AZ

Raketlərin kölgəsində: Sükutla qızışan müharibə

İsrail və İran arasında dünən baş verən raket hücumu Yaxın Şərqdə strateji rəqabətin ən son epizodlarından biridir və regional geosiyasi konteksti daha da mürəkkəbləşdirir. Bu hadisə, iki ölkə arasındakı uzunmüddətli düşmənçiliyin yenidən alovlanması və regional balansın pozulması riskini artırır.

Bəs bu hücumun təsirləri geosiyasi vəziyyətdə özünü necə göstərəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Kazım Kazımov bildirib ki, İsrail və İran arasında baş verən son hücum tərəflərin artıq illərdir davam edən müharibə şəraitində apardıqları hibrid mübarizənin bir hissəsi kimi qəbul edilməlidir. İran Yaxın Şərqdə öz nüfuzunu artırmaq məqsədilə Suriya, Livan, İraq və Yəməndə müttəfiqləri və hərbi qruplaşmaları dəstəkləyir. İranın əsas məqsədi "müqavimət oxu" adlandırılan anti-İsrail və anti-Qərb koalisiyasını gücləndirərək regionda öz mövqelərini daha da möhkəmləndirməkdir. Bu çərçivədə İran hərbi, iqtisadi və ideoloji təməllərə söykənən bir strategiya izləyir.

Müsahibimizin sözlərinə görə, İsrail isə bu təhdidə cavab olaraq İranın hərbi infrastrukturuna qarşı aktiv əməliyyatlar həyata keçirir:

"Xüsusilə İranın Suriyada yerləşdirdiyi silah anbarları və hərbi bazalar İsrailin müntəzəm hücumlarının hədəfinə çevrilir. İsrailin bu hücumları özünü müdafiə tədbiri kimi əsaslandırması, hər iki tərəf arasında baş verən son raket mübadiləsinin daha geniş mənzərəsini ortaya qoyur. Hücumların intensivləşməsi tərəflərin hərbi qarşıdurma ehtimalını daha da artırır, çünki hər iki tərəf strateji cəhətdən mövqelərini gücləndirməyə çalışır".

Ekspert qeyd edib ki, bu cür hadisələrin regiona təsirləri dərin və çoxşaxəlidir:

"İlk növbədə, İsrail-İran münaqişəsi Yaxın Şərqdə onsuz da kövrək olan güc balansını daha da qeyri-sabit hala gətirir. İranın regionda öz hərbi mövqeyini genişləndirmək cəhdləri İsrail üçün ciddi təhdid olaraq qalır və Təl-Əviv Tehranı bu cəhdlərdən çəkindirmək üçün aktiv hərbi güc tətbiq etməyə davam edir. Bu kontekstdə İsrailin öz hərbi doktrinasını gücləndirməsi, həmçinin, ABŞ və digər qərb ölkələrinin dəstəyi ilə İranın qarşısını almaq üçün strateji üstünlük əldə etməsi xüsusi əhəmiyyət daşıyır. İsrailin ABŞ-lə olan müttəfiqliyi bu münaqişənin daha geniş miqyasda davam etməsinə şərait yaradır. Vaşinqton İsrailin regionda təhlükəsizliyini təmin etmək üçün hərbi və diplomatik dəstəyini əsirgəmir. ABŞ-nin Yaxın Şərq siyasətində İranın təsirini zəiflətmək və onun nüvə silahı əldə etməsinin qarşısını almaq prioritet məsələlərdən biridir. İranın nüvə proqramı ətrafında davam edən qeyri-müəyyənlik bu raket hücumlarını daha da mürəkkəbləşdirir. İranın nüvə qabiliyyəti ilə bağlı danışıqlar iflasa uğrayarsa, İsrailin preventiv hərəkətlərə keçməsi qaçılmaz görünür".

