AZ

“Fələstin və Livanı Türkiyə ilə iki saatlıq məsafə ayırır”

“Fələstin

Yücel Karauz: “Təbii ki, orada baş verənlər Türkiyəni narahat etməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib ki, Türkiyə də Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər. Onun sözlərinə görə, Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq. Ərdoğan Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edib: “Bunun qarşısını almaq lazımdır”.

Türkiyə lideri həmçinin söyləyib ki, İsrailin Livana hücumlarının ağır nəticələri ola bilər: “Bu barədə çox açıq xəbərdarlıq edirəm”.

Ərdoğanın çıxışını “Xalq Cəbhəsi”nə şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general-leytenant Yücel Karauz deyib ki, İsrailin Türkiyə ilə qarşılaşması yaxın zamanlarda mümkün deyil. Yücel Karauz bildirib ki, Türkiyə Prezidenti cənab Ərdoğan İsrail-Fələstin münaqişəsinin bölgə üçün təhlükə yarada biləcəyi və bölgə ölkələrinə sıçraya biləcəyini dəfələrlə qeyd edib: “Qəzza bölgəsində baş verən məlum hadisələr İsrailin Livana hücumu, oradan Suriyaya sıçrayış ehtimalı və orada olan hərbi hissələrin təhlükə altına alınma, bu addımın Türkiyəyə də sıçrama ehtimalı gözlənə bilər. Türkiyənin buna səssiz qalması mümkün deyil”. Onun fikrincə, Türkiyə Prezidentinin məlum fikri İsrailin Türkiyə ərazisinə hücumu ilə bağlı deyil: “Amma Türkiyənin ətrafında olan üç dövlətin böyük siyasi hədəfləri var. Yunanıstan, İsrail və Ermənistanın hər birinin torpaq iddiaları var. Sərhədlərin qorunması mütləqdir, Qolan təpələri, Qüds, Livana edilən hücumlar bunu tələb edir və bu, Türkiyəni narahat edən məqamlardır. Bunların strateji geopolitik əhəmiyyəti var ki, heç bir dövlət başqa bir ölkənin bunlara nəzarət edtməsinə göz yuma bilməz, o cümlədən Türkiyə. Fələstin və Livanı Türkiyə ilə iki saatlıq bir məsafə ayırır. Təbii ki, orada baş verənlər Türkiyəni narahat etməlidir. Əgər İsrail Livanı bombalamaqda davam edərsə, durmazsa, əgər savaş Suriyaya daşınarsa, Suriyada PKK, JPK ilə işbirliyində olarsa o zaman Ankara Təl-Əvivə dur deyəcək. İsrail durmazsa bütün bölgə atəş işində ola bilər. Bölgədə yanğın baş verərsə kimin nə qərara verəcəyindən asılı olmayaraq bölgə yanar, kül olar. Ona görə hər kəs addım atmazdan öncə düşünməlidir. Düşünürəm ki, ABŞ-dakı prezident seçkilərinə qədər İsrail bölgədə ocağı alovlandırmamalıdır. Savaş Suriyaya daşınarsa Türkiyə ortaya haqlı mövqe qoyacaq. İsrail daha çox irəli gedə bilməz, çünki onun o qədər də hərbi texnikası yoxdur. İsrailin ən çox qət edəcəyi məsafə Qolan təpələridir. İsrailin Türkiyə ilə qarşılaşması yaxın zamanlrda mümkün deyil”.

