AZ

7 nəfərə qarşı dələduzluq edənlər məhkəmə zalında həbs edildi 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilən 3 nəfərə hökm oxunub.

"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxslər- Oruc Mehdiyev, Murad Ağayev və Sənan Səlimov son sözlə çıxış edib əməllərindən peşman olduqlarını və onlara  yüngül cəza verilməsini xahiş etdilər. Hakim Mahmud Ağalarov müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən Oruc Mehdiyev 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə 7 il müddətinə, Murad Ağayev 178.2.1 və 178.2.4- cü (bir qrup şəxs tərəfindən xeyli miqdarda dələduzluq etmə) maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə zalından həbs edilib, Sənan Səlimov isə 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dərhal məhkəmə zalından həbs edilib. Onlar barəsində başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. 

Xatırladaq ki, Oruc Mehdiyevin vəkili Rəşad Mirmehdizadə ötən məhkəmə prosesində çıxış edib: "Oruc Mehdiyev bir neçə dələduzluq epizodları ilə bağlı təqsirləndirilir. Şikayətçilərin bir çoxu şikayətlərini geri götürüblər. Anar Nəbiyevin epizodu ilə bağlı iş məhkəməyə gəlib. Bir məhlə də yaşayıblar, Oruc Mehdiyev Anardan bir neçə faizə pul götürüb və qaytarıb.  Anar Nəbiyev 22 dəfəyə 82 min manat pul və maşınını verdiyini ifadəsində qeyd edib. Oruc Mehdiyev barəsində 178.2- ci maddəsi ilə cəza təyin etməyinizi xahiş edirəm. 
Digər təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinə bəraət istəyiblər.

Zərərçəkən şəxs Anar Nəbiyev isə faizə pul verən şəxs olduğunu inkar etdi:  "Mən ömür boyu kiməsə faiz verməmişəm. Kiməsə mən borc vermişəm, iş görüb pul qazanıblar və mənə də xeyirdən qazanc veriblər".

Qeyd edək ki, cinayət işində 7 nəfər şəxs zərərçəkmiş şəxs qismində tanınıb.

Seymur Əli

Seçilən
67
46
unikal.az

10Mənbələr