AZ

"Pezeşkian paniranistləri rejimə kömək etməyə çağırır" - Ekspert

İran Prezidenti Məsud Pezeşkian ABŞ-da iranlılarla görüşüb.O, ölkə daxilində böhranların davam edəcəyi təqdirdə artıq İran adında ölkənin mövcud olmayacağını bildirib.

 

“Ölkədə hər hansı hadisənin baş verəcəyi təqdirdə Kürdüstan, Azərbaycan, Sistan və Bəlucistan, Xuzistan özlərinin hökumətlərini quracaqlar”,- Pezeşkian deyib.

 

Pezeşkianın açıqlamasını Modern.az-a şərh edən Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, Pezeşkian İrana zərbənin kürdlərdən, türklərdən, bəluclardan və ərəblərdən gələcəyini bildirmək istəyir:

 

"İran Prezidenti Məsud Pezeşkianın açıqlaması İrana dəyə biləcək potensial zərbənin istiqamətlərini göstərir. Pezeşkian demək istəyir ki, İrana zərbə kürdlərdən, türklərdən, bəluclardan, ərəblərdən gələ bilər. Fars əyalətini, Tehranı, yaxud Xorasanı niyə demir? Bununla 4 əyalətdə yaşayan əsas etnik qrupların təhlükəli olduğunu çatdırmaq istəyir. Xaricdə olan İranpərəst qüvvələrə bu, bir ismarıcdır ki, İranda baş verən hadisələr ölkənin bölünməsinə səbəb ola bilər. Onları İran hakimiyyəti ətrafında toplaşmağa çağırışdır. Amma mövcud şəraitdə İranın parçalanması məsələsi beynəlxalq ictimaiyyətin gündəliyində görünmür. Əsas hədəf rejimi dəyişməsi, onun Yaxın və Orta Şərqdəki qüvvələrinin neytrallaşmasıdır".

 

S.Soltan söyləyib ki, Pezeşkian paniranistləri rejimə kömək etməyə çağırır:

 

"Xaricdə olan iranlıların böyük hissəsi panİranistdir. Məsələn şahçılar da, solçular da, sadəcə İranda rejimin dəyişməsini istəyir, onun parçalanmasını yox. ABŞ-də əsasən şahçılar yaşayır. Fikrimcə, bu, həm də şahçılara bir ismarıcdır ki, mövcud hakimiyyətlə əlaqələr qurulsun və əməkdaşlıq edilsin. Əks halda İran parçalana bilər".

Seçilən
13
modern.az

1Mənbələr