Türkiyə ətrafdakı heç bir ölkəyə bənzəmir

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə bugünkü çıxışı zamanı “İsrail Fələstin və Livandan sonra gözünü Türkiyə torpaqlarına dikəcək” ifadəsini işlədib. Ərdoğanın sözlərinə görə, gec-tez İsrailin qarşısı mütləq şəkildə alınacaq: “Hələ ki, İsrailin irəliləməsinin qarşısını almaq istəyən güc yoxdur. İsrailin növbəti hədəflərindən biri İran olacaq. Türkiyəyə gəldikdə, İsrail kəşfiyyatının PKK terrorçu təşkilatı, o cümlədən Suriya və İraqdakı silahlı kürd qruplaşmalarla əlaqələri barədə müxtəlif versiyalar mövcuddur. Ancaq İsraildə onu da anlamamış deyillər ki, Türkiyə ətrafdakı heç bir ölkəyə, o cümlədən İrana bənzəmir, Təl-Əviv həddini aşarsa tərs şilləylə üzləşər. Aydındır ki, bu qədər qan töküldükdən sonra Ərdoğanın İsrailin baş naziri Benyamin Netanyahu ilə dialoqu alınmayacaq. Ancaq gərginlik sona çatandan sonra iki ölkə arasında dialoqun imkanları araşdırılmalıdır. Çünki, gücünə görə bölgənin iki əsas ölkəsi arasındakı gərginlik nə Türkiyənin, nə də İsrailin maraqlarına cavab verir.

Bu arada, Türkiyədə bəzi siyasətçilər “İsraillə ticarəti dayandırmaqla yanaşı Azərbaycan neftinin Türkiyə üzərindən İsrailə satışını da dayandırmaq lazımdır” təklifini səsləndirməyə başlayıblar. Bu, məsələnin həlli deyil. Üstəgəl Ankaranın belə bir addımı Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaradacaq ki, bölgə üçün indiki həssas məqamda bu yalnız düşmənlərimzin maraqlarına xidmət edəcək”.

Bunlar düşmən qüvvələr olsa da...

Siyasi ekspert Əkrəm Bəydəmirlinin fikrincə, gerçəkdən Yaxın Şərqdə gedən prosesləri izləyəndə bu qənaətə gəlmək olar ki, qardaş ölkənin prezidentinin fikirləri reallığı əks etdirir. Bu da reallıqdır ki, bu qarışıq, təlatümlü, müharibələrin tüğyan elədiyi dönəmdə Türkiyə öz qüdrətini saxlamaqla bərabər dünya siyasətinə təsir etmək gücündədir. Azərbaycanla Türkiyənin strateji dəstəyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) sürətlə formalaşması və böyük strateji hədəfləri təbii ki, bir çox güc mərkəzlərini narahat etməkdədir: “Burada həm Qərbin, həm də Rusiyanın maraqları uzlaşır. Bunlar düşmən qüvvələr olsa da, yekunda eyni mövqedən çıxış edirlər. Həmin ölkələr heç bir zaman Türkiyənin və ümumilikdə Türk dünyasının güclənməsini qəbul etmək istəməzlər. Görünən odur ki, onların hədəfində Türkiyənin Cənubi Qafqazda fəaliyyətini məhdudlaşdırmaq, lokal müharibələrə cəlb etmək, Avropa İttifaqına üzvlük məsələsini ləngitmək və digər məkrli planlar var. Lakin qardaş Türkiyə güclü olmaqla bərabər, bir çox qüvvələrin qaranlıq planlarını zərərsizləşdirmək qüdrətində olan dövlətdir. İsralin müharibə ritorikası, İran meyilli qüvvələrin sıradan çıxarılması əməliyyatı, ümumilikdə Orta Şərqdə alovlanan münaqişələrdə kimin qalib çıxacağını qabaqcadan demək çətindir. Amma, lakin o məlumdur ki, insan ölümünü vələdüznalar tamamilə adiləşdirdilər. Artıq müharibələrdə insan ölümü deyil, statistik rəqəmllər təqdim olunur. Orta Şərqdəki müharibə regionun arxitekturasını dəyişəcəyini və yeni güc mərkəzlərinin yaranacağını düşünmək olar”.

Türkiyənin tanınmış iqtisadçı eksperti, professor-doktor Camal Zehir isə bildirib ki, İsrail heç vaxt Türkiyəyə qarşı çıxa bilməz: “İsrail Türkiyənin gücünə bələddir, bilir ki, ona qarşı çıxacaq dövlətin sonunu nə gözləyir. Türkiyə Yaxın Şərqdə barış üçün çalışır, amma İsrail ocağı daha da alovlandırır. İsrail Fələstin məsələsində mütləq danışıqlara getməlidir. Hər bir müharibənin bir sonu var. İsrail bölgəni alovlandırdıqca özünü təhlükəyə atır”.

Cavid

Seçilən
12
xalqcebhesi.az

1Mənbələr