AZ

"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"-ŞƏRH

"COP-29 öncəsi Qərbdə Azərbaycana qarşı şiddət tendensiyası artmaqdadır. Burada həm ənənəvi olaraq parlamentlər müstəvisində, həm insan hüquq təşkilatları, həm də media təşkilatları müstəvisində ölkəmiz əleyhinə aparılan kampaniyalar nəzərdə tutulur. Məsələn, mayın 13-də ABŞ Konqresinin 26 üzvünün dövlət rəsmilərinə beynəlxalq iqlim konfransının Azərbaycanda keçirilməsi əleyhinə ünvanladığı məktub xatırlana bilər. Həmçinin daima Azərbaycanı hədəf alaraq ölkəmiz haqqında mənfi imic formalaşdırmağa çalışan “insan hüquq və azadlıqları” təşkilatları olan “Transparency International”, “Amnesty International” və “Human Rights Watch” üçlüsünün COP29 çərçivəsindən Azərbaycanı hədəf alması qeyd oluna bilər. Əlavə olaraq Almaniyanın “Heinrich Böll Stiftung” institutu göstərilə bilər". 

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə deyib.

O qeyd edib ki, bu institutların ölkəmizi hədəf alan “hesabatlarının” müəllifləri demək olar ki, tamamilə ermənilər olub, yaxud qlobal erməni şəbəkəsi ilə dərin əməkdaşlığı olan şəxslərdir:

"Hər an Azərbaycana qarşı hərəkətə keçməyə hazır olan və bunun üçün əmr gözləyən bu qüvvələr COP29 kontekstində də Azərbaycanı qaralamaqda davam edirlər. Bu qüvvələr təbii olaraq, qlobal informasiya daşıyıcısı olan kommunikasiya resurslarından da faydalanaraq, mediada ölkəmiz əleyhinə ciddi kampaniya aparırlar. 

Azərbaycana qarşı mediada gedən məqalələrin əsas məzmunu Azərbaycanın neft-qaz istehsalçısı olmaqla iqlim dəyişikliyi konfransına ev sahibliyi etməyə mənəvi səlahiyyətinin  olmaması, həmçinin insan hüquq və azadlıqlarının pozuntuları ilə bağlı məqamların qabardılması, o cümlədən Qarabağ ermənilərinə dair məsələlərdir. Xüsusilə ermənilərdən daha çox ermənipərəst olan Fransanın bu prosesdəki rolu və media quruluşlarının aktivliyi vurğulana bilər. “France24” bu sahədə “aktivliyilə” seçilir. Hətta may ayında Paris Şəhər Şurası COP29-u boykot edib. 

Beləliklə, ənənəvi enerji (neft-qaz), insan hüquqları pozuntuları müvafiq qlobal şəbəkə və media alətləri tərəfindən bu ittihamların açıq konteksti kimi qabardılsa da, əsl mətləb Azərbaycanın artan nüfuzuna və həyata keçirdiyi qlobal miqyaslı prosesə kölgə salmaqdır.

Qeyd oluna bilər ki, Azərbaycan qlobal iqlim konfransının keçirildiyi ilk neft-qaz ölkəsi deyil, COP-26 Birləşmiş Krallıqda keçirilmiş, COP-28-ə BƏƏ ev sahibliyi etmişdi ki, onlar da dünyanın ən çox neft-qaz istehsal edən ölkələrindəndirlər. Həmçinin o da qeyd oluna bilər ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq “yaşıl iqtisadiyyatın” inkişafı və bu istiqamətdə transformasiya məqsədlərini açıq şəkildə bəyan edib. O cümlədən, Azərbaycan COP-29-dan ölkə iqtisadiyyatını “yaşıl” istiqamətə çevirmək məqsədilə daha çox xarici investisiya cəlb etmək üçün istifadə edəcəyi vurğulana bilər".

 

Nigar Həsənli,
Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr