AZ

Şəhid məzunların xatirəsi anılıb – Masallıda

Şəhid məzunların xatirəsi anılıb 
 
Masallı rayonunda Birinci Qarabağ müharibəsi şəhidləri Firudin Dəmirov və Məhəmməd Qarayevin xatirəsi anılıb. 
Tədbir oktyabrın 2-də, hər iki şəhidin məzunu olduğu Təklə kənd tam orta məktəbində təşkil olunub.
 Məktəbin direktoru Oktay Abıyev şəhidlərin şərəfli ömür və döyüş yolları barədə məlumat verib. O, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın işğaldan azad edilməsi naminə şəhid və qazilərimizin göstərdikləri fədakarlığın gənc nəslə örnək olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Firudin Əlibala oğlu Dəmirov 2 dekabr 1968-ci ildə Masallı rayonunun Mollahəsənli kəndində anadan olub. 1984-cü ildə Təklə kənd orta məktəbinin səkkizinci, 1987-ci ildə 108 nomrəli Cəlilabad Texniki-Peşə Məktəbini bitirib. 1987-ci il dekabr ayının 12-nə kimi kənddəki H.Aslanov adına sovxozda traktorçu işləyib. 1987-1989-cu illərdə hərbi xidmətdə olub. 1990-1992-ci illərdə Ukraynanın Dnepropetrovsk şəhərindəki maşınqayırma zavodunda çilingər, Bakı şəhərində avtomobillərə texniki xidmət stansiyasında rəngsaz işləyib.  
1992-ci ilin may ayında könüllü olaraq Azərbaycan Milli Ordusuna yazılıb, 123 nömrəli hərbi hissənin tərkibində Ağdam, Naxçıvanik, Şelli, Aranzəmin və Pircamal uğrunda döyüşlərdə igidlik göstərib. 1992-ci ilin avqustunda H. Aslanov adına 820 nömrəli hərbi hissənin rota komandiri olub. Ağdərə, Qaraqaya, Mehmanlı, Kasapet, Drombon, Çıldıran, Maxartan, Təzəpir, Qubadlı və Laçın döyüşlərində düşmənin xeyli texnika və canlı qüvvəsini məhv edib. Qubadlı-Laçın dəhlizi boyunca Susuz dağ hücum əməliyyatında post komandiri, kapitan F.Dəmirov və döyüşçüləri qəhrəmanlıqla döyüşüblər. Sentyabrın 29-da, ağır döyüşlər zamanı düşmən snayperinə tuş gələrək şəhid olan Firudin oktyabrın 2-də anadan olduğu ünvanda torpağa tapşırılıb. Subay idi. Vaxtilə təhsil aldığı Təklə məktəbi “Azərbaycan Bayrağı” ordenli Firudin Dəmirovun adını daşıyır.
Məhəmməd Ağababa oğlu Qarayev 16 noyabr 1973-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1990-cı ildə Təklə məktəbini bitirdikdən sonra Bakı Maşınqayırma Texnikumunda (qiyabi) təhsilini davam etdirərək Bakı Maşınqayırma Texnikumunda Zavodunda tokar işləyib.    
Məhəmmədin 18 yaşı tamam olanda hərbi xidmətə çağırılıb. Lənkəran batolyonunun tərkibində Şelli, Fərrux, Qaralar, Qazançı, Şıxavənd kəndləri, Laçının Türklər kəndi, Susuz dağı, Ağdərə bölgəsinin bir neçə kəndi, Çıldıran kəndi uğrunda döyüşlərdə, Qubadlı-Laçın yolunun əldə saxlanılmasında böyük hünər göstərib. 30 sentyabr 1992-ci il Məhəmmədin son döyüşü olub. Oktyabrın 2-də Sığıncaq kəndində dəfn edilib. Subay idi. Sığıncaq kənd məktəbi şəhid əsgərin adına verilib.
Digər çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə şanlı Ordumuzun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igidlərimizin şücaətindən, Firudin və Məhəmməd kimi oğullarımızın vətənpərvərliyindən danışıblar.
Anım mərasimində məktəblilər şəhidlərə, Vətənə aid şeirlər səsləndiriblər.
Tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, önünə tər gülllər düzüb, xatirələrini ehtiramla anıblar.
Şəhidlərin qohumları ailə üzvləri adından onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
 
Akif AĞAYEV

Seçilən
56
qht.az

1Mənbələr