Kulis.az Sülhiyyə Şirinovanın "Evli kişini sevən qadın" hekayəsini təqdim edir.
- Xanım, sizə nəsə gətirim? Çay, kofe?
Ofisiantın səsi onu fikirdən ayırdı.
-Yox, sağ olun! Mən... dostumu gözləyirəm…
Onun çaşqınlığını görən gənc oğlan üzrxahlıq edib getdi.
“Dostum” nəydi? Hələ sən tanımadığın bu gəncə kimi gözlədiyini deyə bilmirsən - fikrindən keçirdi və hətta bir az utandı da. Onu tanımayan bir gəncə gözlədiyi adam haqqında “həyat yoldaşım” deyə bilməzdi. Hətta tanımadığı adama belə yalan danışa bilməzdi. “Sevgilim” desə, Allah bilir bu gənc nə düşünərdi onun haqqında.
Dodağına istehzalı bir təbəssüm qondu - 25 ildir bu münasibətə bir ad qoya bilməmişdilər... Doğrudan, bayaqdan bu restoranın küncündə, hər kəsin gözündən uzaq bu masa ətrafında oturub gözlədiyi adam onun nəyiydi?! İnsanların bir yaxınlıq, qohumluq dərəcəsi olur axı. Qardaşı, bacısı, əmisi oğlu, xalası qızı, iş yoldaşı, əsgərlik yoldaşı, həyat yoldaşı, nişanlısı, lap bayaq bu üzügülər, mədəni ofisianta dediyi kimi “dostu”. Amma 25 ildir tanıdığı, ürəyini, həyatını, bədənini, illərini verdiyi ən doğması bildiyi, bəlkə də, bir an düşünmədən həyatını qurban verəcəyi bu adamı ilk dəfə gördüyü, bəlkə, bir daha görməyəcəyi 20-22 yaşlı bir gəncə necə təqdim edəcəyini bilməmişdi…
Telefonun ekranına baxdı. Düz 15 dəqiqədir gecikir. Bugünkü günün həyəcanından yarım saat öncə gəldiyini də nəzərə alsaq, 45 dəqiqədir sevdiyi kişini gözləyirdi. Bəlkə, gəlməyəcək? İlk dəfəsi deyil ki. Tez beynindən onu kədərləndirən fikirləri qovdu: yox, bu gün fərqlidi - bu gün onun ad günüdür. Özü də düz 45 yaşı olur. 25 ili sevdiyi kişini gözləməklə keçən 45 yaşı!.. Aylardır bu görüşə hazırlaşıblar. Restoranda qeyd edəndən sonra birbaşa evə gedəcəkdilər. Bu gecəni onunla qalacaqdı. Aylar yox, elə illər sonra onun yanında qalacaqdı. Sonuncu dəfə 2 il öncə Türkiyəyə birgə getmişdilər və düz 3 gecə bir yerdə qalmışdılar. Bu 25 ilin ən xoşbəxt 3 gecəsi!.. Qadının sevdiyi adamdan ötrü darıxanda ilk xatırladığı anlar da Türkiyədə keçən bu günlər idi.
Bugünkü görüşün planını da həftələrdir qurmuşdular. Telefonda uzun-uzun müzakirə etmişdilər. Bütün olar-olmazları düşünərək, ən pis variantları gözə alaraq… Bu gün onları heç kim ayıra bilməzdi, heç kim!..
Qadın tezdən salona getmişdi. Artıq dibləri ağaran saçını rənglətmiş, ustaya yığdırmış, üzünü bəzətmişdi. Sonra evə gəlib kişinin ən çox sevdiyi çəhrayı rəngli, kürəyi bir az açıq donunu geymişdi. Bu don, həqiqətən ona çox qəşəng yaraşırdı. Bədəninə çox mütənasib otururdu və çox cazibədar görünürdü - münasibətinin adını qoya bilmədiyi “dost”unun sözü ilə desək, təhlükəli dərəcədə cazibədar!.. Üzünü görməsən, bədən formasından 25-27 yaşdan çox verməzdin. Kişinin onu dərin bir heyranlıqla süzəcəyini xəyal edərək, özünü çox xoşbəxt hiss edirdi.
