AZ

Vüqar Gülməmmədov: Ekoloji auditlərin keçirilməsi qlobal çağırışlardan irəli gəlir

Vüqar

Bakı, 3 oktyabr, AZƏRTAC

Ali Audit Orqanlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun İllik toplantısının Bakıda məhz bu il keçirilməsi Hesablama Palatasının məsuliyyətini artırmaqla bu tədbirdən gözləntilərin reallaşması üçün toplantı iştirakçıları ilə birgə daha təsirli fəaliyyətləri zəruri edir.

AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən Ali Audit Orqanlarının Avropa Təşkilatının Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, toplantının əsas müzakirə mövzusu “Ekstremal hava hadisələri və hazırlıq strategiyaları”dır və sözügedən təbii fəlakətlərin qarşısının alınması, nəticələrinin aradan qaldırılması sahəsində mütəmadi təcrübə və bilik mübadilələrin aparılması mühüm əhəmiyyət kəsb edir. Sədr, həmçinin vurğulayıb ki, toplantı ətraf mühitlə bağlı problemlərin həllində Ali Audit Orqanlarının (AAO) rolununun artırılmasına xidmət edəcək.

“Ekoloji auditlərin keçirilməsi qlobal çağırışlardan irəli gəlir. AAO-ların dövlət maliyyəsinin idarəedilməsinə nəzarətdə oynadıqları rol ənənəvi fəaliyyətlərin keçirilməsi ilə yanaşı, qlobal çağırışlardan irəli gələn məsələlərin audit mövzularına çevrilməsinə səbəb olur. Qeyd edilən mövzular arasında öndə olanlardan biri də təbii ehtiyatların və ətraf mühitin idarə edilməsidir. Bu fəaliyyətin həyata keçirilməsi böyük vəsaitlərin ayrılmasını tələb edir ki, bu da həmin vəsaitlərin məqsədyönlü istifadəsi, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində AAO-ların mühüm iştirakını qaçılmaz edir. Ətraf mühitlə bağlı məsələlər uyğunluq və maliyyə auditləri ilə əhatə edilə bilsə də, səmərəlilik (performans) auditi ön plana çıxır. Hesablama Palatasının 2021-2025-ci illəri əhatə edən Strateji Planının hədəflərdən biri də performans auditinin əhatə dairəsinin artırılması ilə bağlıdır. Ətraf mühit sahəsində aparılan səmərəlilik auditlərinin mövzuları arasında “Suvarma suyundan səmərəli istifadənin qiymətləndirilməsi”ni, ““Pirşağı” çirkab sularının təmizlənməsi qurğusu” layihəsinin səmərəliliyinin qiymətləndirilməsi”ni, “Meşələrin İnkişafı Xidmətinin fəaliyyətinin səmərəlilik auditi”ni, “Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi”ni, “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi”ni vurğulaya bilərəm. Qeyd olunanlardan son 2-si 2024-cü ilin İş Planına aiddir və yekunlaşdırıldıqdan sonra ictimaiyyətə məlumat verilməsini nəzərdə tuturuq”, - deyə Vüqar Gülməmmədov vurğulayıb.

Palata sədri əlavə edib ki, 100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri COP29-da açıqlanacaq: “Məlum olduğu kimi, INTOSAI-a hazırda sədrlik edən Braziliya AAO-su, İNTOSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupu ilə birlikdə ekspertlərin və beynəlxalq təşkilatların (BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA), Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP) və s.) dəstəyi ilə İqlim Skaneri adlı təşəbbüsə başlayıb. İqlim Skaneri aləti 100-dən çox AAO tərəfindən iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumət tərəfindən görülən işlərin qiymətləndirilməsini nəzərdə tutur. Hazırkı tarixə müxtəlif AAO-lar, o cümlədən Hesablama Palatası tərəfindən aparılan qiymətləndirmənin nəticələri icmallaşdırılması üçün müvafiq sistemə daxil edilib. Həmin məsələdən irəli gələrək COP29 çərçivəsində noyabrın 14-də Hesablama Palatası və INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbir keçiriləcək. Tədbirin beynəlxalq qurumlar, hökumət, parlament təmsilçiləri ilə yanaşı, bu sahədə böyük audit təcrübəsinə malik bəzi xarici ölkələrin AAO-larının nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur”.

Seçilən
61
azertag.az

1Mənbələr