların minimuma endirilməsi məqsədəuyğundur. Bunların əvəzinə təbii şirələr və mineral sular təklif edilməlidir. Yuxarı sinif şagirdləri artıq daha aktiv həyat tərzi keçirirlər və onların qida ehtiyacları daha çoxdur. Onlar üçün proteinlə zəngin qidalar, həmçinin enerji verən alternativlər təqdim olunmalıdır". 

Bəs, azyaşlı şagirdlərlə, yuxarı sinif şagirdlərinin qidanlanması arasında hansı fərqlər olmalıdır?

Bu sualı cavablandıran A.Vəli vurğulayıb ki, azyaşlı uşaqlar daha az kalorili, amma yüksək qida dəyəri olan məhsullarla təmin edilməlidir: "Kiçik qəlyanaltılar, təbii meyvə püresi, balqabaq və ya yerkökü kimi tərəvəzlər, süd məhsulları ilə yanaşı onların zövqünə uyğun və eyni zamanda sağlam qəlyanaltılar təklif olunmalıdır". 

"Məktəb bufetləri təhsil müəssisələrinin tərkib hissəsi kimi şagirdlərin həm fiziki, həm də zehni inkişafına dəstək olmalıdır"-  deyən qida mütəxəssisi əlavə edib ki, bufetlərdə qida təhlükəsizliyi qaydalarına riayət olunmalı, həmçinin müəllimlər və valideynlər şagirdlərin qidalanma vərdişlərinin düzgün yönəldilməsinə diqqət yetirməlidirlər: "Məktəb bufetləri sağlam qidalanma mədəniyyətinin yaradılmasında mühüm rol oynayır və buna görə də orada təqdim olunan hər bir qida uşaqların gələcək sağlamlığına müsbət təsir göstərməlidir."

Fatimə, 

Sitat.info

Seçilən
75
27
sitat.info

10Mənbələr