AZ

Qərbi Azərbaycan mövzusu bütün xalqı səfərbər etmək gücündədir...

Image

Faiq Ələkbərli: “Heç şübhəsiz, Qərbi Azərbaycan mövzusu xalqımızı səfərbər etməyə və vahid mövqe ətrafında birləşməyə qadir olan bir məfhumdur”

Günümüzün ən aktual məsələlərindən biri Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin olunması ilə bağlıdır. Keçən əsrin 80-ci illərinin sonları 90-cı illərinin əvvəllərində terrorçu Ermənistan dövləti tərəfindən azərbaycanlıların zorla deportasiya edilməsi soydaşlarımızın hüquqlarının pozulması, onlara qarşı ədalətsiz addım idi. 

Təəssüf ki, XX əsrdə üç dəfə deportasiya dalğası yaşayan Qərbi azərbaycanlıların hüquqları beynəlxalq birlik tərəfindən müdafiə edilmədi və onların geri qayıdışının təmin edilməsi ilə bağlı Ermənistana hər hansı bir təzyiq göstərilmədi... 

Uzun illərdən sonra soydaşlarımızın beynəlxalq təminatla, ləyaqətli şəkildə, təhlükəsizlik şəraitində geriyə qayıtması gündəmə gəlib. Bu gün cəmiyyətimizdə Qərbi Azərbaycan mövzusu ən çox müzakirə edilən məsələlərdən biridir. Çox müsbət haldır ki, artıq nəinki Azərbaycan Respublikasının vətəndaşları, eləcə də dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımız Qərbi Azərbaycan məsələsinə həssas yanaşır və vaxtilə öz yurdlarından didərgin salınan azərbaycanlıların öz evlərinə, vətənlərinə qayıtmalı olduqlarını bəyan edirlər.     

Qərbi Azərbaycan mövzusu Azərbaycan xalqını səfərbər edib bir yerə toplamaqda necə bir gücə malik ideya ola bilər? Onun birləşdirici bir ideya kimi gucu varmı?

“Bu da bizim üçün əsas birləşdirici amillərdir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun  “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qərbi Azərbaycan mövzusu hazırkı şəraitdə Azərbaycan xalqını birləşdirən, vahid mövqedən çıxış etdirən bir ideyadır. “Qərbi Azərbaycan mövzusu ilk növbədə insanları Vətən, yurd, el-oba anlamında bir araya gətirə bilər. Bu məsələdə Azərbaycan xalqını vahid mövqedə birləşdirən Azərbaycan torpaqlarının bütövlüyü məsələsidir. Tarixi torpaqlarımızın bir arada olması əsas ideyalardan biri ola bilər. Qərbi Azərbaycan məsələsi xalqımız üçün birləşdirici amillərdən biridir. Qərbi azərbaycanlılar bizim bir parçamızdır, Qərbi Azərbaycan ərazisi Azərbaycanın tarixi torpağıdır. Bu ərazi Azərbaycanın qədim torpaqlarından olub, ərazilərimizin bir parçasıdır, qədim dövlətlərimizin tərkibində də bir olmuşuq. Onu ona görə Qərbi Azərbaycan adlandırırıq ki, bizim tarixi ərazimiz indi qondarma Ermənistan dövlətinin ərazisinə çevrilib, halbuki o torpaqlar bizim olub. Orta çağ dövlətlərinin tarixinə baxanda da bunu görürük. Baharlılar, Bayandurlular, Səfəvilər, Əfşarlar o torpaqların sahibi olublar. Bilirik ki, Qacarlar o torpaqlara sahib çıxa bilmədilər. Ancaq Qacarlara qədər bu torpaqların hamısının bütövlüyü bəlli idi. Sadəcə olaraq, Azərbaycan xanlıqlarının yaranması, Qacarlar dövlətinin Rusiya ilə apardığı müharibdə məğlub olması nəticəsində Çar Rusiyası bu torpaqları işğal etdi və Qərbi Azərbaycana hayları köçürdü. Orada 1918-ci ildə Ararat adlı qondarma bir respublika yarandı və sonradan  o, 1920-ci ildə Ermənistan SSR adlandı. Qərbi Azərbaycan adlı ərazimiz Ermənistan SSR-ə zorla birləşdirildi. Halbuki, o torpaqlar bizimdir. Demək istəyirik ki, tarixən Vətən, dövlət, millət, soy və dini birlik baxımından bu torpaq bizim torpaqlardır, bizim coğrafiyadır, bütün azərbaycanlıların torpağıdır. Bu da bizim üçün əsas birləşdirici amillərdir”-deyə F.Ələkbərli bildirdi.

F.Ələkbərli qeyd etdi ki, Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı ilə biz o torpaqlara yenidən sahib olmuş olacağıq. Şöbə müdiri hesab edir ki, Ermənistan tarixi nə qədər saxtalaşdırsa da, Qərbi azərbaycanlıların qayıdışını əngəlləmək istəsə də, biz sonda istəyimizə nail olacağıq. “Heç şübhəsiz, Qərbi Azərbaycan mövzusu xalqımızı səfərbər etməyə və vahid mövqe ətrafında birləşməyə qadir olan bir məfhumdur. Bizim xalqımız milli məsələlərdə xüsusilə həssasdır və bu istiqamətdə birləşməyi bacarır. Biz bunu 44 günlük Vətən müharibəsi dövründə, sərhəd toqquşmaları və 23 ssatlıq lokal antiterror əməliyyatları zamanı bir daha aydın gördük ki, xalqımız vətən uğrunda birləşdi. Bu baxımdan, Qərbi Azərbaycan mövzusunun xalqımızı birlışdirəcək bir güc olduğu ortadadır”-deyə F.Ələkbərli vurğuladı. 

İradə SARIYEVA 





phrase_var_article.chosen
102
baki-xeber.com

1phrase_var_article.sources