AZ

Ferstappen “Formula-1”dən ayrıla bilər - “belə axmaqlıqlarla üzləşmək lazım gələndə...”

“Red Bull”un pilotu Maks Ferstappen Beynəlxalq Avtomobil Federasiyasının (FIA) söyüşə görə ona cərimə kəsməsinin “Formula-1”dən vaxtınfan əvvəl ayrılmasına səbəb ola biləcəyini etiraf edib.

İş ondadı ki, 26 yaşlı pilot Sinqapur mərhələsi ərəfəsindəki rəsmi mətbuat konfransında ədəbsiz ifadələr işlətdiyinə görə ictimai işlər görməyə məhkum olunub. Ferstappen təsnifat mərhələsindən sonra jurnalistlərlə görüş zamanı etiraz aksiyası təşkil edib. O, hər suala yalnız bir sözlə cavab verərək səsində problem olduğunu deyib.

Bazar günü – sentyabrın 22-də keçirilən əsas mərhələdən sonra da eyni mənzərə təkrarlanıb. Ancaq niderlandlı sonradan paddokda jurnalistlərlə normal şəkildə təmas qurub:

“Belə cəzalar gələcəyimə müəyyən mənada təsir edir. Mənə özüm olmağa imkan vermirlər, belə axmaqlıqlarla üzləşməli oluram. Karyeramın indiki mərhələsində belə məsələlərlə başımı qatmaq istəmirəm. Bu, həqiqətən də yorucudu. Əlbəttə, uğurlara nail olmaq və mərhələləri qazanmaq xoşdu. Ancaq sən artıq bütün bunlara çatandan – bir neçə titul, çoxlu yarış qazanandan sonra vaxtını da xoş keçirmək istəyirsən. Belə axmaqlıqlara üzləşmək lazım gələndə bu idman növündən vaxtından əvvəl getmək üçün daha bir səbəb tapırsan”.

Xatırladaq ki, Ferstappen Sinqapur mərhələsində 2-ci yeri tutub. Bu mərhələnin qalibi “Maklaren”in pilotu Lando Norris olub. 331 xala malik Ferstappen hələ də turnir cədvəlinin önündə qərarlaşıb. O, ən yaxın izləyicisi Norrisi 52 xal qabaqlayır.

Yeri gəlmişkən, Norris də cari mövsümdəki çempionluq yarışı haqda danışıb:

“Mövsümün son anına qədər mübarizə aparacağıma ümid edirəm. Hərçənd hələ mən böyük xal fərqini aradan qaldırmalıyam ki, bu da asan olmayacaq. Axı biz Maks Ferstappen və “Red Bull” ilə mübarizə aparırıq. Ötən mövsüm “Formula-1”də hamıya meydan oxuyan tandemlə. Əslində vəziyyət o qədər də dəyişməyib. Elə həmin komanda və həmin pilotdu. Mən tarixin ən güclü pilotlarından birinə qarşı mübarizə aparıram. “Maklaren” hazırda “Red Bull”dan yaxşı çıxış edir, ona görə ki, bizim maşın sürətlidi. Yaxşı çalışan komandamızın haqqını vermək lazımdı. Bütün gücümü ortaya qoyuram ki, uğur qazana bilək. Maks da eyni qaydada çalışır ki, qələbəmə imkan verməsin. Baxaq görək nəticə necə olur”.

“Formula-1”də 2024 mövsümünün sonuna 6 mərhələ qalır. Növbəti mərhələ oktyabrın 18-20-si aralığında Ostində keçiriləcək.
Seçilən
163
football-plus.az

1Mənbələr