AZ

Deputat: “Azərbaycan dövləti işğalçı erməni vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edir”

“Artıq işğaldan azad olunmuş torpaqlarımıza həyat qayıdır”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O, Zəngilanın Ağalı kəndinin Böyük Qayıdışın ilk müjdəsi olduğunu, sonra Talış kəndinə, Laçın şəhərinə bir qrup əhalinin köçürüldüyünü, daha sonra Şuşaya, Füzuli şəhərinə, Laçının Zabux və Sus kəndlərinə qayıdışın baş verdiyini xatırladıb.

Bir neçə gün öncə isə Cəbrayıl şəhərinin 30 ildən sonra öz doğma sakinlərinə qucaq açdığını söyləyən deputat bildirib ki, bu gün Azərabycan dövlətinin əsas missiyası işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsi və keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını təmin etməkdən ibarətdir.

F.Yıldırım vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır: “Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastrukturun qurulmasından gedir. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Ötən dövrdə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Azərbaycan dövləti bu kimi amilləri nəzərə alaraq işğaldan azad edilmiş ərazilərin ölkənin digər bölgələrinə reinteqrasiyasına qısa müddətdə nail olunmasına güclü siyasi iradə nümayiş etdirir”. 

Milli Məclisin deputatı söyləyib ki, hazırda Böyük Qayıdışla bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı uğurla icra olunur: “İşğaldan azad edilmiş ərazilərimizin bərpası üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Azərbaycan bu işləri kənardan heç bir yardım olmadan, öz gücü ilə həyata keçirir. Hər il bu məqsədlə milyardlarla manat vəsait ayrılır. İşğaldan azad edilmiş ərazilərimizin dirçəlişi hər birimizin ümummilli məqsədimiz və vəzifəmizdir. “Böyük Qayıdış” məqsədimizə daha tez nail olmaq üçün güclərimizi birləşdirmək, görülən işlərə dəstək vermək olduqca önəmlidir. Dünya təcrübəsi də göstərir ki, postmüharibə dövründə yenidənqurma işlərinin daha tez və effektiv formada aparılması yalnız birlik və həmrəylik nəticəsində mümkündür. Mən bu prosesdə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək istəyirəm. Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə dini, tarixi və mədəni abidələrin bərpasında və yenidən qurulmasında çox yaxından iştirak edir. Bu gün Şuşada və Ağdamda görülən işlər də buna əyani sübutdur. Bununla yanaşı, dövlətimizin başçısının Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu da işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işinə öz töhfələrini verməkdədir. Qarabağ Dirçəliş Fondu yarandığı vaxtdan indiyə qədər bir sıra önəmli layihələr, təqdimatlar həyata keçirib”.

“Biz qəti əminik ki, Azərbaycan dövləti və xalqı işğalçı erməni vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edəcək, Qarabağ və Şərqi Zəngəzur yenidən Vətənimizin ən inkişaf etmiş dilbər guşələrindən birinə çevriləcək”, - deyə Fatma Yıldırım vurğulayıb.

 

Sadiq Cavadov

Seçilən
10
iqtisadiyyat.az

1Mənbələr