AZ

Azərbaycanda internet ətrafımızdakı bütün ölkələrdən bahadır...

Image

Firdovsi Şahbazov: “Bunun səbəbi inhisarçılıq və rəqabət mühitinin olmaması ilə əlaqədardır”

Azərbaycanda mobil telefon istifadəçiləri bir ay ərzində danışıq və 10 GB-dan çox internet üçün mobil operatorlara orta hesabla 12,6 dollar (21,4 manat) ödəyirlər. Bu barədə məlumat nüfuzlu araşdırma portallarından olan “Numbeo” tərəfindən açıqlanıb. 

Portal Azərbaycanı region ölkələri arasında mobil telefon tariflərinin (danışıq və internet) ən baha olduğu ölkə kimi təqdim edir. Region ölkələri arasında ən aşağı mobil telefon tarifləri   İranda qeydə alınıb. Bu ölkədə danışıq və 10 GB-dan çox internet üçün ay ərzində mobil operatorlara orta hesabla 2,3 dollar (3,9 manat) ödənilir. Digər region ölkələrində danışıq və 10 GB-dan çox internet üçün ay ərzində ödənilən vəsait aşağıdakı kimidir: Azərbaycan – 12,6 dollar; Gürcüstan – 10,7 dollar; Qazaxıstan – 9 dollar; Türkiyə - 9 dollar; Ermənistan – 8,85 dollar; Moldova – 8,05 dollar; Belarus – 7,7 dollar; Ukrayna – 5,2 dollar; Rusiya – 5 dollar; Özbəkistan – 3,9 dollar; İran – 2,3 dollar. 

Niyə Azərbaycanda internet digər region ölkələri ilə müqayisədə bu qədər bahadır?

“Bu, mobil operatorlar tərəfindən açıq şəkildə istehlakçıların hüquqlarının pozulması deməkdir”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini inhisarçılıq və rəqabət mühitinin olmaması ilə əlaqələndirdi: “Təbii inhisarçı olan Aztelekom tərəfindən minimal tariflər qaldırılıb və bununla da internetə əlçatanlıq məhdudlaşdırılıb. Xeyli sayda insan internetdən imtina edib. Bu, onsuz da baha olan tariflərin qiymətini bir az da artırıb. Ölkədə internetə əlçatanlıqla bağlı çox ciddi ictimai müzakirələr gedir, insanlar minimal tariflərlə bağlı məhdudiyyət səbəbindən internetdən imtina edirlər. Mobil internet tariflərinin qiyməti bundan əvvəl də əlçatan deyildi. Son artımlardan sonra isə qiymətlər daha da yüksəldi. Digər tərəfdən, mobil operatorlar görəndə ki, əhali votsap üzərindən danışıqlara üstünlük verir, bu səbəbdən danışıq tariflərinin qiymətini artırırlar. Həmçinin mobil telefonlarıa yüklənən kartların müddətini azaldırlar. Məsələn, əvvəl 10 manatlıq danışıq kartı yükləyəndə 3 ay xətt ikitərəfli açıq olurdu. Hazırda isə 10 manatlıq kartı yükləyəndən sonra bu müddət 1 aydır. Yəni telefon bir aydan sonra birtərəfli bağlanır. Hesabda vəsait ola-ola bunu edirlər. Ona görə ki, istifadəci məcbur olub telefon hesabına vəsait köçürsün. Bu, mobil operatorlar tərəfindən açıq şəkildə istehlakçıların hüquqlarının pozulması deməkdir. Deməyim odur ki, istədiklərini edirlər və buna görə operatorlara irad tutan, onları cəzalandıran yoxdur”.

Vidadi ORDAHALLI





phrase_var_article.chosen
64
baki-xeber.com

1phrase_var_article.sources