Kazım Kazımov: Tehranın strateji hədəfi İsraili hərbi cəhətdən zəiflətmək və regionda öz mövqeyini qorumaqdır

K.Kazımovun fikrincə, beynəlxalq arenada bu hadisələr fərqli reaksiyalara səbəb olub. Siyasi şərhçinin dediyinə görə, ABŞ, Avropa İttifaqı və Qərb dövlətləri bu hücumları İranın regionda təcavüzkarlığının artması kimi qiymətləndirir və İsrailin özünümüdafiə hüququnu tanıyır. Bununla yanaşı, Rusiya və Çin kimi ölkələr tərəfləri təmkinli olmağa çağıraraq bölgədəki gərginliyi azaltmağa çalışırlar. Xüsusilə Rusiya, həm İran, həm də İsrail ilə yaxşı münasibətlərə sahibdir və hər iki tərəfi danışıqlara cəlb etmək üçün vasitəçilik rolunu oynamağa çalışır. Ancaq Rusiya və Çinin bu prosesdəki rolu məhduddur, çünki onların maraqları əsasən öz geopolitik və iqtisadi prioritetləri ilə bağlıdır.

Proseslərin regional nəticələrinə toxunan politoloq diqqətə çatdırıb ki, İran və İsrail arasında baş verən bu cür hücumlar, Yaxın Şərqin təhlükəsizlik və sabitlik problemini daha da dərinləşdirir:

"İranın regiondakı müttəfiqləri, xüsusilə Livandakı Hizbullah və Yəməndəki Husi qruplaşmaları, İsrailə qarşı hərbi tədbirlər görməyə hazır olduqlarını bəyan ediblər. Hizbullahın İsrail sərhədindəki fəaliyyətlərinin intensivləşməsi İsraildə daha geniş miqyaslı müharibə qorxularını artırır. Eyni zamanda, İranın Suriyada güclənməsi və burada öz hərbi infrastrukturunu genişləndirməsi İsraili regionda daha aqressiv siyasət yürütməyə sövq edir. Regional təhlükəsizlik dinamikaları yalnız hərbi toqquşmalarla deyil, iqtisadi və siyasi nəticələrlə də müəyyən olunur. İranla İsrail arasında müharibə baş verərsə, bu, neft və qaz tədarükü marşrutlarına ciddi təhlükə yarada bilər, çünki Fars Körfəzi bölgəsi qlobal enerji bazarlarında strateji rol oynayır. Bu da dünya iqtisadiyyatında enerji qiymətlərinin artmasına və böhranlı vəziyyətlərin yaranmasına səbəb ola bilər. Eyni zamanda, münaqişənin genişlənməsi Suriya, Livan, İraq kimi ölkələrdə artıq qeyri-sabit olan siyasi və təhlükəsizlik vəziyyətini daha da pisləşdirə bilər".

İranın cavab strategiyaları və hadisələrin nəticələri ilə bağlı arqumentlərini qeyd edən ekspert bildirib ki, İran bu hücumlara cavab olaraq öz hərbi mövqelərini gücləndirmək və müttəfiqləri vasitəsilə İsrailə qarşı daha çox təzyiq göstərmək niyyətindədir:

"Tehranın strateji hədəfi İsraili hərbi cəhətdən zəiflətmək və regionda öz mövqeyini qorumaqdır. İranın nüvə proqramı ilə bağlı mövqeyi bu prosesin mühüm hissəsidir, çünki nüvə silahı əldə etmək İranın təhlükəsizlik arxitekturasının əsas komponenti ola bilər. Bu, İsrail və Qərb üçün böyük təhdid olaraq qalır və vəziyyəti daha da mürəkkəbləşdirir. İsrail-İran münaqişəsi Yaxın Şərqdə regional və beynəlxalq səviyyədə genişmiqyaslı nəticələrə səbəb olacaq potensiala malikdir. Dünənki raket hücumu iki ölkə arasındakı qarşıdurmanın daha da dərinləşdiyini göstərir və regionda daha geniş miqyaslı hərbi münaqişənin yaranma ehtimalını artırır. Gələcəkdə vəziyyətin necə inkişaf edəcəyi həm tərəflərin hərbi güc tətbiqi strategiyalarından, həm də beynəlxalq vasitəçilərin bu münaqişəni həll etmək üçün göstərdikləri səylərdən asılı olacaq. Bu hücum yalnız iki ölkə arasındakı qarşıdurmanı deyil, həm də daha geniş geosiyasi prosesləri əks etdirir və Yaxın Şərqdə yeni güc balansının formalaşması prosesinə təkan verir. Tərəflər arasında davamlı diplomatik səylərin olmaması isə regionda uzunmüddətli sülh perspektivlərini sual altına alır".

Əli Hüseynov

phrase_var_article.chosen
136
45
bakivaxti.az

10phrase_var_article.sources