AZ

Azərbaycanın turizm sektoru: bahalıq və keyfiyyət problemi

Azərbaycanın

Azərbaycanda turizm sahəsində olan çatışmazlıqlarla bağlı məsələ daim müzakirə olunan mövzulardandır. Müsir dönəmdə turizm gəlir gətirən sahə olduğu üçün dövlətlər buna xüsusi diqqətlə yanaşırlar. Azərbaycanda vəziyyət necədir? Azərbaycanlı turistlər niyə daha çox xarici ölkələrə gedirlər? Çoxları qeyd edir ki, bunun səbəbi Azərbaycanın turizm sektorunda bir sıra problemlərdən qaynaqlanır. Ən böyük səbəbin isə qiymətlərin yüksək olması göstərilir. Mütəxəssislər sözügedən mövzu ətrafında fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüblər.

“Azərbaycanda mövsümi turizmlə bağlı bir sıra problemlər var”

İqtisadçı-ekspert Ruslan Atakişiyev Azərbaycanda mövsümi turizmlə bağlı bir sıra problemlər olduğunu deyib: “Regionlarda mövsümi turizm zamanı orada çalışan həm sahibkar, həm də işçilər öz fikirlərini qazanc kimi bir neçə aya bağlayırlar. Bunu adətən mövsümi turizmlə bağlı iki hissəyə ayırmaq olar. Oturuşmış turizm xidməti göstərən şirkətlər var. Onlar həm qış turizmi, həm yay turizmi, həm də ilboyu turizmdən istifadə edə bilirlər”. Ekspert bildirib ki, amma dağlıq yerlərdə, meşəliklərdə mövsümdən-mövsümə müxtəlif yerlərdə iş quranlar var, onların da problemi fərqlidir: “Onların problemləri əsasən mövsüm dövrünün hava şəraitindən asılı olaraq qısa və uzun olmasıdır. Həmin bölgədə infrastrukturun zəif olmasıdır. Yəni onlar infrastrukturu özləri qurmalıdırlar. Bu da onların böyük xərc çəkmələrinə gətirib çıxarır. Nəticədə qiymətlər bahalaşır. Oturaq turizmdə isə sırf müştərilərin bölgüsüdür, müştərilərin münasibətidir. Onlar da daha çox öz işlərinə xərcləməyə meyilli olan turistləri cəlb etməkdə maraqlı olurlar”.

“Turizm məhsullarının sayının artırılması vacibdir”

Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda turizm məhsullarının sayının artırılmasının çox vacib olduğunu söyləyib. Deputat bu gün turizm sektorunda həm mövsümiliyin aradan qaldırılması, yəni davamlı turizmə nail olunması, eyni zamanda, turizm sektorunda daha çox məhsulların təklif edilməsinə ehtiyac olduğunu vurğulayıb: “Turizm üçün mövsümiliyin aradan qaldırılması, dayanıqlı və davamlı turizm xidmətlərini həyata keçirilməsi aktualdır. Bu istiqamətdə təbii ki, fəaliyyətlərin gücləndirilməsinə ehtiyac var”.

Qiymətlərin optimallaşdırılması

V.Bayramov əlavə edib ki, turizm sahəsində qiymətlərin optimallaşdırılması lazımdır: “Çünki praktik olaraq bu gün hətta bölgələrdə belə turizm xidmətləri nisbətən yüksək hesab olunur. Təbii ki, burada sahibkarın gəlir və xərci də nəzərə alınmalıdır. Amma bizim təklifimiz ondan ibarətdir ki, turizm sektoruna dövlət dəstəyinin artırılması həyata keçirilsin. Bu, bəzi ölkələrdə olduğu kimi turizm sektorunda aşağı dərəcəli vergilərin, eləcə də əlavə dəyər vergisinin tətbiqi formasında həyata keçirilə bilər. Məsələn, bəzi ölkələrdə bu sektorda əlavə dəyər vergisi ölkə üzrə olan əlavə dəyər vergisindən təxminən 2 dəfə azdır”. O, bu praktikanı Azərbaycanda tətbiqinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. V.Bayramov bunun turizmdə xərclərin azalmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxara biləcəyini söyləyib.

Əsas məsələ

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, turizm eksperti Ruslan Quliyev isə Azərbaycanda əsas məsələnin turizmi mövsümi xarakterdən çıxarmaq, 12 aya, yəni 365 günə paylanan turizm fəaliyyətini inkişaf etdirməkdən ibarət olduğunu vurğulayıb. O, turizmdə yüksək və aşağı mövsüm anlayışının olduğunu bildirərək əlavə edib ki, bu gün turizmin müxtəlif növlərinin və alternativ turizm növlərinin tətbiq olunması turizmi mövsümi xarakterdən çıxarır: “Qeyd edə bilərik ki, sağlamlıq, eyni zamanda, işgüzar turizm bu mənada Azərbaycanda turizmin davamlılığına dəstək göstərə bilər. Sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən mövsümi xarakteri deyil, onun 12 ay aktual olması və gecələmə sayının da digər turizm növlərindən fərqli olaraq daha çoxluğudur”.

Qiymət, yoxsa keyfiyyət rəqabəti?

R.Quliyev əlavə edib ki, tədbirlər sənayesi adlandırılan işgüzar turizmə isə festivallar, idman yarışları, müxtəlif beynəlxalq konfransların həyata keçirilməsi daxildir: “Burada istər festivallar, idman yarışları, müxtəlif beynəlxalq konfransların həyata keçirilməsi, məsələn, Formula 1, COP29, həmçinin bölgələrdə həyata keçirilən festivallar təbii ki, turizmi mövsümi xarakterdən çıxarmağa şərait yaradır. Azərbaycanı turizm destinasiyası kimi daha çox turist alan ölkə kimi cazib edir”. Ekspert qiymətlərin hər zaman gündəmdə olduğunu vurğulayıb: “Əlbəttə, qiymətlər hər zaman gündəmdə olan məsələlərdir. Düşünürük ki, dünya bazarına rəqabət qabiliyyətli məhsulların turizm xidmətlərini çıxararkən məhsulun maya dəyərinə təsir edən amilləri ilk növbədə araşdırmaq lazımdır. Təbii ki, bu qiymətin rəqabətindən daha çox keyfiyyət rəqabəti olmalıdır və tədricən də kəmiyyət göstəricilərini keyfiyyət göstəricilərinə keçirmək lazımdır”.

“Qiymətlər çox yüksəkdir”

İqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, Azərbaycanda turizm sektorunda fəaliyyət göstərən obyektlərdə keyfiyyətin orta və aşağı olmasına baxmayaraq qiymətlər çox yüksəkdir. Ekspert söyləyib ki, ondan daha ucuz və keyfiyyətli turizm xidmətini xarici ölkələrdə orta statistik Azərbaycan vətəndaşı çox asanlıqla əldə edir: “Mən düşünürəm ki, burada xüsusən iki problem var. Birinci, qiymətlərin belə baha olmasının səbəbi ümumi inflyasiya fondunda baş verən bahalaşma ilə əlaqədardır. Azərbaycanın turistik rayonlarında olan otellərin və kirayə evlərin qiyməti yüksəkdir. O evi kirayə verən insan da qazanc əldə etmək istəyir. Qazancını da qarşılıqlı olaraq ümumi qiymətlər fondunda müəyyənləşdirir. İkinci bir problem yenə də inflyasiya problemidir. Ümumiyyətlə, hər hansı bir məhsulun və xidmətin yekun qiymətini əmələ gətirən faktorlar onu yaradan xərclərdir. Yəni verilən xidmətin keyfiyyətindən asılı olmayaraq hər hansı bir məhsulun və xidmətin ərsəyə gəlməsində xərclər nə qədər yüksək olacaqsa, qiymət də bir o qədər yüksək olacaq. Təbii ki, yüksək keyfiyyətli xidmət görsən ondan da baha qiymət ödəməli olursan. Bu sektorda müəyyən ciddi islahatlar aparılmalıdır”. A.İbrahimov turizmlə bağlı qanunvericiliyə xüsusi diqqət yetirilməli olduğunu da dilə gətirib: “Düşünürəm ki, turizmlə bağlı qanunvericiliyə xüsusi diqqət yetirilməlidir, müəyyən subsidiyalar ayrılmalıdır. Turizm elə bir sahədir ki, ətraf mühitə qədər olan bütün faktorlar turizmin inkişafına təsir edən faktorlardır. Bununla bağlı xüsusi dövlət proqramı hazırlanmalıdır. Həmin dövlət proqamı da bir ssenaridən yox, bir neçə ssenaridən ibarət olaraq tətbiq edilməlidir”.

Röya İsrafilova

Seçilən
100
xalqcebhesi.az

1Mənbələr