Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.
Teleqraf.com xəbər verir ki, sərgi çərçivəsində oktyabrın 2-də Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) tərəfindən nəşr olunan görkəmli qazax yazıçısı və ictimai xadimi Kemel Tokayevin (1923-1986) Azərbaycan dilinə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən TMİF-in prezidenti Aktotı Raimkulova müharibə əleyhinə qələmə alınan, insanları sülhə səsləyən “Xüsusi tapşırıq” kitabının “Türk ədəbiyyatının inciləri” seriyasından çap olunduğunu bildirib.
“Qazax ədəbiyyatının detektiv janrının banilərindən olan Kemel Tokayev türk mədəniyyətinin və söz sənətinin inkişafına böyük töhfələr verib. O, yazıçılıq fəaliyyəti ilə yanaşı, jurnalistika ilə də məşğul olub, publisistik əsərlərində Qazaxıstanın mühüm mədəni və sosial məsələlərini işıqlandırıb. Bu nəşr fondun görkəmli yazıçının zəngin yaradıcılığının öyrənilməsinə və ədəbi irsinin təbliğinə verdiyi töhfədir. Ümid edirik ki, bu nəşr gələcək nəsillər üçün vacib bir qaynaq olacaq”, – deyə o əlavə edib.
Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev bildirib ki, Kemel Tokayev hər bir əsərini arxiv məlumatlarına, etibarlı mənbələrə əsaslanaraq qələmə alıb: Bu gün eyni zamanda Türk dünyasının məşhur yazıçısı Kemel Tokayevin doğum günüdür. Bu əlamətdar gündə Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində nəşrin təqdimatı böyük əhəmiyyət kəsb edir”. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar Qazaxıstanı çox sevdiyini, görkəmli yazıçı Abay haqqında məqalə yazdığını vurğulayıb. O eyni zamanda Kemel Tokayevin yaradıcılığına böyük hörmət bəslədiyini qeyd edib. AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev "Xüsusi tapşırıq" kitabının Azərbaycan dilində nəşr olunmasının əhəmiyyətini yüksək qiymətləndirib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa da kitab və onun müəllifi haqqında söz açıblar.
Qeyd olunub ki, bu kitab yerli oxucuların Kemel Tokayevin yaradıcılığı ilə tanışlığına imkan yaradacaq. Kitabın layihə rəhbəri və ön sözün müəllifi TMİF-in prezidenti Aktoti Raimkulova, tərcüməçisi Rǝbiqə Nazimqızı, redaktoru Əkbər Qoşalıdır.