AZ

ABŞ rəsmilərinin son bəyanatları bu ölkənin sülhə sadiqliyini şübhə altına alır

Azərbaycan suverenliyi hüquqi çərçivədə tam bərpa olunub, lakin bəzi güclər Qarabağ bölgəsinin regionun siyasi xəritəsində ən gərgin məkanlardan biri kimi qalmasına çalışır. ABŞ Dövlət katibinin köməkçisi Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında ABŞ tərəfinin “Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi” barədə fikirlərinin əks olunduğu 1 oktyabr tarixli bəyanatı fonunda ABŞ-ın münaqişəyə yanaşmasının beynəlxalq hüquq və geosiyasi reallıqlar kontekstində ciddi təhlilinə ehtiyac var.

Amerika rəsmi nümayəndələrinin bu cür bəyanatları Ermənistana birtərəfli dəstəyin təzahürü kimi qəbul edilə bilər. Beynəlxalq hüquq baxımından münaqişənin bütün tərəflərinin öz hərəkətlərinə görə məsuliyyət daşıması prinsipial məsələdir. Azərbaycanlıların kütləvi köçkünlük, etnik təmizləmə və digər insan hüquqları pozuntuları ilə üzləşdiyi tarixi şəraiti nəzərə alsaq, belə birtərəfli mövqe ABŞ diplomatiyasının obyektivliyini şübhə altına almaqla yanaşı, səmərəli dialoq və barışıq imkanlarını da sarsıdır. ABŞ uzun illərdir ki, Ermənistanın hərəkətlərini fəal şəkildə pisləməkdən kənarda qalıb və bu, rəsmi Vaşinqtonun Azərbaycan xalqının iztirablarına məhəl qoymadığı təəssüratı yaradıb. Eyni zamanda, ABŞ-nin Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi irimiqyaslı cinayətlərə susması onun insan hüquqlarına və humanitar normalara yanaşmasında açıq-aşkar disbalansdan xəbər verir. 

Bölgədəki geosiyasi vəziyyət isə daha balanslı və konstruktiv yanaşma tələb edir. Böyük dövlətlərin maraqlarının kəsişməsində olan Qarabağ regionu təkcə ərazi deyil, həm də təsir mübarizəsi üçün potensial arenadır. ABŞ-nin münaqişə tərəflərindən birinə dəstək verməsi yalnız ziddiyyətləri daha da gücləndirə və onsuz da çətin olan beynəlxalq vəziyyətdə əlavə çəkişmələr yarada bilər.

Bundan əlavə, bu cür hərəkətlər qonşu dövlətlərin cavab tədbirləri görməsinə səbəb ola bilər ki, bu da münaqişənin daha da kəskinləşməsinə və gərginliyin artmasına gətirib çıxara bilər. Nəticə təkcə iştirak edən tərəflər arasında ziddiyyətlərin dərinləşməsi deyil, həm də bütövlükdə Qafqazda təhlükəsizliyə potensial təhlükələr ola bilər ki, bu da beynəlxalq ictimaiyyətdən daha balanslı yanaşma tələb edir.

Beynəlxalq hüquqa əsasən, münaqişənin bütün tərəfləri, mülki şəxslərin müdafiəsi də daxil olmaqla, humanitar qanunlara hörmət etməyə borcludurlar. Lakin bir tərəfin beynəlxalq ictimaiyyətdən açıq dəstək alması, digər tərəfdə inamsızlıq və məyusluğa səbəb olur və münaqişənin sülh yolu ilə həlli axtarışlarını daha da çətinləşdirir.

Regionda sabitliyi təmin etmək üçün ədaləti və şəffaflığı, ilk növbədə, Ermənistandan və onun havadarlarından tələb etmək lazımdır. Tərəflərdən birinin pozuntularına məhəl qoymamaq və ya onları kiçiltmək cəhrləri beynəlxalq hüququn prinsiplərini pozmaqla yanaşı, sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan beynəlxalq təşkilatların nüfuzunu sarsıldır. Bu, beynəlxalq ictimaiyyətdən, o cümlədən ABŞ-dən daha konstrukriv yanaşmanı və statusundan və geosiyasi maraqlarından asılı olmayaraq bütün günahkarları məsuliyyətə cəlb etməyə hazır olmasını tələb edir.

ABŞ-nin Qarabağ bölgəsində qərəzli və birtərəfli dəstəyə əsaslanan yanaşması münaqişənin sülh yolu ilə həllinə sadiqliyini və beynəlxalq hüquqa hörmətini şübhə altına alır. Müasir geosiyasi reallıqlar kontekstində konstruktiv dialoqun və bütün tərəflərin qarşılıqlı fəaliyyətinin zəruriliyi gələcəkdə eskalasiyanın daha da artmasının qarşısını almaq və bütün iştirakçı tərəflərin maraqlarını nəzərə alan ədalətli həlli təmin etmək üçün vacibdir. Yalnız belə yanaşma regionda uzunmüddətli sülh və sabitliyə, eləcə də xalqlar arasında etimadın bərpasına töhfə verə bilər.

Masil DƏMİROV 
Beynəlxalq əlaqələr üzrə analitik

phrase_var_article.chosen
68
xalqqazeti.az

1phrase_var_article.sources