Bu gün “Malmö” Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda “Qarabağ”la qarşılaşacaq.
“Qafqazinfo” xəbər verir ki, İsveç klubunun baş məşqçisi Henrik Pyer-Erik Ryodströmün mətbuat konfransı keçirilib. O, “Qarabağ”ın İsveç klubları ilə statistikasının onu maraqlandırmadığını bildirib:
“Qarabağ”ın İsveç klubları ilə statistikası məni narahat etmir. Əksinə, bura çox əminliklə gəlmişik. “Qarabağ” indi daha təhlükəli rəqibdir.
“Qarabağ”ı təhlil etmişik. Çox güclü komandadır. Çətin olacağını bilirik. Amma bura qələbə qazanmağa gəlmişik. Yaxşı hazırlaşmışıq. “Qarabağ” topa sahib olanda güclü çıxış edir. Xüsusilə də, ev oyunlarında yaxşı oynayırlar. Bizi burada möhtəşəm atmosfer gözləyir. Digər oyunlar haqda düşünmək istəmirəm.
Bugünkü texnologiya imkan verir ki, bütün oyunları izləyək. Ona görə də, “Qarabağ”ın hansısa oyununa canlı baxsın deyə, məşqçi göndərməmişəm. Bununla belə, demək olar ki, bütün oyunlarını analiz etmişik.
Bizim ölkəmizdə də hamı bizim qələbə qazanacağımızı düşünür. Bu aspektdən baxanda, mənim üçün insanların düşüncələri vacib deyil.
Püşkdən “Qarabağ”ın adı çıxanda futbolçularım da, mən də həyəcanlandıq. Rəhbərlik amma sevinmədi. Uzaq ölkədir. Bahalı hotellər, təyyarə – bunlar çoxlu pul tələb edir (gülür).
Səmimi şəkildə deyirəm ki, “Qarabağ” “Sparta” (Praqa) və “Reyncers”dən çox güclüdür. Bilirik ki, bizim üçün çox çətin olacaq”.