Tez-tez güzgüyə baxıb əlini saçına, üzünə aparırdı. Zaman keçdikcə gözlərinə bir kədər, üzünə dalğınlıq qaçırdı. Saat sanki irəliləmək bilmirdi. Həmişə belə olur. Onu gözləyəndə saniyələr dəqiqə, dəqiqələr saat kimi gəlir. 25 ilin o qədər günündə belə gözlədiyi olmuşdu ki… O ya gec gəlmişdi, ya da, ümumiyyətlə, gəlməmişdi. Ya hansısa restoranda ya evdə belə bəzəkli süfrənin arxasında oturub gözləmişdi onu. Gəlməyəcəyini bilə-bilə. Gələcəyinə inana-inana. Hər dəfəsində bir işi çıxmışdı kişinin: “Bilirsən, bu gün işdən çıxa bilmədim”,“bu gün dostumun toyudur”, “bu gün yoldaşımı xəstəxanaya apardım”, “bu gün qaynanam əməliyyat olundu”, “bu gün ata oldum, oğlum dünyaya gəldi”, “bu gün oğlumu peyvəndə aparmışdıq”, “bu gün qız atası oldum”... İllər keçdikcə təxirə salınan görüşlərin səbəbləri də dəyişirdi: “oğlum ali məktəbə girdi”, “qızıma elçi gəlirlər”, “bir dostum rəhmətə gedib”...
Dəyişməyən bir şey vardı - həmişə təxirə salınan tərəf, seçilməyən tərəf qadın olurdu…
Bütün bu yaxşı-pis hadisələr elə bil qəsdən qadınla görüşün gününə düşürdü. Həftələrlə, aylarla sevdiyi adamın üzünü görə bilmirdi. Evinin eyvanındakı dolabda yarımçıq yanmış nə qədər qırmızı şam vardı. Paltar dolabında boyunu sevə-sevə aldığı, amma bircə saat geyindiyi paltarları təzə-təzə yaşlanmışdı. Neçə dəfə bəzədiyi süfrəni kişinin “gələ bilmirəm” mesajından, zəngindən sonra hönkürərək üstündəki yeməklərlə bərabər hirslə dartıb yerə salmışdı. Sonra özünü elə bəzəkli-düzəklicə yatağa atıb, yastığı ağzına basaraq bütün səsi ilə hönkürmüşdü... Bütün bu ağrıları, həsrəti tək yaşamışdı - telefonun o başındakı kişiyə hiss elətdirmədən. Bəlkə buna görəydi, kişi qadının ağrısını duymadan hər dəfə bu hərəkəti təkrarlamışdı.
Qadın hər dəfə özünə söz vermişdi: Bitdi! Elə günü sabahdan ayrılacaq ondan, onu bəyənən biri ilə özünə yeni həyat quracaq. Hətta bir neçə dəfə onu sevənlərə şans vermək istəmişdi. Amma bu sevmədiyi kişilərlə üzbəüz bir masada oturmağa belə dözüm göstərə bilməmişdi. Elə bilmişdi onu boğurlar, elə bilmişdi, dünyanın ən böyük xəyanətini edir. Durub arxasına baxmadan qaçmışdı ordan.
Tanış olanda qadının 20 yaşı vardı. Gənc, zərif və gözəl qız idi. Lap hind kinolarındakı kimi tanış olmuşdular - yolu baxmadan keçəndə, son anda kimsə onun qolundan çəkib, maşının altına düşməkdən xilas etmişdi… Bu yaraşıqlı gəncə ilk baxışdan vurulmuşdu qız. Sonra yaxınlıqdakı kafeyə aparmışdı onu oğlan. Çay almışdı, qızın həyəcanı keçənədək gözləmişdi. Tanış olmuşdular. Öncə dost kimi görüşmüşdülər, zamanla hər ikisi bağlanmışdı bir-birinə. Aylar sonra qız oğlanın evli olduğunu bilmişdi. Darmadağın olmuşdu bu xəbəri eşidəndə. Cəmi 3 ay ayrı qala bilmişdi oğlandan. Sonra heç ayrılmamışdılar. Nə vaxtsa onun qadını, evinin xanımı olacağının xəyalı ilə günləri aylarla, ayları illərə əvəzləmişdi qadın. Öz sevgisinə tutunmuşdu. Bir də, kişinin onu sevdiyinə inanmışdı. Şəhərdəki bütün gəlinlik dükanlarının geyinib-gecinmə otaqları görmüşdü qadının bədənini. Geyinib güzgüdə özünə baxıb gözəlliyinə qürrələnmiş, amma bəxtinə də köks ötürmüşdü qadın... Buradakı satıcıların hamısına yalan danışmışdı - nişanlısıyla gəlib bu gözəl gəlinliyi alacaqdı guya.
