AZ

Henrik Ridström: “15 illik statistika “Qarabağ”ın gücünü göstərir”

“Malmö”nün baş məşqçisi Henrik Ridström Avropa Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, İsveç təmsilçisi Avroliqanın Liqa mərhələsinin 2-ci turu çərçivəsində sabah Bakıda “Qarabağ”ın qonağı olacaq.

Henrik Ridström bu gün oyundan öncə keçirilən mətbuat konfransında bunları dilə gətirib:

“Qarabağ”ı analiz etmişik. Rəqibimiz çox güclü komandadır. Onlar Avropa Liqasında ən güclü komandalardan biridir. Xüsusilə də, evdə yaxşı oynayırlar. “Qarabağ” topa sahib olanda təhlükəlidir. Bilirəm ki, sabahkı oyun çətin olacaq. Bura oynamağa, yaxşı əhval-ruhiyyədə gəlmişik. Sabahkı matçın yaxşı olacağına ümid edirəm.

“Qarabağ”ın daha öncə İsveç klublarından “Gefle”, “Göteborq”, “Hakken” kimi komandaları məğlub etməsi bizi qorxutmur. Statistikanın sabahkı oyunla əlaqəsi yoxdur. Biz həmin komandalardan güclüyük. Biz də adını çəkdiyiniz komandalara qalib gəlmişik.

15 illik statistika “Qarabağ”ın gücünü göstərir. Amma bunların sabahkı oyunla əlaqəsi yoxdur. Sabahkı oyuna fokuslanmalıyıq. “Qarabağ” bundan əvvəlki rəqibimiz “Reyncers”dən geri qalmır. Fikrimcə, bu komanda “Sparta” və “Reyncers”dən daha güclüdür. Ona görə sabahkı matça hazır olmalıyıq.

Ola bilər ki, “Qarabağ”ı İsveçdə çox adam tanımır. Amma onlar topa sahib olanda çox güclüdürlər. Biz Bakıya gözəl oyun oynamağa gəlmişik. Burada atmosfer gözəldir. Müqayisə aparmaq uyğun deyil. Sabah hər şeyi görəcəyik”.

“Malmö”nün müdafiəçisi Yens Striger Larsen də mətbuat konfransında iştirak edib. Danimarkalı futbolçu bunları söyləyib:

“Biz uzun yoldan gəlmişik. “Qarabağ”la oyun çətin olacaq. Amma buna baxmayaraq, uduzmaq niyyətimiz yoxdur. Komandamızda müsbət atmosfer var. Rəqib haqda müəyyən məlumatlarımız var. Bilirik ki, “Qarabağ” güclü komandadır, Avropada təcrübələri var. Bura əminliklə gəlmişik. “Reyncers”lə oyundakı səhvləri etmək niyyətində deyilik və sabahkı matçda qələbə qazanmaq istəyirik”.

phrase_var_article.chosen
86
arena.az

1phrase_var_article.sources