Mətbuatın ömrü olmur. Amma mətbuatın yaşı olur. Qocası var, cavanı var, yeniyetməsi var… Ancaq bizim bir el misalı var – filankəs bir igidin ömrünü yaşayıb. Bu gün Tribunainfo.az bir igidin ömrünə yaxınlaşır, düz 15 yaşına.
Ancaq bu igid, yaşı olmayan milli mətbuatın elə körpəliyini də, qocalığını da, dəliqanlılığını da yaşayır, müdrikliyini də. Əziz dostlar, baxmayın bu 15 yaşlı növcavana, mətbuatın o üzünü də, bu üzünü də görüb 15 yaşlı Tribunainfo.az. Di gəl, nə yorulmayıb, nə tükənməyib. Ona görə də bu gün 15 illik yubileyini qeyd edən Tribunainfo.az və onun təsisçisi Əlişir Əhəd hamının qarşısına üzüağ, alnıaçıq çıxır…
İndi isə tanış olun bizim 15 yaşlı mediamızla.
Tribunainfo.az 2009-cu ildə anadan olub. Eelektron mətbuatın yeni-yeni yarandığı ilk nümunələrdən biridir. Hələ onda ölkədə bu qədər sayt bumu yox idi. İndi maşallah, saytdan çox sayt var, amma Tribunainfo.az internet mediasının ilklərindən biridir. Və bu yolda Əlişir Əhədin rəhbərliyi altında 15 yaşına qədər bütün məhrumiyyətlərə sinə gərərək, ən ümidsiz vaxtlarda da, cibində bir qəpik olmayanda da yaşamağı bacardı. Bu gün də Tribunainfo.az məhdud və fədakar komandası, eləcə də məhdud maliyyə resursları ilə inkişafdadır, seçilir, güclənir, operativdir, müasir media trendləri ilə ayaqlaşır. Əgər bura qədər üzləşdiyi çətinliklərə baxmayaraq, böyük bir mətbu yol keçərək bu günlərə gəlib çata bilibsə, nəinki 15, 105 il də yaşaya bilər.
Tribunainfo.az kollektivi olaraq saytın rəhbəri Əlişir Əhədə və komandasına hər zaman belə dayanıqlı və güclü olmağı arzu edirik. Elə 15 illik yubileylə bağlı kollektivin içindən gələn bu arzuları bizimlə bölüşdüyünü deyən baş redaktor Əlşir Əhəd bildirir ki, biz Tribuna-nı 2009-cu ildən sözün tribunasına çevirə bilmişik. Ə. Əhədin sözlərinə görə, indiyə qədər məhdud heyət və məhdud maliyyə resursları hesabına qurduğumuz bu media orqanını yaşatmağa çalışmışıq:
“Əsas vəzifəmiz obyektiv və operativ xəbər vermək, dövlətin və xalqın milli maraqlarını informasiya cəbhəsində qorumaq, oxucularımızın arzularını ifadə etməkdir. Çox xoşbəxtəm ki, Tribuna ailəsi olaraq bu hədəflərimizin böyük bir hissəsinə çatmışıq.
Birincisi, izləyicilərimizi operativ xəbərlə təmin edirik. İkincisi, milli hədəflərimizə çatmışıq – Xankəndidə bayrağımız ucalır və bu xəbəri çatdırmışıq. Üçüncüsü, insanların istəklərini, problemlərini saytımızda işıqlandıra bilirik. Bu yolda mənə dəstək olan komandama, dostlarıma və dövlətimə minnətdaram.
Arzu edirəm ki, Tribuna xalqın və dövlətin tribunası olsun”.
Nigar