Ailəsi dəfələrlə “evlən” desə də, qadın hər dəfə kimisə sevmədiyini, sevmədən ailə qurmaq istəmədiyini demişdi. Sonra özünə ev alıb çıxmışdı ata evindən. Bircə nənəsi duymuşdu onun ağrısını. Özgə evində yanan çıraqdan sənin evinə işıq düşməz bala, özünə vaxtında ailə qur - demişdi. Bir gün o çırağın öz evində yanacağına ümid edə-edə 25 ili beləcə həsrətlə yola salmışdı qadın.
Bəlkə, bətnində öldürdüyü körpələrin ahı tutmuşdu onu. Bu 25 ildə neçə körpənin qatili olmuşdu qadın. Kişi istəməmişdi uşağı olsun. Biz bir-birimizi sevirik, bu bizə yetər - demişdi. Bir neçə həftəlik, bir neçə aylıq analıq duyğusu yaşamışdı. Hər dəfə abort stolundan düşüb evə gələndən sonra günlərlə yatağında hönkürmüşdü. Yuxuya gedən kimi körpə çığırtısına dəli-dəngəsər ayılmışdı. Durub evdə körpə axtarmışdı. Günlərlə bu itkinin ağrısını tək yaşamışdı, kişiyə heç nə bildirmədən. Sonra geyinib, üzünə xoşbəxt qadın maskasını taxıb kişinin görüşünə getmişdi.
Bu gün isə ayrı duyğularla, böyük ümidlə gəlmişdi bura. Beynində çıxışını da hazırlamışdı: “Əzizim, sənin mənə ən böyük hədiyyən özünsən. Artıq mənim olmağının, biz olmağımızın vaxtı gəlməyibmi, səncə! Uşaqlarını da yerbəyer eləmisən. 45yaşımın, 25 illik sevgimin, sadiqliyimin mükafatı olaraq səni istəyirəm. Bu həm də sənin 50 illik yubileyinə hədiyyə olar. Mənimlə evlənərsən”? Kişi öncə təəccüblənəcəkdi. Bir az susacaqdı. Sonra üzünə çox yaraşan təbəssümü ilə gülümsəyib, gözlərini hər zamankı kimi azca qıyıb “Əlbəttə, əzizim!” - deyəcəkdi. Qadın restoranda o boyda adama əhəmiyyət verməyərək, yerindən qalxıb hamının içində kişinin boynunu qucaqlayacaqdı, üzündən öpəcəkdi. Hə, məhz belə olacaqdı hər şey, belə olmalıydı. Bu qadının qərarıydı, xəyalıydı, ümidiydi. Bu gün burda bir final olacaqdı. 25 illik sevgi, həsrət, fədakarlıq, ağrı dolu bir filmin xoş bir finalı olmalıydı. Qadın qərarlıydı. Bu gün hər şey bitməliydi - özü də xoş bitməliydi. İkinci variantı düşünməmişdi qadın. Düşünmək istəməmişdi.
Bir saat keçdi. Kişidən xəbər yox idi. Ofisiant oğlan hərdən ona tərəf gəlsə də, masasına yaxınlaşmırdı. Gəncin gözündə etirazdan çox, mərhəmət hissi vardı. Bunu hiss edən qadın tıncıxdı. Əlini telefona atıb zəng etmək istəyəndə, kişidən mesaj gəldi: “Əzizim, bilirsən mən baba olmuşam. Məni bağışla, bayaqdan xəstəxananın önündəyəm. Bu gün gələ bilməyəcəm. Bu xəbərin səni də çox sevindirdiyini bilirəm. Təbrik edirəm ad gününü. Söz, bu günün əvəzini qat-qat çıxacam”.
Gözləri doldu. Əlləri əsə-əsə cavab yazdı: “Təbrik edirəm, əzizim. Narahat olma. Gözün aydın”!
Mesajı göndərən kimi ovuclarını ağzına tutub hönkürdü. Bayaqdan onu müşahidə edən ofisiant tez qadına yaxınlaşdı: “Xanım, nəsə hadisə olub”?!.
Qadın hönkürtülü bir səslə, amma pıçıltıyla dilləndi: Bitdi! Bitdi! Bitdi!
Və sürətli addımlarla restoranı tərk elədi…