AZ

Qərbi Azərbaycan xatirələri

“Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar”.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

1984-cü il noyabrın 15 də Ermənistan Respublikasının Vardenis rayonu Subatan kəndində anadan olmuşam. Ailəmiz 7 nəfərdən ibarət idi. Atam, anam iki qardaşım və üç bacı idik. Evin kiçik uşağı idim. Dörd yaşına qədər doğulduğum kənddə yaşamışam. Bildiyim xatirələr valideynlərimin və qohumlarımın söhbətləri əsasındadır.

Atam Həmzəyev Sultan Abduləli oğlu Vardenis rayonunun Subatan kəndində anadan olmuşdur. Ali təhsilli baytar idi. Rayon mərkəzində uzun illər baytar işləyib.

Anam Həmzəyeva Xumar Abbas qızı Masis rayonunun Necili kəndində anadan olmuşdur. Ali təhsilli mühasib idi. Rayon mərkəzində yerləşən idarələrdən birində 15 il mühasib işləyib.Bacılarım və qardaşlarım Subatan kənd orta məktəbində təhsil alırdılar.

Atamın söhbətlərindən belə yadıma gəlir ki, Sumqayıt hadisələrindən sonra Ermənistanda da Azərbaycana qarşı təxribat gözlənilirmiş. Atama bu barədə bir yerdə işlədiyi erməni tanışlarından biri məlumat veribmiş. Ona görə də atam bizi əvvəlcə maşınla Gəncədə yaşyan qohumlarımızın birinin evinə göndərdi. Atamla anam gəlmədilər. Çünki onlar ümid edirdilər ki, ara sakitləşdikdən sonra bizi evimizə qaytaracaqlar. Amma bu, mümkün olmadı. Valideynlərim öz evlərindən faciəli şəkildə çıxıb gəlmişdilər. Anam danışırdı ki, dizə qədər qar yağmışdı. Şaxtadan hər yer donmuşdu. Onlar bu sazaqda, şaxtada düz Kəlbəcərdə yerləşən mehmanxanalardan birinə qədər dağ yollarından piyada gediblər.

Anam o günləri hər zaman ağlayaraq xatırlayırdı. Deyirdi ki, qonşuluqda yaşayan körpə uşaqları böyük borunun içinə yığıb ağzını qaynaqla bağlayırdılar. Dağdan üzüaşağı buraxıb onları faciəli şəkildə öldürürdülər. Qoca qadının birinin belinə qaynar samovar bağlayıb yandırmışdılar. Neçə-neçə insanlar soyuqdan donmuşdular. Hətta nə qədər insanın meyidi qar altında qalıb. Daha nələr, daha hansı faciələr....

Atam deyirdi ki, onlar idarə işindən əlavə əkinçilik, maldarlıq və tütünçülüklə də məşğul olublar. Torpaqlarımız münbit olduğu üçün məhsuldarlıq çox yüksək olmuşdur. Tonlarla kartof, sürü ilə qoyun-quzu.... daha nələr. O qədər mülkün qarşılığında oradan əliboş çıxıblar. Bütün var-dövlətimiz, nəyimiz vardısa hər şey düşmənlərə qalıb. Ev-eşik , Vətən həsrəti hər zaman ailə üzvlərimizin ürəyində silinməz acı izlər buraxıb. Atamla anam Gəncəyə gəlib bizi oradan götürüb Bakı şəhərinə gələn zaman çox ağladılar. Çünki bu dəfə Vətəndən əllərini bir dəfəlik üzmüşdülər. Qohum əqrəbalarımızın çoxu Bakı şəhərində məskunlaşdıqları üçün biz də ora gəldik. Bakı şəhərində “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığında ev alıb ora köçdük. Vətəni itirmək çox ağrı-acılı, əzablı idi. Bu qədər faciə az imiş kimi Vətən itkisindən 6 ay keçməmiş ailəmizin ağır yükünü çiynində daşımaqda valideynlərimə dəstək olan böyük qardaşım dənizdə boğularaq rəhmətə getdi. Ailənin ağır dərdinə daha bir faciə əlavə olundu. Anam ağlayaraq tez-tez deyirdi ki, azğın düşmənlər bizi ev-eşiyimizdən didərgin salmasaydılar mən övlad acısı da yaşamayacaqdım. Bunların hamısına səbəb ermənilər oldular. Düşmən bizim ailənin sevincini əlindən aldı. Düşmən bizim uşaqlığımızı, bir sözlə ailənin üzündəki təbəssümü əlindən aldı. Uzun illər bizim ailə gülüş, sevinc adlı hislərə həsrət qaldı.

Artıq valideynlərim rəhmətə gediblər. Əgər onlar sağ olsaydılar özləri danışardılar. Onlarda Göyçə ilə bağlı bitib-tükənməyən xatirələr var idi. Onlar rəhmətə gedən günə qədər Vətən dedilər, Vətən ağladılar. Vətən onların sağalmayan yarası oldu. Hey deyərdilər ki, biz ölməmiş torpaqlarımız düşmənlərdən azad olsaydı gedib evimizi görərdik, doğma torpaqlarımızda ölərdik. Təəssüflər olsun ki, qismət olmadı!

Mən isə 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakultəsində Psixologiya ixtisası üzrə təhsil aldım. 2010-cu ildə ailə qurub Biləsuvar rayonunun Xırmandalı kəndinə köçmüşəm. Hazırda Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunda Psixoloji tibbi pedaqoji komissiyanın sədri vəzifəsində və Zəhmətabad kənd ümumi orta məktəbində psixoloq vəzifəsində çalışıram. İki övladım var, məktəbidirlər. Onlara əgər torpaqlarımız alınarsa doğulduğum torpağa aparıb orada gəzdirib görməli yerlərini göstərəcəyimə söz vermişəm.

Çinarə Həmzəyeva,
Biləsuvar rayonu, Zəhmətabad kənd ümumi orta məktəbinin psixoloqu

Seçilən
76
ikisahil.az

1Mənbələr